“Azəravtoyol”dan Abid Şərifova – Cavab

“Azəravtoyol”dan Abid Şərifova – Cavab

Azərbaycanın Fövqəladə hallar üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Abid Şərifov son aylar yağan yağışlar nəticəsində Bakının Binəqədi rayonu və digər ərazilərində yaranan problemlərlə bağlı məsələyə münasibət bildirərkən deyib ki, bunun səbəbi paytaxtda yağış kollektorlarının olmamasıdır. O, ölkə.az-a açıqlamasında Bakı şəhərinin kanalizasiyasının 50-60 il əvvəl salındığını xatırladıb.

"Həmin vaxt şəhərdə cəmi 1 milyona yaxın əhali yaşayırdı. Ona görə də 50-60 il öncə salınan kanalizasiya xətləri 1,5-2 milyon nəfərlik əhali üçün hesablanıb. Sistemi qurmaq üçün gərək Bakı şəhərinin bütün asfalt yollarını dağıdıb, yenidən salasan”.

Hazırda şəhərdə yeni yolların salındığını, əksəriyyətində təmir-bərpa işlərinin aparılması baxımından bu mümkün ola bilərmi?

Modern.az-ın sualını "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli cavablandırıb.

O deyib ki, bu işlər Nazirlər Kabinetinin qərarı əsasında reallaşa bilər:

"Kommunikasiya xətləri adətən yol yatağı ilə, asfaltın altı ilə çəkilir. Əgər kanalizasiya kollektorların yenilənməsi zərurəti yaranarsa bu reallaşa bilər”.