Elman Rüstəmov banklara nəzarəti itirib

Elman Rüstəmov banklara nəzarəti itirib

Baş bankir bank sektorunda baş verən proseslərdən xəbərsizdir...

Baş bankir Elman Rüstəmov sentyabrın 26-da "Bank Standard”da kəskin vəziyyətin aradan qaldırıldığını desə də, cəmi 4 gün sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarı ilə həmin bankın lisenziyası ləğv edildi. Məhz bu hadisədən sonra Elman Rüstəmovun rəhbərlik etdiyi sektorda baş verənlərdən xəbərdar olub-olmaması məsələsi ictimaiyyətdə müzakirə olunmağa başladı.

Çünki bu baş bankın yanlış çıxan ilk məlumatı deyil. Daha öncə də manatın məzənnəsi ilə bağlı belə yanılmaları olmuşdu. Son hadisə bir daha Elman Rüstəmova və onun şəxsində Mərkəzi Banka inamı sarsıtdı. Hazırda ictimaiyyətdə belə bir fikir var ki, Elman Rüstəmov banklara nəzarəti itirib, onun proseslərdən xəbəri yoxdur...

Bank-maliyyə məsələləri üzrə ekspert, vəkil Əkrəm Həsənov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Mərkəzi Bank banklara nəzarəti Nəzarət Palatası yaranan gündən itirib: "Hazırda bank nəzarətini Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir. Bu o deməkdir ki, banklara bank lisenziyasını o verir və geri alır. Bankların fəaliyyətinə nəzarəti də palata həyata keçirir. Bu ilin mart ayından tendensiya belədir. Mərkəzi Bank hazırda yalnız pul siyasətini həyata keçirir, banklar üzərində heç bir səlahiyyəti yoxdur. Yalnız manatı buraxır və banklara kredit verir, bir də milli valyutanın qorunması ilə məşğuldur. Bu da əksər xarici ölkələrdə belədir. Ancaq ümumilikdə, palata, Mərkəzi Bank və Maliyyə Nazirliyi bir yerdə müzakirə edib qərar qəbul edirlər. Ancaq palata onların fikri ilə hərəkət etməyə məcbur deyil, qanuna görə bankların lisenziyasını ləğv etmək tamamilə MBNP-na xas olan səlahiyyətdir”.

"Bank Standard”a gəlincə, ekspert diqqətə çatdırdı ki, E.Rüstəmovun sentyabrın 26-dakı çıxışı bir növ Palataya təzyiq kimi qiymətləndirilə bilər: "Bu bankın sağlamlaşdırılması üçün pulu Maliyyə Nazirliyi verməli idi. Buna görə də, maliyyə naziri bankın lisenziyasının ləğv edilməsini tövsiyə edə bilərdi. Mərkəzi Bank sədrinin sözü isə burada məsləhət xarakterli ola bilərdi. Sentyabrın 26-da baş verən hadisə onu göstərir ki, Elman Rüstəmova ümumiyyətlə məlumat vermirlər, bu işləri onsuz həll edirlər və burada qanunazidd heç nə yoxdur. Bəs, Elman Rüstəmov niyə sentyabrın 26-da belə çıxış etdi? Bank bankir faktiki olaraq özünə aid olmayan məsələ üzrə bəyanat verdi. Əlbəttə, ola bilər ki, bu onda vərdiş halını alıb, bank nəzarətinin əlindən çıxmasına öyrəşə bilmir. Ancaq məncə, burada başqa məsələ var. Elman Rüstəmov ”Bank Standard"ın ləğv olunmasını istəmir. Sentyabrın 26-dakı çıxışı isə o bir növ Palataya və Maliyyə Nazirliyinə təzyiq formasında etdi. Bir növ belə bir xəbər göndərdi ki, mən ictimaiyyətə məlumat vermişəm, siz artıq o bankı ləğv edə bilməyəcəksiniz. Ancaq hər iki qurum bu qərarı verdi və Elman Rüstəmovu bir daha pis vəziyyətdə qoydular".

Bəs, Elman Rüstəmov niyə "Bank Standard”ın ləğv olunmasını istəmirdi?

