“Azərsu” sədrinin Yevlaxdakı kadrı hotel açıb

“Azərsu” sədrinin Yevlaxdakı kadrı hotel açıb

Azərbaycanda hər gün qulaq bir söz eşitməsə kar olar. Ölkənin dörd bir yanından məmurların analoqsuz hərəkətləri barəsində xəbərlər almaqdayıq. Bu dəfə inanılmaz bir xəbər əldə etmişik.

Politika.Az-a verilən məlumata görə, Yevlax su-kanal İdarəsinin rəisi Sabir Həsənov Yevlaxda hotel açıb.

Su idarə müdirinin hotel açmasını indiyə qədər heç yerdə eşidən olmayıb. Bu da Yevlaxdakı məmurun fərasətidir.

Yəqin ki "Azərsu” ASC sədri Qorxmaz Hüseynov onu alqışlayar. Kim bilir, bəlkə də su idarə rəisi turizmin inkişafına dəstək vermək üçün iş adamı kimi fəaliyyətə başlayıb?!

Çünki S.Həsənovun biznes imkanları hotellə məhdudlaşmır. Onun bundan başqa, bir neçə ticarət obyekti fəaliyyətdədir, hektarlarla torpaq sahəsi var. Bu da onun bir mülkədara, müasir dildə desək burjuya çevrilməsinə səbəb olub. Hər halda Q.Hüseynov da sevinər ki, yerlərdəki kadrları inkişaf etməkdədir, biznes şəraiti yaxşılaşır, investor olmağa başlayıblar.

"Azərsu” ASC sədri çox güman ki Yevlaxdakı adamından sorğu-sual etməz bu vəsait hardandı?! Çünki mənbə və mənsəb bəllidir. O baxımdan S.Həsənov kifayət qədər ürəyəyatımlı bir məmur olub "Azərsu” ASC rəhbərinin gözündə...

Politika.Az-a daxil olan xəbərdə bildirilir ki, bu günlərdə maraqlı hadisə olub.

Yevlax rayon sakini Məhərrəmova Surabəyim Əli qızı tərəfindən şikayət məktubu mediada tirajlanıb. Vətəndaşın qeydiyyatda olduğu ünvan Yevlax rayonu Nizami prospekti 8A mənzil 14-də iki nəfər qeydiyyatdadır.

Hər ay Yevlax su kanal idarəsinin əməkdaşları vətəndaşa 10 kub (10 ton) metr suyun istifadə edilməsi üçün bildiriş göndərib. Vətəndaş iddia edir ki mənzildə iki ay yaşayış olmayıb amma yenə həmin qaydada bildiriş gəlib.

Yevlax əhalisinin 90 faizi bu özbaşınalıqla rastlaşır. Vətəndaş bu özbaşınalığa son qoyulmasını istəyir. Bu sadə fakt yetərlidir ki, S.Həsənovun idarədəki fəaliyyəti barədə təsəvvürlər yaransın.

Qarşı tərəfi dinləməyə hazırıq.