“Hadi Rəcəblini biabır edəcəm”

“Hadi Rəcəblini biabır edəcəm”

Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış tibb elmləri namizədi Rəşid Mahmudov millət vəkili Hüseynbala Mirələmovun və Hadi Rəcəblinin böhranla bağlı söylədiyi fikirlərinə etiraz edib.

R.Mahmudov açıqlamasında bildirib ki, sözügedən deputatlar insanları ələ salır:

"Hüseynbala Mirələmova başa salmaq lazımdır ki, camaat nəyi az yeyib-içməlidir? Ay Mirələmov, sən camaatı dolamısan? Yenə müharibə getsə, cəhənnəm, adam bir təhər dözər. Belə danışanda heç utanmırsız? Guya Hadi Rəcəbli Hüseynbala Mirələmovdan yaxşıdır? Onun milyonları var. Hələ utanmadan deyir ki, müəllimlər gedib fəhlə, süpürgəçi işləsin. Hamını camaat yaxşı tanıyır. Mən Hadi Rəcəblini harada görsəm, bütün bunları şəxsən onun üzünə deyib biabır edəcəm. Onunla üzə-üzə gəlsəm, Hadi Rəcəblini biabır edəcəm. O müəllimləri təhqir edib. Axı o, müəllimləri nə hesab edir?”.

O, bəzi deputatların Azərbaycanda işığın və qazın qiymətinin qalxmasının kasıb əhaliyə təsiri olmayacağı ilə bağlı fikirlərinin yalan olduğunu söyləyib:

"Bəzi deputatlar deyir ki, işığın və qazın qiymətinin qalxmasının kasıb əhaliyə təsiri olmayacaq. Mən bu cür danışan deputatlara açıq çağırış edirəm: Siz uşaq başı aldatmırsınız? Necə yəni, təsiri olmayacaq? Axı çörək işıqla, qazla bişir! Qazın qiymətini qaldıranda avtomatik çörək də bahalaşacaq. İndi kimi aldadırsınız? Bəzi deputatların bu məsələ ilə bağlı məntiqsiz çıxışlarını görəndə, çox pis oluram. Ayıbdır, çıxıb televiziyada ağzınıza gələni danışmayın!”.

R.Mahmudov millət vəkili Yevda Abramovun Milli Məclisdə etdiyi tənqidi çıxışlarına da münasibət bildirib:

"Yəhudi millət vəkili Yevda Abramovun Milli Məclisdəki çıxışı çox xoşuma gəldi. O kişidir, doğru deyir. Axı nə qədər villa tikdirmək olar? Bir dənə evin və yatmağa, qalmağa normal şəraitin oldu, bəs edir. Daha bahalı və dəbdəbəli villalar nəyə lazımdır?”.

Xatırladaq ki, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun "Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır” fikirləri cəmiyyətdə böyük səs-küyə səbəb olub. Bu çıxışına görə Hüseynbala Mirələmovun Milli Məclis rəhbərliyi tərəfindən töhmət alması ilə bağlı məlumatlar yayılıb.(ölkə.az)



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.