Ermənistanın Rusiya problemi

Ermənistanın Rusiya problemi

Birləşmiş Ştatlarda nəşr olunan «The Hill» qəzeti Rusiyanın Ermənistanda hədsiz nüfuzundan, təsir gücünün hüdudsuzluğundan yazır.

Qəzet Moskvanın Yerevana təkcə yerli təşkilatlarla, ticarət əlaqələriylə deyil, ölkənin enerji sektoru, mədən sənayesi, nəqliyyat sistemi, telekommunikasiya və bank sektorunda ələ aldığı müəssisələr vasitəsilə nüfuz etdiyini yazır. Rusiyanın Ermənistanı strateji nəzarətdə saxladığını, bununla da əhəmiyyətli siyasi təsirə malik olduğunu vurğulayır.

53 MİLYON DOLLARLIQ BORC

Müəllif, analitik Christina Gathman Ermənistanın müstəqilliyi elan olunandan sonra bəzi mühüm idarələrin səhmlərini borclarının azaldılması əvəzində Rusiyaya verdiyini xatırladır. Rus şirkətlərisə bu durumdan yararlanıb, üstəlik, ucuz qaz təklif etməklə Ermənistanın mühüm obyektlərinə yiyələnib, iqtisadi güzəştlər qazanıb. Məsələn, bu yay Ermənistan Yerevan Elektrik Stansiyasının Rusiyanın «Gazprom» şirkətinə satılması məsələsinin götür-qoy edildiyini deyirdi. Stansiyanın «Gazprom»a 53.3 milyon dollar borcu var.

Ümumiyyətlə, Ermənistanın enerji sektorunun Rusiyadan asılılığı daha çox nəzərə çarpır. Enerji istehsal edən müəssisələr, kimyəvi zavodlar Rusiyanın ya dövlət, ya da dövlətlə bağlılığı olan qurumlarıyla işləyir.

Məsələn, sözdə erməni hökumətinin əlində olan «Metsamor» nüvə enerjisi stansiyası, əslində, hələ də, Rusiyadan gələn yanacaqdan asılıdır. İstilik enerjisi zavodlarının çoxu qazın 80%-ni Rusiyadan alır. Ermənistanın idxal etdiyi neft məhsulları isə müxtəlif ölkələrdən gəlsə də, Rusiyanın nəzarətində olan dəmiryol ilə gətirilir. Ermənistanın dəmiryol sistemini Rusiyanın dəmiryol şirkəti –РЖД idarə edir.

CƏMİ 16% XƏBƏR PROQRAMLARINA BAXMIR

«The Hill» qəzeti Ermənistanın mədən, bank və telekommunikasiya sahələrində də durumun oxşar olduğunu qeyd edir.

Qəzet hətta nisbətən yumşaq sahələrdə, məsələn, informasiya məkanında Rusiyanın nüfuzlu olduğunu, əhalinin 49%-nin xəbərləri rus telekanallarından aldığını yazır. Müəllifin yazdığına görə, Ermənistan əhalisinin cəmi 16%-i rusların xəbər proqramlarına baxmadığını deyib.

2.3 milyonluq erməni diasporunun da əksəriyyəti Rusiyada yaşayır. Müəllif Ermənistan əhalisinin diaspordan bir az artıq – 2.9 milyon olduğunu və yoxsulluqdan əziyyət çəkənlərin diaspordan, yəni yenə də Rusiyadan asılılığını qeyd edir. 2010-2014-cü ildə Ermənistana pul köçürmələrini əks etdirən rəqəmlər də bunu təsdiqləyir. O zaman pul köçürmələri Ermənistan ÜDM-sinin 19%-ni təşkil edib, bunun da 70%-i Rusiyadan köçürülən pulların payına düşüb.

«MOSKVANIN BAKIYA SİLAH SATMASINA QARŞI ÇIXA BİLMİR»

Qəzet bütün bunların siyasətə təsirsiz ötüşmədiyini, partiya liderlərindən tutmuş, ölkə prezidentlərinə qədər müxtəlif dairələrdə təmsil olunan, əslində, həm də iri biznesləri idarə edən oliqarxların Moskvayla dostluq etdiyini yazır. Belələri çox vaxt öz ciblərinə uyğun müqavilələrə imza atdığından Moskvanın Yerevana istədiyi siyasi və iqtisadi qərarları qəbul etdirdiyini deyir.

Yerevanda hakimiyyətin Moskvayla yaxınlığını sübut edən ən tutarlı dəlillərdən biri, müəllifin fikrincə, Karen Karapetian-ın ölkənin baş naziri vəzifəsinə təyinatıdır. K.Karapetian Rusiyanın «Gazprom» şirkətində yüksək vəzifələrdə çalışıb.

«The Hill» yazır ki, Ermənistan Rusiyanın strateji orbitinə elə düşüb ki, hətta Moskvanın Bakıya silah satmasına qarşı çıxa bilmir. Qərbin Ermənistanın demokratik institutlarının inkişafına, səsvermə prosesinə ayırdığı maliyyə yardımları da indi Moskvanın nüfuzu qarşısında acizdir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.