Azərbaycanda siqaret mafiyası: kim necə qazanır?

Azərbaycanda siqaret mafiyası: kim necə qazanır?

Hökumət məhz bu malların üzərinə aksiz vergisi qoymaqla büdcəyə əlavə gəlir qazandıra bilər.

Vizual.Azxəbər verir ki, bunu Media Hüququ İnstitutunun rəhbəri, tanınmış media eksperti Rəşid Hacılı ölkədə tütün məhsullarının ucuzlaşmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hər şeyin qiymətinin durmadan artdığı bir vaxtda siqaret və alkoqolun qiymətlərinin dəyişməməsi təəccüblə qarşılanıb:

"Normalda hökumət məhz bu malların üzərinə aksiz vergisi qoymaqla büdcəyə əlavə gəlir qazandıra bilər. Büdcəyə əlavə pul gətirməklə yanaşı bu əhalinin sağlamlığının da yaxşılaşmasına təsir etmiş olur. Amma bu baş verməyib hələ ki.

Baş versə də, bunun büdcəyə para gətirəcəyinə böyük şübhə var. Yəqin ölkədə istehsal olunan və ölkəyə idxal olunan siqaret və alkoqollu içkilərin rəsmi statistika məlumatları bu gözləntilərin nə qədər doğru olduğuna işıq sala bilər”.

Ekspert 1990-cı illərdə məşhur "RJ Reynolds” şirkətinin ölkədən didərgin salındığını yada salıb. Onun sözlərinə görə, bu şirkət hökumətə çox sərfəli təkliflər verərək büdcəyə hər il 30 milyon dollar vergi verəcəyini öhdəsinə götürmüşdü:

"O zaman Bakı Tütün Kombinatı ətrafında baş verənlər ölkəmizdə qeyri-neft sektorunun perspektivləri, xarici investisiya və texnologiyalar gəlməsi perspektivləri barədə aydın mənzərə yaratdı.

Dünyada ən böyük siqaret istehsalçılarından biri olan, "Kamel”, "Vinston” və başqa brendlərin sahibi olan ABŞ şirkətinin (RJ Reynolds Tobacco) başına gətirilənlər sonra Azərbaycanda qeyri-neft sektoruna investisiya qoyan başqa şirkətlərin də başına gətiriləcəkdi."RJ Reynolds” 25 milyon dollar sərmayə qoydu. 1990-cı illərdə Azərbaycanın illik büdcəsi heç 1 milyard dollara çata bilməyəndə bu böyük məbləğ idi.

Bu şirkət Bakı Tütün Kombinatının sovetdən qalma şişirdilmiş ştatlarındakı işçilərə böyük məbləğdə kompensasiyalar verdi və yola saldı. İşçilərin bir hissəsini saxladı. Onsuz da gətirdiyi avadanlıq və konveyerlərdə onun çoxsaylı işçilərə ehtiyacı yox idi.

"RJ Reynolds” Bakı Tütün Kombinatının yalnız 50%-nin sahibi idi. Qalan hissə hökumətdə idi.

O zamankı araşdırmalara görə ölkəyə gətirilən siqaretin cəmi 3 %-i gömrükdə rəsmiləşdirilirdi və vergi və rüsumlara cəlb olunurdu. Milyonlarla dollar vergi məbləğləri büdcədən yayındırılırdı. Bu səbəbdən də, məsələn, "RJ Reynolds”un İsveçrədə istehsal etdiyi, Azərbaycana idxal olunmuş siqaretləri o qədər ucuz satılırdı ki, bunu Azərbaycanda ucuz işçi qüvvəsi və başqa xərclər olmasına baxmayaraq, istehsal edib satmaq sərfəli deyildi. Təbii ki, vergiləri ödəməklə. Ödəməsən onda sərf edərdi. Amma "RJ Reynolds” bunu edə bilməzdi. Belə qanunsuz yolla işləyə bilməz, ikili mühasibat apara bilməzdi. Korporasiya daxilində korrupsion sistem qura bilməzdi.

Bu səbəbdən "RJ Reynolds” araşdırma apardı, hökumətə israrla təkliflər verdi. Xahiş etdi ki, siqaret qaçaqmalçılığını aradan qaldırsın. 100 % də olmasa heç olmasa 60-70 % rəsmiləşdirsin.

"RJ Reynolds” dəqiq biznes plan təqdim edib göstərdi ki, belə olduğu halda fabrik normal işləyə biləcək və o hər il dövlət büdcəsinə vergilər və dövlətin dividendləri formasında 30 milyona gəlir verəcək.

Bu çox ötkəm, çox cəsarətli bir addım idi.

Nəzərə alsaq ki, siqaret qaçaqmalçılığından çox böyük məbləğdə çirkli pullar qazanırdılar. Kimlər? Qaçaqmalçılıq edən də, siqareti ölkəyə gətirən də, onu gömrükdən keçirən də, satıb qazanan da eyni qrup idi. Həm də çox güclü qrup.

"RJ Reynold” tezliklə bu təkliflərinin qurbanı oldu.

Az sonra Bakı Tütün Kombinatının böyük məbləğdə kompensasiya alaraq ixtisar edilmiş keçmiş direktoru, sex müdirləri və bəzi işçiləri guya hüquqlarının pozulduğu bəhanəsiylə etiraz mitinqlərinə başladılar. Bir qədər sonra yuxarıdakıların məsləhəti ilə məhkəməyə getdilər. İl yarım əvvəl qanunu əsaslarla, qanunda nəzərdə tutulandan daha artıq kompensasiya alıb, hətta razılıq ərizələri belə yazmış bəzi öyrədilmiş işçilərin şikayətini Nizami məhkəməsi qəbul etdi. Bir qədər də keçəndən sonra fabrikin xarici rəhbərləri barədə cinayət işi başladılar. Guya əmək hüquqlarını pozublar.

Nələri vardı dəyər dəyməzinə alıb "RJ Reynolds”u yola saldılar.

Onun yerini məhz Azərbaycana siqaret idxal edənlərin qurduğu "European Tobacco” tutdu. Artıq uzun illərdir işləyir.

Bilmirəm bu şirkət "RJ Reynolds”un təklif etdiyi 30 milyon dolları hər il dövlət büdcəsinə verir ya yox”.