Azərbaycanda FETÖ araşdırmaları dayandırılıb?

Azərbaycanda FETÖ araşdırmaları dayandırılıb?

Yaxın zamanlarda mətbuatda yeni siyahıların dərc olunacağı gözlənilir

Türkiyədə 15 iyul hakimiyyət çevrilişinə cəhddən sonra rəsmi Ankara ilə Fətullah Gülən təşkilatı arasında illərlə davam edən gizli mübarizə açıq şəkil aldı. Türkiyə rəsmiləri və hüquq-mühafizə orqanları dövlət çevrilişinə cəhdin hazırda ABŞ-da yaşayan Fətullah Gülən və tərəfdarları tərəfindən hazırlandığını elan edib cinayət işi başladı, həbslər həyata keçirildi. Ankara ABŞ-dan Fətullah Gülənin ölkəsinə təhvil verilməsini tələb etdi.

FETÖ araşdırmaları çərçivəsində Türkiyədə on minlərlə şəxs işdən çıxarılıb, onlarla qəzet, televiziya, agentlik və jurnal, QHT, şirkət Fətullah Gülənlə əlaqəsinə, ona maliyyə və informasiya dəstəyi verdiyinə görə qapadılıb. Həmçinin rəsmi Ankaranın xahişi ilə bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da 2 ay əvvəl FETÖ araşdırmaları başlanmışdı. Bu araşdırmalar çərçivəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə ANS Televiziyasının fəaliyyəti dayandırılıb, 4-5 şəxs həbs edilib.

FETÖ araşdırmaları başlandığı günlərdə Azərbaycan Baş Prokurorluğu rəsmi məlumat yayaraq Fətullah Gülənin tərəfdarlarının Azərbaycandakı fəaliyyətinin araşdırılması məqsədilə cinayət işə başlandığını açıqlayıb. Həmin açıqlamada cinayət işinin başlanmasının Azərbaycanda Gülən tərəfdarlarının qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədi daşıdığı vurğulanıb.

İstintaq sirri olduğu üçün hələ ki cinayət işi ilə bağlı geniş məlumat verilmir. Baş Prokurorluq cinayət işinin qaldırıldığı maddələri və istintaq hərəkətləri aparılan şəxslərin dairəsini açıqlamır. Bu məlumatlar yayılan günlərdə 5-ə yaxın şəxs Gülən tərəfdarı kimi həbs edilib, Türkiyə mətbuatında Fətulla Gülən şəbəkəsinin Azərbaycan üzrə imamının "hoca”ya məktubu dərc olunub. Həmin məktubda ilginc məqamlar qeyd olunurdu.

Məktubdan sitat: "Möhtərəm Fətullah Gülən Xoca Əfəndi... Hərəkatımızın Azərbaycandakı durumu ilə bağlı öz qənaətlərimi diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan Prezident Aparatındakı dostumuzun səyləri və dəstəyi sayəsində Daxili İşlər, Ədliyyə, Maliyyə, Fövqəladə Hallar və Təhsil nazirliklərində adamlarımızın vəzifə sahibləri olmaları arzuladığımız istiqamətdə irəliləməkdədir. Xüsusilə Azərbaycan Gənclik Təşkilatına çox sayda gənc ”Hizmət" hərəkatı üzvlərinin qəbul edilməsi fəaliyyətimiz baxımından fövqəladə əhəmiyyətə malikdir. Belə ki, Azərbaycanda önəmli dövlət vəzifələrinə gənc üzvlər bu təşkilatdan seçilərək qoyulurlar".

Bu araşdırmalar başlanan günlərdə daxili İşlər naziri Ramil Usubovun Türkiyə səfəri oldu. Belə xəbərlər vardı ki, nazir Bakıya FETÖ şəbəkəsinin Azərbaycan uzantısında olanların dosyesi ilə qayıdıb. Türkiyədən təqdim olunan siyahı üzrə məxfi araşdırmalar nəticəsində ölkədə səs-küylü həbslər olacağı da qaçılmaz kimi görünürdü. Belə ehtimallar vardı ki, Azərbaycan hakimiyyət dairələri FETÖ-çülərə qarşı əməliyyatları referendumdan sonra genişləndirəcək.

Hazırda bu ehtimalların doğrulmadığı qənaətinə əsas verən durğunluq yaranıb. Bununla belə, Azərbaycandakı FETÖ-çülərlə bağlı siyahıların qeyri-dövlət qurumlarına da ötürülməsi xəbərləri var. Yaxın zamanlarda mətbuatda Azərbaycandakı FETÖ-çülərin siyahılarının dərc olunacağı da gözlənilir.