Bu zavodlar Bakıdan çıxarıla bilər

Bu zavodlar Bakıdan çıxarıla bilər

Nazirlər Kabineti metallurgiya sənayesi obyektlərinin şəhərlərdən, xüsusən Bakıdan kənarda, sənaye zonasında yerləşdirilməsini təklif edib.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, metallurgiya sənayesi müəssisələrinin ərazisi kifayət qədər geniş sahəni əhatə edir. Müəssisə daxilində yanğının baş verə biləcəyi sahəyə yanğınsöndürmə bölmələrinin hansı vaxtda çatması giriş yollarının sayı və vəziyyətindən asılıdır. Sexlərin böyük sahələrə malik olmasını nəzərə alsaq, yanğın avtomobillərinin sexlərin daxilinə girişini təmin etmək məqsədəuyğun olar. Bir sıra metallurgiya sənayesi müəssisələrində texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması, fəaliyyətdə olan və yeni tikilmiş metallurgiya sex və sahələrində müasir tipli qaz-toz tutucu qurğuların tətbiq edilməməsi və ya onların effektiv işləməməsi, müəssisələrdə işə yeni qəbul olunan mühəndis-texniki və metallurgiya avadanlıqlarının istismarı ilə bağlı peşələrə cəlb olunmuş işçilərin metallurgiya sənayesində kifayət qədər təcrübə və biliklərə malik olmaması bu sahədə qəza və bədbəxt hadisələrin baş verməsinə səbəb ola bilər. Metallurgiya sənayesi müəssisələrinin metaləritmə, digər sex və sahələrinin yükdaşıyıcı fermaları istehsalat prosesi ilə əlaqədar olaraq, daim istiliyin təsirinə məruz qalırlar ki, bunun nəticəsində də həmin fermaların metal konstruksiyaları deformasiyaya uğraya, qaynaq hissələrində çatlar əmələ gələ bilər. Bunun nəticəsində də sexlərin tavan hissələrinin dağılması ilə insan həyatı üçün təhlükə yaradan qəzalar baş verə bilər. Belə qəzaların qarşısının alınması məqsədi ilə adları yuxarıda göstərilən müəssisələrin yükdaşıyıcı fermalarında defektoskopik yoxlamaların keçirilməsi labüddür. Bundan başqa, metallurgiya sənayesi müəssisələrində toz və tüstünün, vibrasiya və səs-küyün, ultra və infrasəslənmənin, yanğın və partlayış təhlükəsinin həddən artıq olmasını nəzərə alsaq, belə müəssisələrin Bakı şəhəri ərazisində yerləşməsi müəssisələrlə yanaşı ətraf mühitə və orada yaşayan əhaliyə də mənfi təsir edə bilər. Radioaktiv mənbələrin nəzarətsiz qalması, onların müxtəlif tullantılara, o cümlədən tikinti materiallarının istehsalı üçün yığılan metal tullantılarına qarışması ilə nəticələnə bilər. Bununla yanaşı, neft istehsalı prosesində istifadə olunmuş metal borular və digər metal konstruksiyalar lay suyu ilə təmasda olması nəticəsində təbii radionuklidlərlə zəngin olan ərp və çöküntülərlə çirklənə bilər: "Beləliklə, təkrar emal üçün yığılan metal tullantıların içində radioaktiv mənbələri və radioaktiv çirklənməni aşkar etmək üçün onların toplanma məntəqələrində radiasiyanı aşkar edən avadanlığın quraşdırılması və müvafiq xidmətin yaradılması tələb olunur.Yuxarıda göstərilənləri nəzərə alaraq, belə müəssisələrin şəhərdən kənarda, sənaye zonasında yerləşdirilməsi daha məqsədəuyğun olardı”.

Qərara əsasən metallurgiya sənayesi müəssisələrində baş verə biləcək qəzaların qarşısının alınması məqsədi ilə aşağıdakılara əməl olunmalıdır:

- istehsalat qəzalarının və zədələrinin vaxtında qarşısının alınması və qəza baş verdiyi halda onun nəticələrinin operativ aradan qaldırılması məqsədi ilə hər bir müəssisədə "Qəzaların ləğvi planı” tərtib olunmalıdır;

- tikililərin dəmir yolu arasında məsafə 1520 mm olmalıdır. Qara metallurgiya müəssisələri üçün xüsusi hərəkətdə olan tərkib, həm də onun dəmir yollarının binalara, tikintilərə, anbarlara yaxınlığı xüsusi qabaritlərə uyğun olmalıdır. Dəmir yolunun yanında yığılmış məmulatların hündürlüyü 1,2 m olduqda onların ən yaxın relslə məsafəsi 2m olmalıdır;

- texnoloji və ya təmir məqsədi üçün açılmış olan quyular, tranşeylər hündürlüyü 90sm olan çəpərlə hasarlanmalı, gecə vaxtı işıqlandırılmalıdır. Tranşeylərin və quyuların üzərində kiçik körpülər qurulmalıdır ki, bu da məhəccərlə mühafizə olunmalıdır;

- müəssisə ərazisində bənd çəkilməmiş hovuzlar hündürlüyü 0,9m olan məhəccərlə mühafizə olunmalıdır;

- zərərli maddələrin saxlanılması, məhv edilməsi, təlimata uyğun olaraq müəssisənin texniki rəhbəri, sanitar və ekologiya orqanlarının razılığı ilə aparılmalıdır;

- fəaliyyətdə olan müəssisələrin binalarında aqressiv şəraitdə olan metal konstruksiyalar korroziyadan qorunmalıdır. Bu binalardakı metal konstruksiyaların möhkəmliyi 3 ildə bir dəfə yoxlanılmalı və nəticəsi aktlaşdırılmalıdır. Mühafizə örtüklərinin yoxlanılması texniki rəhbərlik tərəfindən təsdiq edilmiş qrafikə uyğun aparılmalıdır;

- soba və mikserlərdə əridilmiş və ya közərdilmiş metalın yerləşdiyi ərazidəki kolonlar və meydançalar istiyədavamlı materiallarla izolyasiya edilməlidir;

- Fəaliyyətdə olan müəssisələrin bina və tikintilərinin ildırımötürücü qurğuları layihə normalarına uyğun olub, həmişə işlək vəziyyətdə olmalıdır. İldırımötürücü qurğunun vəziyyəti ildə bir dəfə texniki direktor tərəfindən təsdiq edilmiş komissiya tərəfindən yoxlanılmalı və nəticəsi aktlaşdırılmalıdır.

Qeyd edək ki, hazırda bir neçə mühüm metallurgiya sənayesi müəssisəsi Bakıda yerləşir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.