“Cənnət sənədləri” açıqlanıb – YENİLƏNİB

“Cənnət sənədləri” açıqlanıb – YENİLƏNİB

Jurnalistlərin beynəlxalq konsorsiumu yeni nəhəng araşdırmanı açıqlayıb. "Cənnət sənədləri”, yaxud "Cənnət adaları sənədləri” ("Paradise papers”) adlı bu araşdırma miqyasına görə "Panama sənədləri” ilə müqayisə oluna bilər.

Jurnalistlər 13 milyon 400 minədək sənədi araşdıraraq yüksəkçinli siyasətçilərin vergidən yayınma mexanizmini üzə çıxarıblar.

Araşdırmanı noyabrın 5-də ABŞ-da mənzillənən Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu (ICIJ) yayıb.

Bu araşdırma özəlliklə, ABŞ prezidenti Donald Trump administrasiyası rəsmilərinin Rusiya prezidenti Vladimir Putin-in yaxın ətrafıyla biznes əlaqələrinə işıq salır.

Bu sənədlər həmçinin Rusiyanın dövlətə məxsus Gazprom və VTB Bank-ının ABŞ-da texnologiya şirkətlərinə böyük sərmayələr qoyduğunu üzə çıxarıb.

Araşdırmaya görə, ABŞ-ın ticarət naziri Wilbur Ross-un sərmayə qoyduğu gəmiçilik şirkətinin Rusiya prezidenti Vladimir Putin-in müttəfiqlərinin idarə etdiyi şirkətlə bağlılığı var.

Sənədlər həmçinin Britaniya kraliçası II Yelizavetanın (Queen Elizabeth II) ofşor yatırımlara 13 milyon dollar qoyduğunu üzə çıxarıb.

2016-cı ildə "Panama sənədləri”ni də ICIJ yaymışdı. Panamadakı hüquq firmasının sənədlərin əsasən dünyanın bir sıra liderlərinin və zənginlərinin ofşor hesabları üzə çıxarılmışdı.

Həmin sənədlərdə Azərbaycanın birinci ailəsinin də ofşor biznesi barədə də bilgilər yer almışdı.

"Cənnət sənədləri” barədə bu məqalə genişləndiriləcək. Saytımızı izləyin.

TRUMP ADMİNİSTRASİYASI ÜÇÜN UTANCVERİCİ

"Cənnət sənədləri” iki ofşor xidmət provayderindən və 19 "vergi cənnəti”ndəki şirkət reyestrlərindən əldə olunub. Sənədləri Almaniyanın "Sueddeutsche Zeitung” qəzeti əldə edərək The Guardian, the BBC, The New York Times və onlarla digər xəbər agentliyi ilə paylaşıb, onlar da informasiyanın təhlilini aparıblar. Sənədlərin məhz nəhəng sayına görə çoxsaylı agentliklərlə paylaşıldığı bildirilir.

Bu sənədlərdə adları çəkilən ən yüksəkçinlilərin Ross və Kraliça Yelizavetanın olduğu bildirilir.

Hər iki şəxsin fəaliyyətində qanunsuzluq əlaməti görünmür. Amma Ross-un Rusiyaya bağlılığı prezident Donald Trump administrasiyasından ötrü utancverici sayıla, maraqlar münaqişəsi barədə suallar yarada bilər.

Trump-ın müttəfiqləriylə Rusiyanın bağlantıları hazırda araşdırılır. ABŞ-ın kəşfiyyat orqanları Rusiyanın ABŞ-da ötənilki prezident seçkisinə iddia olunan müdaxiləsini araşdırır.

Sənədlərə görə, milyarder investor Ross vəzifəyə keçəndən sonra da Putin müttəfiqləriylə əlaqələri olan gəmiçilik şirkətinə bağlılığını saxlayıb.

SİBUR-UN SAHİBLƏRİ

79 yaşlı Ross-un nə vaxtsa "Navigator Holdings” adlı şirkətdə böyük payı vardı. Bu şirkət Rusiyanın Sibur enerji şirkəti üçün qaz daşıyıb.