Bu sualı cavablandıran Əkrəm Həsənov Elman Rüstəmovun prosesi gecikdirməklə məsuliyyətdən yayınmağa çalışdığını vurğuladı: "Əvvəla, ona görə ki, mart ayına qədər bank nəzarəti səlahiyyəti Mərkəzi Bankda idi. ”Bank Standard" isə əmanətlərin həcminə görə, Beynəlxalq Bankdan sonra ölkənin ikinci bankı sayılır. Palata da bu aylar ərzində "Bank Standard”da çoxlu sayda qanun pozuntusu aşkarlayıb. Həmin pozuntular da məhz Mərkəzi Bankın dövründə olub və illərlə davam edib.

Belə çıxır ki, Mərkəzi Bank əmanətçilərin vəsaitlərini batırıb və həmin pulları Maliyyə Nazirliyi vasitəsilə qaytarmaq fikrindədir. Elman Rüstəmov bankın belə tezliklə ləğv olunmasını ona görə istəmirdi ki, bu halda açıq-aşkar günahkar olduğu hiss olunur. Həmin dövlət qurumları da yəqin ki, dövlət başçısına bu şəkildə məruzə edəcəklər. Bankda o qədər pozuntu var, vəziyyət elə ağırdır ki, Elman Rüstəmov banklara elə bərbad şəkildə nəzarət edib ki, onu sağlamlaşdırmaq artıq mümkün deyil. Amma bankı sağlamlaşdırmaq mümkün olsaydı, bir ildən sonra ləğv olunsaydı, o zaman məsuliyyəti Elman Rüstəmovun üzərinə qoymaq mümkün olmazdı. Yəni "Bank Standard”ın ləğv olunmamasına çalışmaqla baş bankir vaxt uzatmağa, məsuliyyətdən qaçmağa çalışırdı".

Əkrəm Həsənov palatanın atdığı bu addımın həm onların, həm də dövlətin maraqlarına uyğun olduğunu qeyd etdi: "Burada ikinci bir məqam da var. Bu da ondan ibarətdir ki, ”Bank Standard"da son günlərə qədər sağlamlaşdırma prosesi gedirdi. O pulu isə Maliyyə Nazirliyi verirdi. Çünki bankların sağlamlaşdırılmasına pul büdcədən ayrılmalı idi. Yəni Elman Rüstəmov öz törətdiyi əməllərin mənfi nəticəsini Maliyyə Nazirliyinin vəsaiti ilə bağlamaq istəyirdi. Ancaq indiki halda bank müflis olubsa, əmanətləri Əmanətlərin Sığortalanması Fondu qaytarmalıdır, onlara isə vəsaiti Mərkəzi Bank verməlidir. Yəni indiki halda pul Mərkəzi Bankdan çıxacaq. Hesab edirəm ki, bu qərarda palatanın da, Maliyyə Nazirliyinin də öz marağı var. Palata istəyirdi ki, ölkə başçısına da, ictimaiyyətə də göstərsin ki, bankın müflis olması ondan asılı deyil, çünki cəmi 6 aydır fəaliyyət göstərir. Deməli, bu halda günahkar Mərkəzi Bankdır.

Maliyyə Nazirliyinin isə marağı odur ki, ilin sonudur, büdcədə pul azdır. Bu baxımdan Mərkəzi bankın vaxtilə buraxdığı səhvə görə pul vermək istəmir və düşünür ki, qoy bu pul elə Mərkəzi Bankdan çıxsın. Bu qərar palata ilə Maliyyə Nazirliyinin şəxsən Elman Rüstəmova qarşı atdığı addımdır. Ancaq bu həm də dövlət maraqlarına uyğundur. Hər iki qurumun bu qərarı verməklə büdcəni əlavə xərcdən xilas ediblər. Sağlamlaşdırma zamanı Maliyyə Nazirliyi ancaq əmanətçilərin borcunu qaytarmalı deyildi, bununla yanaşı digər borcları da ödəməli idi. Orada yalnız əmanətlərin həcmi 520 milyondur, bankın başqa borcları da var, müxtəlif şirkətlərin hesablarında pullar var, bankın xarici banklara borcu var. Yəni azı 700-800 milyon manat borcdan söhbət gedir. Palata həmçinin onu da ortaya çıxarıb ki, bankın verdiyi kreditlər də faktiki olaraq batıb. Batmış bir bankın sağlamlaşdırılmasına nə üçün pul ödənilməlidir. Bu mənada Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının verdiyi qərar doğru qərardır".