Dollarla götürülmüş kreditləri nə gözləyir?

Dollarla götürülmüş kreditləri nə gözləyir?

Manatın iki kəskin devalvasiyasından sonra əhalinin banklardan götürdüyü kreditlərin ödənişi sahəsində gərginliklər yaranmağa başladı.

Vizual.Az xəbər verir ki, bunu keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, birinci devalvasiyadan sonra bu gərginliklər bir o qədər böyük olmasa da ikinci devalvasiya vəziyyəti kifayət qədər mürəkkəbləşdirdi:

"Kreditlərin ödənişi ilə bağlı çətinliklər bir tərəfdən əhalinin gəlirlərinin azalması, digər tərəfdən isə xarici valyutada götürülmüş kreditlərin ödənişi üçün vətəndaşların manat yükünün artması ilə bağlıdır. Manatın birinci devalvasiyasından başlayaraq bu günə qədər bu yük 2,2 dəfədən çox artıb.

Bu gün əhalinin banklardan götürdüyü 15,8 milyard manat kreditin 46 %-dən çoxu - yəni 7,3 milyard manatı xarici valyutada olan kreditlərdir. Mərkəzi Bankın rəsmi məlumatlarına görə xarici valyutada götürülmüş kreditlərin 10,2%-i gecikmiş kreditlərə aiddir. Manatla olan kreditlərdə bu gecikmə bir qədər az – yəni 7,4% təşkil edir. İkinci devalvasiyadan ötən dövr ərzində manatın məzənnəsində baş verən 14%-dən artıq rəsmi ucuzlaşma isə vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Qarşıda milli valyutanın tam sərbəst buraxılması ilə bağlı addımlar gözlənilir.

Bu addımlardan sonra xarici valyutada olan kreditlərin ödənişi sahəsində vəziyyət indikindən daha çətin olacaqdır. Banklar indidən bunu göz önünüə almalıdırlar. Mərkəzi Banka onların gecikən kreditlər haqqında verdikləri informasiyalar əksər hallarda bir neçə dəfə kiçildilir. Bununla da banklar vəziyyətlərinin heç də pis olmadığını göstərməyə çalışırlar.

Biz dəfələrlə yazdıq, təkliflər verdik ki, banklar öz müştərilərinə qarşı güzəştə getsinlər, onlara bu kreditləri ödəməkdə yardımçı olsunlar. Ancaq təssüflər olsun ki, daha çox qazanmaq hərisliyi bankları öz mövqeyindən çəkindirə bilmədi. Onlar məhkəmə çəkişmələri yolu ilə problemi həll etməyə üz tutdular. Bu ən uğursuz seçim idi. Krediti ödəmək imkanı olmayandan nə isə əldə etməyə heç məhkəmə də kömək etməyəcək. On görə də nə qədər gec deyil banklar üzlərini müştərilərinə çevrməlidirlər.

Manat tam sərbəst buraxılandan sonra onlar xarici valyutada oalan kreditlərin heç 3-5%-ni də geri ala bilməyəcəklər. Vaxtılıə xarici valyutada əhaliyə zorla kreditlər verərək bəs deyincə qazanc əldə etmiş banklar indi də həmən qazancı öz müştəriləri ilə bölüşməlidirlər. Bir sözlə, indiki maliyyə çətinlikləri şəraitində bu yükü ancaq onlar özü çəkməlidirlər”.