Abbas Abbasov gizli toplantılar keçirir

Abbas Abbasov gizli toplantılar keçirir

Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun son aylar yenidən siyasi səhnədə fəallaşması haqda xəbərlər yayılıb. Məlumatlarda qeyd olunur ki, Moskvadakı və Bakıdakı tərəfdarlarını başına toplamağa cəhd edən A.Abbasov 2018-ci ildə mütləq Azərbaycana qayıdacağı və seçkilərdə iştirak edəcəyi mesajını verib.

Vizual.az xəbər verir ki, "Yeni Müsavat” qəzetinin yazdığına görə, Rusiya Azərbaycanlılarının Federal Milli Muxtariyyətinin rəsmi saytı Vladimir Putinin A.Abbasova məktub yazdığı barədə xəbər yayıb. Kremlin mətbuat xidmətinə istinadən yayılmış məktubda bildirilir ki, Rusiya prezidenti Vladimir Putin Sahibkarlığa Dəstək Fondunun direktoru Abbas Abbasova "fəal ictimai fəaliyyətinə və Rusiyada sahibkarlığın inkişafına göstərdiyi dəstəyə görə” təşəkkür edib.

Putinin təşəkküründən "AzerRos”un prezidenti Mehriban Sadıqova geniş məktub hazırlayıb və A.Abbasovun Rusiya-Azərbaycan əlaqələrinin inkişafında fəaliyyəti geniş təhlil olunub. Məktubda diqqətçəkən bir məqam da var. "AzerRos”un prezidenti yazır ki, "Rusiya prezidentinin Abbas Abbasova məktubu ona və onun əqidə dostlarına ciddi mənəvi dəstəkdir”.

Rusiyadakı Azərbaycan diasporasındakı bir mənbə qəzetə deyib ki, A.Abbasov təcili olaraq regional diasporların iclaslarını keçirməklə bağlı göstəriş verib. Artıq bir neçə regionda bu cür toplantıların keçirilməsi barədə xəbərlər var. A.Abbasov regiondakı adamları vasitəsilə "diaspora liderinə” çevrilmək niyyətindədir. Mənbə deyib ki, son olaraq Samarada "Abbas Abbasovun ətrafında birləşək” niyyəti ilə toplantı olub. Bildirilir ki, sabiq vitse-primyer Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvindən sonra Rusiyada "azərbaycanlıların nicatı” statusuna iddialıdır. Böyük ehtimalla A.Abbasov yaxın müddətdə "Azərbaycan diasporasının təkidi” ilə yenidən rəsmi olaraq fəaliyyətə başlayacaq. Onun "AzerRos”a Ağsaqqallar Şurasının sədri kimi qayıdacağı, ilin sonunda isə ümumiyyətlə təşkilata rəhbərlik edəcəyi deyilir.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.