Azərbaycanda məmuru öldürən şəxs tutuldu

Azərbaycanda məmuru öldürən şəxs tutuldu

Ağdaş rayonunda vəzifəli şəxsi odlu silahla öldürən şəxs tutulub.

Dekabrın 28-də saat 22:00 radələrində Ağdaş rayonundakı "Dəhnə” kafesində Ağdaş şəhər sakini, "Azərsu” ASC-nin "Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi, 1978-ci il təvəllüdlü Babayev Elçin Niyazi oğlu ilə orada yeyib-içdiyi dostu, Ağdaş sakini, 1979-cu il təvəllüdlü İsmayılov Pərviz Əlövsət oğlu arasında insident olub. Pərviz İsmayılov tapançadan 3 dəfə atəş açaraq, şöbə rəisini öldürüb, özü isə silahını da alaraq, qaçıb.

Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları həmin silahlı şəxsin insanlar üçün təhlükəli olduğunu nəzərə alaraq dərhal gücləndirilmiş iş rejiminə keçib və onu qısa zamanda taparaq istintaqa təhvil veriblər.

Qeyd edək ki, Pərviz İsmayılov daha əvvəl bir qızı ov tüfəngi ilə qətlə yetirdiyi üçün 10 ildən çox məhkumluq həyatı yaşayıb. Onun Elçin Babayevi də qısqanclıq zəminində qətlə yetirdiyi bildirilir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

28 Dekabr 2016 22:56

Ağdaş rayonunda qətl hadisəsi törədilib.

Hadisə bu gün axşam saat 22:00 radələrində Ağdaş şəhərindəki kafelərdən birində qeydə alınıb.

Ağdaş şəhər sakini, "Azərsu” ASC-nin "Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi vəzifəsində çalışan Elçin Babayevlə kafedə birgə yeyib-içdiyi dostu arasında insident baş verib. Adı hələlik məlum olmayan şəxs Elçin Babayevə üstündə gəzdirdiyi tapançadan bir neçə dəfə atəş açıb. Ağır xəsarətlər alan şöbə rəisi hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxs qaçıb gizlənib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları silahlı şəxsin insanlar üçün təhlükəli olduğunu nəzərə alaraq dərhal gücləndirilmiş iş rejiminə keçib və onun qısa zamanda tapılaraq istintaqa təhvil verilməsi üçün bütün qüvvələr səfərbər edilib. Hazırda rayonun giriş və çıxış yolları nəzarətə götürülüb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(APA)

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.