Azərbaycan İsrailə niyə qucaq açır?

Azərbaycan İsrailə niyə qucaq açır?

«Newsweek» dərgisi yeni məqaləsində İsrailin Azərbaycanla, eləcə də Qazaxıstanla yaxınlığının səbəbini izah etməyə çalışıb.

İsrailin baş naziri Benjamin Netanyahu Bakıda bu həftə – dekabrın 13-də olub. Dərgi İsrail rəsmilərinin bundan öncə müsəlman ölkələrinə tez-tez səfər etmədiyini, müsəlmanların İsrailə münasibətini, bəzilərinin bu dövləti heç tanımaq istəmədiyini xatırladır. Bəs Qazaxıstanla Azərbaycan niyə İsrailə qucaq açırlar?

Müəllif Jack Moore-un fikrincə, bunun 3 səbəbi var: ticarət, müdafiə və diplomatiya.

TİCARƏT

Müəllif yazır ki, İsrail üçün biznes biznesdir və Mərkəzi Asiya ölkələri yaxşı biznes təklif edirlər. Məqalədə Azərbaycanla İsrailin hər şeydən öncə enerji sahəsində möhkəm tərəfdaş olduqları, Bakının Təl-Əvivi neftlə təmin etdiyi qeyd olunur. Prezident İlham Əliyev də neftə görə ticarətin səviyyəsinin yaxşı olduğunu söyləyib, üstəlik, İsrail qazının Azərbaycandan Türkiyəyə uzanacaq qaz kəməriylə ixracı məsələsini də müzakirə etdiklərini deyib.

Qazaxıstanla isə müxtəlif sahələrdə əməkdaşlıqdan başqa, viza rejiminin ləğvi barədə danışıqlara başlanıb.

Benjamin Netanyahu və Nursultan Nazarbaev


MÜDAFİƏ

«Newsweek» dərgisi müdafiə məsələsində Azərbaycanın İsraildən ötrü strateji tərəfdaşdan ötə olduğunu yazır. Müəllif əhalisinin 98%-i müsəlman olsa da, dünyəvi ölkə kimi tanınan Azərbaycanın İranla sərhəddə yerləşdiyini, İran İslam Respublikasına aid kəşfiyyat məlumatlarının toplanmasında əhəmiyyət daşıdığını vurğulayır.

Digər mətbu orqanlar kimi, «Newsweek» də Azərbaycanın İsraildən son illər 5 milyon dollarlıq silah aldığını, İ.Əliyevin müdafiə sənayesi sahəsində əməkdaşlıqdan məmnunluğunu xüsusi qeyd edir.


DİPLOMATİYA

«Newsweek» yazır ki, B.Netanyahu müsəlman ölkələrinə səfər etməklə, əməkdaşlığı gücləndirməklə ölkəsinin imicini dəyişməyə çalışır. Yəni Yaxın Şərqdə müsəlmanlarla savaşan İsrailin onlarla həm də iş görmək qabiliyyətini nümayiş etdirir.

Məqalədə B.Netanyahu-nun Bakıdakı çıxışı yada salınır: «Məncə, bu münasibətin bir özəl cəhəti də var: İsrail yəhudi dövlətidir, Azərbaycan müsəlman... Burada siz hər iki ölkənin gələcəyi naminə birgə çalışan müsəlman və yəhudilərin nümunəsini görürsünüz. Bu isə qarşılıqlı sayqısızlığa, qeyri-tolerantlığa qarşı parlaq nümunədir».



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.