Bakıda həkim gənc qızı niyə öldürmək istədi - Foto

Bakıda həkim gənc qızı niyə öldürmək istədi - Foto

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Qədimova Könül Behbud qızı 3 saylı şəhər klinik xəstəxanasının infeksiya şöbəsinin həkimi İsayev Cəlal Paşa oğlunun həkim səhlənkarlığına yol verdiyini bildirib.

Bu məsələ ilə bağlı Axar.az -a danışan Könül Qədimova övladı – 1989-cu il təvəllüdlü Turablı Məltəm Arif qızının müalicəsinə görə 3 saylı şəhər klinik xəstəxanasının infeksiya şöbəsinin həkimi Cəlal İsayevə müraciət etdiyini, lakin həmin həkimin düzgün müalicə aparmaması nəticəsində qızının ağır duruma düşdüyünü deyib. Könül Qədimova qeyd edib ki, klinikanın həkimi Cəlal İsayevin yanlış müalicəsi nəticəsində qızı 10 dəqiqəlik keçinib, həkimlər onu elektroşokla həyata qaytarıblar:

"Qızımın öd kisəsində daş var idi. Tibb aləmində öd kisəsinin kanalına düşən daşların əridilməsi mümkün deyil. Cəlal həkim bunları bilə-bilə mənə 5 min manatlıq resept yazdı. Resepti yazıb, dərmanların da yanına telefon nömrələri qeyd etdi ki, dərmanları məhz gedib bu adamlardan almalıyam. Çünki bu nömrələrin sahibi onun öz adamlarıdır, sonradan onlardan faiz alır. Təsəvvür edin, bir həbin qiyməti 300-500 manatdır. Vəziyyət çətin olsa da, gedib o dərmanları aldım. Qızım ölürdü, bütün gün qusurdu, dəhşətli ağrıları tuturdu. Bu adam – Cəlal İsayev iki ay bu dərmanlarla bizim başımıza oyun gətirdi. Qızıma 30 dənə sistem yazmışdı, biri 50 manatdan. Onun yazdığı müalicə bizə 5 min manata başa gəldi. Qız bir az özünə gəldi, düzəldi. 15 gündən sonra daha güclü ağrıtutması oldu. Həkimə zəng etdim, açmadı. Yazdım ki, doktor, uşağın vəziyyəti ağırlaşdı, mənim qızım sizə inanıb, kömək edin. Yazdı, mən xaricdəyəm, başqa həkimə apar. Qızımı götürüb "Baku Medical Plaza”ya – Rəşad həkimin yanına getdim. Həkim çatan kimi reseptə baxdı, dedi ki, bu uşaq müalicəlik deyil, sizə bu dərmanları yalandan satıblar. Əgər qızınız iki günə əməliyyat olunmasa, onu itirəcəksiniz, qızın vəziyyəti çox ağırdır. Yenə nəsə içimdə bir inamsızlıq yarandı. Daha sonra dörd cərraha müraciət etdim, dördü də eyni sözü dedi. Beşinci cərrah – Məmməd həkim öz tanışımız idi, o, qızımı müayinə edən kimi dedi, xələti geyindirin, təcili əməliyyat olunmalıdır, yoxsa öləcək.

Öd əməliyyatı 45 dəqiqə, uzağı 1 saat çəkir. Amma qızımın əməliyyatı düz 5 saat çəkdi. Sən demə, daşın biri gedib onikibarmaq bağırsağın ağzına düşüb. Məmməd həkim əməliyyatdan çıxanda çox pis vəziyyətdə idi. Dedi, mən bu əməliyyata girməyimə çox peşman oldum. Sizin övladınız əməliyyat masasında ölmüşdü, onu 10 dəqiqədən sonra elektroşokla həyata qaytara bildik”.

