Dələduz tikinti şirkətini kimlər qoruyur?

Dələduz tikinti şirkətini kimlər qoruyur?

Bakıda daha bir tikinti şirkəti fırıldaqçılıqda ittiham olunur.

Politika.Az-a daxil olan şikayət məktubunda zərərçəkmiş Seymur Şükürov Əkbər oğlunun başına gələnlərdən bəhs olunub.

Onun hüquqi nümayəndəsi Ramil Şükürov prezidentə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə etdiyi müraciətdə bildirib ki, qardaşı Seymur 2005-ci ilin martında "Vətən" MTK tərəfindən tikilmiş binadan mansard tipli 134 kv.m sahəsi olan mənzil alıb.

"25 mart 2005-ci il tarixində o, bu mənzil üçün 26.800 dollar ödəyib. Bu barədə onun əlində kassa orderi də var. Qardaşımın üzrlü səbəbdən Bakıda olmamasından istifadə edən "Vətən" MTK sədri Əliyev Bayraməli Alxan oğlu dələduzluğa əl atıb.

O, tikdirdiyi binanın mənzillərinin satışı ilə məşğul olmuş Əliyev Daşqın Şəhraman oğlu əlbir olaraq qardaşıma məxsus mənzili 29 may 2009-cu il tarixində Rüstəmov Firuz Qiyas oğluna satıb”, - deyə R.Şükürov bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə Yasamal rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət edib:

"Araşdırma zamanı dələduzluq faktı təsdiqini tapdığı üçün 06 May 2015-ci il tarixində Yasamal rayon prokuroru 150096043 cinayət işinin başlanması haqqında qərar qəbul edib.

Cinayət işinin başlanmasına baxmayaraq təəssüf ki, ibtidai istintaqın araşdırılmasını həyata keçirən Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqləri Arif Əliyev və Xaqani Cəfərov barəmizdə hüquq normalarına əməl etmədən bizə qarşı qərəzli mövqedən çıxış edirlər.

Sübutlara əsasən cinayət törətmiş Əliyev Bayraməli və Əliyev Daşqın məsuliyyətə calb olunmalıdır. Amma onların cinayət məsuliyyətinə cəlb edilməsinə istintaq idarəsinin rəisi hələ də icazə vermir”.

Zərərçəkmişin qardaşı deyib ki, istintaq şöbəsində Cəfərov Nazim Fərman oğlu və Şirinov Nicat Sərdar oğlu tərəfindən də Əliyev Daşqın Şəhrəman oğlu haqda külli miqdarda pul alaraq dələduzluq hadisəsi ilə bağlı müraciətlər var:

"Ancaq heç bir tədbir görülməyib. Dəfələrlə rayon prokuroruna müraciət etmişəm. İşin yekunlaşdırılıb məhkəməyə göndərilməsini tələb etmişəm, lakin istintaq şöbəsinin rəisinin maneçiliyi bu işi dayandırıb.

Xahiş edirəm ki bu cinayət işi Yasamal rayonundan alınıb ya Respublika Baş Prokurorluğuna ya da Bakı Şəhər Baş Polis İdarəsinin istintaq idarəsinə verilsin”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.