Elman Rüstəmov minlərlə turisti girinc qoyub - Fotolar

Elman Rüstəmov minlərlə turisti girinc qoyub - Fotolar

Azərbaycana gələn turistlər girinc qalırlar. Onlar elə təsəvvür edirlər ki, bura turizm ölkəsidir və gecə-gündüz istənilən yerdə, ən azı şəhərin mərkəzində valyutadəyişmə məntəqəsi tapmaq olar.

Ancaq necə yanıldıqlarını Bakıya qədəm qoyanda anlayırlar. Turistlər şəhəri ələk-vələk eləsələr də, pul dəyişmək üçün məntəqə tapılmır.

Turistlər şoka düşüb


"Əlbəttə, absurd qərardır və həm turizmi inkişaf etdirirsən, həm "obmen”ləri bağlayırsan. Bunlar daban-dabana zidd addımlardır.

Turist fikirləşir ki, heç olmasa "Torqovı”da "exchange” olacaq, orda da qəhətə çıxıb. Gülməli vəziyyətdir.

Siz Tiflisin, İstanbulun mərkəzində "obmen” tapmasanız nə fikirləşərsiniz bu şəhər haqda?”,-deyə Bakıda valyutadəyişmə məntəqələrindən birinin sahibi olmuş Eyvaz Kərimov belə danışır.

Onun fikrincə, VDM-nin qapadılması həm də iş yerlərinin bağlanmasıdır. E.Kərimov gözləyir ki, Mərkəzi Bankın qərarı dəyişəcək və məntəqələr işini bərpa edəcək.

Banklar 6-dan sonra işləmir, turist neyləsin?


Hazırda Bakıya gələn turist təyyarədən enən kimi hava limanında pulunu dəyişməlidir. Əgər axşam saat 6-dan sonra şəhəri gəzməyə çıxsa üzərindəki dollar, avro və ya başqa valyutanı dəyişə bilməyəcək.

Bu halda turistin küçədə gecələməsi, restorana hesab verə bilməyib ac qalması belə istisna deyil. Yaxşı ki, onlar qabaqlayıcı tədbirlər görürlər: otel bron olunur, pul aeroportda dəyişdirilir və s.

"Ancaq heç də bu variantlar problemin həlli demək anlamına gələ bilməz. Əgər ölkəni turizm məkanına çeviririksə, mütləq şəkildə "obmen”lər açılmalıdır. Banklar axşam 6-dan sonra işləmir, turistin cibindəki pul qurtarıb, bəs nə etməlidir?

Metronun "İçərişəhər” stansiyası yaxınlığında VDM işlətmiş Nadir Quluzadə belə deyir. Sahibkarın sözlərinə görə, VDM-lər qanunu pozmurdu, saxtakarlıq etmirdi, vətəndaş üçün də pul dəyişmək asan idi:

"İndi banka getməlisən, o da bağlıdırsa, batdın. Əvəzində "qara bazar”a şərait yaradılıb. Vağzalda, müxtəlif yerlərdə "qara bazar” hələ də işləyir”. Bunun qabağı alınmalıdır”.

"Qara bazar”da şıdırğı, şənbə-bazar işgəncəsi


Bakıya gələn turistlər üçün ən böyük problem və işgəncə həftə sonudur. Onlar da bu məsələdən gileylənirlər.

Əsasən də İraq, İran, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlər bu problemlə qarşılaşırlar.

Turist Azərbaycan şənbə və ya bazar gəlibsə, yaxud səfərinin 6-cı günüdürsə, cibindəki pul qurtaranda biçarə vəziyyətdə qalır.

Sadəcə, turistlər dadına otellər çatır və onların daxili fondları dollar və avronu dəyişirlər. Əks halda turistə işarə ilə "qara bazar”ın yeri göstərilir.

Onu da deyək ki, əslində valyutadəyişmə məntəqələri fəaliyyətini bərpa etməliydi. Bu haqda parlament aprel ayında qanun layihəsini təsdiqləyib. Lakin qanuni qüvvəsinə minməyib. Hətta əksər deputatlar bu layihənin vacibliyini qeyd ediblər.


Azərbaycanda valyutadəyişmə məntəqələri vaxtilə fəaliyyət göstərərkən tənzimləyici funksiyasını Mərkəzi Bank həyata keçirirdi.

O zaman da valyutadəyişmə məntəqəsi açmaq istəyən şəxslər 500 manat məbləğində rüsum ödəyirdi.

Müvafiq qanuna dəyişiklikləri nəzərdə tutan layihə qəbul olunarsa, nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasına keçəcək.

Hələ ki, nəzarət Palataya keçmədiyi üçün məsuliyyət qurum rəhbəri Rüfət Aslanlıdan daha çox, Mərkəzi Bank sədri Elman Rüstəmovun üzərinə düşür.

http://azeuronews.com

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.