Zərərçəkən Məltəm Turablının anası Könül Qədimova Cəlal İsayevin dövlət xəstəxanasında özünə biznes qurduğunu deyib:

"Cəlal həkimə dedim ki, sən firma dərmanlarını yazıb onlardan faiz götürürdünsə, elə deyərdin, mən verərdim də o faizi sənə. Təki balam sağalaydı. Ondan soruşdum ki, bəs demişdiniz, o daşları əridəcəyəm? Deyir, mən elə söz demədim, sadəcə, qarşısını alacağıma söz verdim. Dedim, qızımın ödü daşla dolub, ölümdən qayıtdı, nəyin qarşısını almısınız axı siz? Cəlal həkimin yazdığı dərmanları müxtəlif həkimlərə göstərdim. Mənə dedilər ki, bunlar o qədər güclü dərmanlardır ki, bunu ölüyə vursan, ölü də 2 saatlıq dirilər. Demək, bu həkim dərmanları bizə yazıb ki, qızımın ağrıları bir müddətlik sakitləşsin, yəni inanaq ona. Sonra yenidən vəziyyəti ağırlaşan kimi qaçaq onun üstünə. O da yenə firma dərmanları yazıb faizlə pul qazansın.

Cəlal həkim məni "Avrasiya” klinikasına göndərdi. Dedim, doktor, bu analiz hər yerdə 120 manatdır, Avrasiya klinikasında isə 230 manat. İmkanım yoxdur, olar başqa klinikaya gedim? Deyir, yox, mütləq "Avrasiya” klinikasına getməlisən. Sonradan öyrəndim ki, Cəlal həkim oralardan da faiz alır.

Bizi inandırdı ki, müalicə edəcək. Dedi, mən 30 ilin həkimiyəm, məndə belə şeylər çox olub. Fikirləşdim ki, atam yaşında kişi məni aldatmaz, Hippokrat andı içib. Bizi o qədər ora-bura, analizlərə göndərdi ki, cibimdə 10 manat pul qaldı. Həmin 10 manatı ona zəhmət haqqı kimi vermək istədim. Üstümə atıb dedi ki, mənim qəbulumun qiyməti 30 manatdır. Zəng elədim evə, oğlum 20 manat gətirdi, Cəlal həkimin 30 manatını ödədim. Təsəvvür edin, görün, özünə necə biznes qurub. Xəstəxananın qapısından girib, "Cəlal həkimin yanına gəlmişəm” deyəndə 1 manat istəyirlər. Mən məlumatlı, savadlı insanam. Neçə il jurnalist işləmişəm, hüquqlarımı bilirəm. Deyirəm, axı dövlətimizin xəstəxanasında bu nə konsertdir çıxarırsınız? Deyirlər, doktor özü deyib ki, mənim yanıma gələnlərdən 1 manat giriş haqqı alın”.

Könül Qədimova təzminat davası açdığını və həmin həkimin cəzalandırılması üçün əlindən gələni edəcəyini bildirib:

"O həkim bizi məhv elədi, ölüb, ölümdən qayıtdıq. Cəlal həkimə 30 min manatlıq təzminat davası açmışam. Doğrusu, məni pul maraqlandırmır. O, bizə daha çox mənəvi zərbə vurub. İstəyirəm, belə səhlənkarlıq edən həkimlər cəzalansın ki, başqaları da nümunə götürsün. Cavan-cavan balalarımızı öz mənafelərinə görə ölümə atırlar. Mənim qızımın 26 yaşı var, 10 günün gəlini idi. Ona bir şey olsaydı, mən nə edərdim? O həkim mənə qızımı qaytara biləcəkdi?

Dediyim kimi, məhkəməyə müraciət etmişəm, artıq vəkilim də bu işlə məşğuldur. Bütün sənədlərim, sübutlarım hazırdır. İnanıram ki, məhkəmə, hakimlər ədalətli qərar verəcək. Özümə söz vermişəm, əgər burada olmasa, Apelyasiyaya, Ali Məhkəməyə, lap Avropa Məhkəməsinə – hamısına müraciət edəcəyəm. Mən bu işi yarıda buraxmayacağam. Mütləq o həkim cəzasını alacaq”.

Könül Qədimovanın müalicə və əməliyyatla bağlı redaksiyamıza gətirdiyi sənədlərin fotolarını təqdim edirik:




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.