3 milyarda 19 min iş yeri

3 milyarda 19 min iş yeri

Azərbaycan 2020-ci ilədək ümumi daxili məhsulu (ÜDM) 605 milyon manat artırmağı düşünür.

Hökumətin ən son açıqladığı Azərbaycanda logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi-ndə belə qeyd edilir.

Yol xəritəsi ümumilikdə üç strateji hədəf müəyyən edib. Həmin hədəflərə nail olunmasından ötrü 20-dən artıq fəaliyyətin həyata keçirilməsi nəzəırdə tutulub.

Hədəflər

Başlıca strateji hədəf Azərbaycan üzərindən ticarət həcminin artırılmasından ötrü əlverişli mühitin yaradılmasını nəzərdə tutur. Məqsəd Azərbaycanın regional əhəmiyyətli logistika və ticarət qovşağı kimi aparıcı mövqeyinin gücləndirilməsidir.

Yol xəritəsində 2020-ci ilədək Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı kompleksi və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin tamamlanması da planlaşdırılır.


Bakı-Tbilisi-Kars dəmiryolu xətti

Yol xəritəsinin ikinci strateji hədəfi tranzit ticarətindən daha yüksək dəyərin əldə edilməsidir. Bu hədəfə çatmaqdan ötrü Bakı regional əhəmiyyətli ticarət qovşağına çevrilməli, ticarətyönümlü emal, ölkənin müxtəlif yerlərində logistika və ticarət mərkəzləri yaradılmalıdır.

Sonuncu strateji hədəf logistika və ticarət sahəsində məqsədlərin gerçəkləşdirilməsindən ötrümühüm hərəkətverici mexanizmlərin tətbiqi ilə bağlıdır. Sənəddə logistika sahəsində özəl sektorun iştirak səviyyəsinin yüksəldilməsi planlaşdırılır.

Hökumət hesab edir ki, bu fəaliyyətlərin reallaşdırılması nəticəsində bilavasitə bu sahədə ümumilikdə 18900 yeni iş yeri yaradılacaq.

3 milyard 160 milyon investisiya

Bu sənədin reallaşdırılmasından ötrü azı 3 milyard 160 milyon manat investisiya tələb olunur. Bu vəsaitlərin dövlət büdcəsi, büdcədənkənar fondlar və Azərbaycan İnvestisiya Şirkətinin vəsaitləri hesabına təmin olunması nəzərdə tutulur.

Xatırlatma

Ötən il dekabr ayının əvvəli hökumət «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi»ni açıqlayıb. Həmin sənəd ümumilikdə 12 yol xəritəsindən ibarət idi.

Bunun ardınca maliyyə, kommunal xidmətlərinin, rabitə sektorunun, kənd təsərrüfatının, sahibkarlığın, ixtisaslaşmış turizm sənayesinin, ağır sənayenin və uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.