Daha bir vəzifəli şəxsin məhkəməsi başladı- Axtarışa verilmişdi

Daha bir vəzifəli şəxsin məhkəməsi başladı- Axtarışa verilmişdi

Vətəndaşları işə düzəltmək adı ilə aldatmaqda təqsirləndirilən mühafizə şirkətinin vəzifəli əməkdaşı hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, "Azər mühafizə" MMC mühafizə şirkətinin Şirvan bölməsinin sabiq rəisi Namiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 28-nə təyin edilib.

2015-ci ildə Daxili İşlər Nazirliyinin yaydığı məıumata görə, Namiq Məhərrəmov işə düzəltmək adı ilə vətəndaşları aldatdığına görə həbs edilib.

Məlumata görə, "Azər Mühafizə" MMC və "Qala" BTX MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.

Müəyyən olunub ki, "General" MMC, daha sonra "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb.

Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər.

Açılan cinayət işi üzrə 40-a yaxın şəxs həbs edilin.

Zərərçəkmiş şəxslərin sayı isə 5200 nəfərdən çoxdur.

Namiq Məhərrəmov Cinayət Məcəlləsinin 162-1.2-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, eyni əməllər təkrar törədildikdə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Namiq Məhərrəmov bu iş üzrə axtarışda olarkən istintaqdan yayınmışdı. Bu səbəbdən Namiq Məhərrəmovun barəsində axtarış elan olunub. Daha sonra həbs edilib, işi ayrıca icraata verilib.

İttiham aktına əsasən, Namiq Məhərrəmov vətəndaşları mühafizə işinə düzəltmək adı altında aldadaraq, onların 180 min 615 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.