“Asena” Rusiya şirkətinə də “atıbmış”? – İDDİALAR

“Asena” Rusiya şirkətinə də “atıbmış”? – İDDİALAR

Adı qalmaqalla gündəmə gələn "Asena” şirkətinin məhkəmə qərarını da icra etmədiyi üzə çıxıb. Məlum olub ki, 2013-cü ildə Rusiyanın "Renessans Kosmetik” şirkəti "Asena” şirkətinə qarşı iddia ilə çıxış edib. Belə ki, Rusiya şirkəti "Asena” şirkətinə dəyəri bir neçə yüz min manatla ölçülən kosmetik mallar göndərib.

"Asena” şirkəti isə malların don vurmuş olduğunu göstərərək pulu ödəməkdən imtina edib. Məsələ məhkəməlik olub. Bir neçə il davam edən məhkəmə çəkişmələrindən sonra Azərbaycan Ali Məhkəməsi son olaraq "Asena” şirkətinin qarşı tərəfə malların dəyərini ödəməli olduğunu öz qərardadı ilə təsdiq edib. 2013-cü ilin dekabrında çıxarılan qərardad bu günə qədər icra edilməyib. "Asena” şirkəti Ali Məhkəmənin müvafiq qərardadını icra etməkdən yayınır. 3 ildir ki, Nəsimi rayon İcra Şöbəsinin məmurları da Ali Məhkəmənin qərardadını şübhəli şəkildə icra etmirlər. İcra şöbəsinin məmuru Tural Məmmədov 2013-cü ildən bu yana "Asena” şirkətinin rəhbəri Sevda Nəcəfovaya dəfələrlə müraciət edərək qərardadın icra olunmasını tələb edib. Amma qərardadın icra olunması əvəzinə S.Nəcəfova Ədliyyə Nazirliyində məsələnin "həlli” üçün tərəfdaşlar axtarıb. Şirkət rəhbərinin istəyinə çatmaq üçün böyük məbləğdə pul xərcləməyə də hazır olduğu haqda xəbərlər də var...

Yada salaq "Asena” şirkətinin adı bir neçə il əvvəl gündəmə Azərbaycandakı məşhur otellərə saxta mal satan şirkət kimi gəlmişdi. Həmin dövrdə lent.az saytında http://news.lent.az/news/105767"Asena” MMC-nin inanılmaz fırıldağı” səhlövhəli yazı dərc olunmuşdu.

Yazıdan sitat:

"Sumqayıt şəhərində yerləşən "RJ-Xmikal” MMC maye sabun, qabyuyan şampun və saç üçün şampun istehsal edir, bu şampunları Bakıda yerləşən "Asena” MMC 200, 100 litrlik qablarda alır, beş litrlik qablara doldurur, üstünə "Jiznenaya sila” etiketləri vuraraq, Azərbaycanın məşhur otellərinə satır”. Lent.az-ın verdiyi məlumata görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsinin aparıcı məsləhətçisi Aftandil Muradxanov söyləyib. O bildirib ki, "Jiznenaya sila” etiketli malları Rusiyanın "Terem” ASC şirkəti istehsal edir: "Əvvəllər "Asena” MMC-nin "Terem” şirkəti ilə müqaviləsi olub, bu mallar gətirilib. Ancaq indi Rusiya şirkətindən bu malları almır, "RJ-Xmikal”-ın məhsullarını bu etiketlə satır. "Asena” otellərə maye sabunlar, duş gelləri satıb. Bunların da tərkibi məlum deyil. Bu məhsullar laborator analizə verilib. Analizin nəticələrindən asılı olaraq hüquq-mühafizə orqanlarına da müraciət edilə bilər”.

"Asena” şirkəti Azərbaycanda 15-dən artıq xarici brend şirkətlərinin rəsmi nümayəndəsidir. Bundan əvvəl şirkətin adı Bakıda insan orqanizmi üçün ziyanlı olması iddia edilən sellofon torbaların alqı-satqısı ilə məşğul olmasında hallanıb. Məişət və digər tullantıların təkrar emalından alınan torbaların yalnız zibil daşınması üçün istifadə edilməsi məsləhətli olub. Həmin torbalar müştərilərə təslim edilərkən onlar bu haqda məlumatlandırılmayıblar.

Belə torbaların məişətdə istifadəsinin hətta ağır nəticələrə səbəb ola bilməsi ehtimalı da çox böyük olub. "Asena” şirkətinin sahibi Sevda Nəcəfovanın bu haqda məlumatlı olub-olmaması bilinmir. Amma onun həyat yoldaşı, Respublika Onkoloji Xəstəxananın LOR şöbəsində həkimi olan Nazim Quliyevin bu haqda məlumatsız olması inandırıcı görünmür.

Qeyd edək ki, "Asena” şirkəti Azərbaycanda keçirilən olimpiya oyunları dövründə iştirakçılara xidmətlərin göstərilməsi ilə məşğul olub, həmin günlərdə böyük pullar qazanıb. "Asena” bu gün "Coca Cola” kimi nəhəng şirkətin Azərbyacan nümayəndəliyini qidalarla təmin edir.

Həmin qidaların daşınmasında qeyd edilən sellofan torbalardan istifadə olunub-olunmaması haqda məlumat yoxdur. Dünyada qanunlara riayət etməkdə ad çıxaran "Coca Cola” şirkətinin Azərbaycanda iş birliyində olduğu şirkətin məhkəmə qərardadını icra etməməsinə münasibəti dıə maraqlı olardı.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.