Autsayderlər beşliyi…

Autsayderlər beşliyi…

«Novoye Vremya» qəzetində «Ölkə iqtisadiyyatı ciddi islahatlara ehtiyac duyur» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif hakimiyyət rəsmilərindən fərqli olaraq hesab edir ki, 2016-cı il Azərbaycanda dərin sosial-iqtisadi böhran ili kimi yadda qalıb.

Ekspert Natiq Cəfərli də 2106-cı ili iqtisadi baxımdan mürəkkəb il sayıb:

«2016-cı ildə Azərbaycanda ümumi daxili məhsul(ÜDM) 4 faiz azalıb ki, bu, MDB miqyasında ən pis göstəricidir. Dünya miqyasında isə ölkə «autsayderlər beşliyi» qrupundadır. İnflyasiya 12 faiz həddindədir, ərzaq malları 10 faiz bahalaşıb, manat dollara nisbətdə daha 16 faiz ucuzlaşıb».

Ekspert deyib ki, ölkədə valyuta qıtlığını aradan qaldırmaqdan ötrü 12 milyard dollar lazımdır.

N.Cəfərliyə görə, ölkə 2017-ci ilə qida məhsullarının bahalaşması, milli valyutanın devalvasiyası, neftin qiymətinin ucuzlaşması, inflyasiyanın sürətlənməsi kimi problemlərlə daxil olub.

Ekspert Oqtay Haqverdiyev isə qəzetə mövzu ilə bağlı bunları deyib:

«Dövlət iqtisadiyyatında durum o qədər mürəkkəb və qeyri-sabitdir ki, yaxşı nəsə gözləməyinə dəyməz. İkirəqəmli inflyasiya göstərir ki, iqtisadiyyat super durğunluq durumundadır».

Ekspert əlavə edir ki, ölkənin bank sistemi özünün kreditləşmə kimi əsas funksiyasını yerinə yetirə bilmir. Çünki bankların pulu yoxdur.

O.Haqverdiyevə görə, ən pisi budur ki, ölkədə böhranın hansı mərhələdə olduğu bilinmir:

«Biz bilmirik ki, böhranın dibinə çatmışıq, yoxsa ona doğru gedirik. Odur ki, nikbinlik üçün əsas yoxdur. Bir sözlə, ölkə iqtisadiyyatının ciddi islahatlara ehtiyacı var».