Sibur qismən Gennady Timchenko-ya məxsusdur. O, Putin-in dostudur və ABŞ-ın Rusiyaya Ukraynaya təcavüzündən dolayı qoyduğu sanksiyalar ona da aiddir. Sibur-un digər rəhbəri Putin-in kürəkəni Kirill Shamalov-dur.

Ross-un investisiya şirkəti Navigator-un ən böyük səhmdarı olduğu vurğulanır. O, fevralda vəzifəyə keçəndən şirkətdə şəxsi payı azaldılsa da, ABŞ hökumətinə məxsus faylla ona məxsus hissənin 2-10 milyon dollar olduğunu göstərir.

The New York Times yazır ki, Ross Navigator-da payını Kayman adalarında mürəkkəb şirkətlər kompleksi vasitəsiylə saxlayıb.

Ticarət Departamentinin sözçüsü James Rockas isə bildirib ki, Ross-un "Navigator-un Sibur-la biznes qurmaq qərarında iştirak etməyib, bu şirkət o zaman sanksiya altında da olmayıb”.

"Üstəlik, nazir Ross heç vaxt adıkeçən Sibur səhmdarlarıyla görüşməyib və indiyədək onların əlaqələrindən də xəbəri olmayıb”.

ROSS YANLIŞLIQ GÖRMÜR

Ross-dan müsahibə almış BBC jurnalistinin deməsinə görə, ABŞ ticarət naziri Sibur-a investisiya qoymasında yanlış bir şey olmadığını bildirib.

"Sibur-un Rusiya şirkəti olması faktı bunda pis bir şey olması anlamına gəlmir”, – jurnalist noyabrın 6-da həmin müsahibəyə istinadla Twitter-də yazıb.

Digər sənədlərə görə, Rusiya vətəndaşı olan Yuri Milner dövlətə məxsus VTB Bank-dan 191 milyon dollar götürərək Twitter-ə sərmayə qoyub. The New York Times yazıb ki, VTB-nin dəstəyi "bir sıra ofşor şirkətlər vasitəsiylə ört-basdır edilib”. Rusiya VTB-dən tez-tez "siyasi baxımdan strateji sövdələşmələrdə” istifadə edir.

USMANOV VƏ KRALİÇA

BBC yazır ki, sənədlər Kremlə bağlı maqnat Alisher Usmanov-un çirkli pulyuma məsələsiylə bağlı nəzarəti gerçəkləşdirən bir şirkətdə gizli payını üzə çıxarıb. Belə ki, BBC-nin yazdığına görə, Usmanov Bridgewaters-un müştərisidir, onda payı da varsa, bu, maraqlar toqquşması yaradır.

Usmanov və Bridgewaters şirkət üzərində Rusiyanın nəzarətiylə bağlı deyilənləri "qəti təkzib edib”.

"Cənnət sənədləri” Britaniya kraliçası Yelizavetanın Kayman və Bermud adalarında fondlara milyonlarla dollar sərmayə yatırdığını üzə çıxarıb. Bu sərmayənin kraliçaya gəlir gətirdiyi, onun 650 milyon dollarlıq özəl mülkiyyətinin idarə olunduğu bildirilir.

Təhlilçilərin fikrincə, bu investisiya fəaliyyətində qanunsuz bir şey görünməsə də, kraliçanın Britaniyaya deyil, ofşora sərmayə qoyması tənqid oluna bilər.

***

The Times of Malta qəzeti yazır ki, Paradise Papers kimi tanınan yeni sızmış informasiya Maltanın Azərbaycan pulu üçün populyar istiqamət olduğunu və bu adadan keçən nəhəng pulların miqyasını əks etdirir.

Bu da qeyd olunur ki, qəzet yaxın günlərdə yeni sızmalardan Maltaya aid olanlarının geniş şərhini verəcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.