Hərbçilərin sosial təminatında böhran güclənə bilər

Hərbçilərin sosial təminatında böhran güclənə bilər

"Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda böhran vəziyyəti davam edir. Müdafiə xərclərinin dollarla götürdükdə dəyərinin yarıbayarı azaldılması 2016-cı ildə hərbi qulluqçuların sosial təminatına mənfi təsir edib və bu proses 2017-ci ildə daha da güclənəcək ”.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli belə deyir.

Onun fikrincə, 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin sosial təminatının gücləndirilməsi istiqamətində hər hansı ciddi addımlar atılmayıb.

"2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrində bəzi hərbi hissələrin yeniləşdirilməsi, yeni hərbi hissələrin yaradılması işi həyata keçirilsə də, ümumilikdə, bütün bu proses hərbçilərin sosial təminatının yüksəldilməsindən yan keçir. Ötən il onlarla hərbi qulluqçunun mənzillə təmin olunması istiqamətində rəsmi xəbərlər yayıldı. Amma görünən mənzərə ondan ibarətdir ki, xidmətdə və ehtiyatda on minlərlə hərbi qulluqçunun mənzil təminatı problemi var. Hökumətin bu istiqamətdə hər hansı aydın strategiyası yoxdur”, o, bildirir.

Hərbçilərin məvacibləri normal yaşayışa yetmir


C.Sümərinli deyir ki, hərbi qulluqçulara ödənilməli olan pul vəsaitlərinin verilməsində də ciddi problemlər var.

"Bu gün, Azərbaycan hərbçilərinin, xüsusilə də aşağı vəzifələrdə xidmət edən zabit, gizir və müddətdən artıq hərbi xidmət qulluqçularının məvacibləri çox aşağıdır. Bu məvaciblə nəinki ailə saxlamaq, heç hərbçinin özünün normal şəraitdə yaşayışını təmin etmək mümkün deyil. Əsas problemlərdən biri də, hərbi qulluqçuların kirayəsi və qida təminatı üçün ödənilən məbləğin azlığıdır”.

Hərbçilərin 2017-ci ildən gözləntilərinə gəlincə, C.Sümərinli Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin sosial təminatı istiqamətində hər hansı irəliləyişlərin olmayacağı düşüncəsindədir.


"Gələn il müdafiə xərclərinin faktiki olaraq 50 faizi silahlanmaya və bununla bağlı proqramlara sərf olunacaq. Bu isə, Azərbaycan ordusu üçün hər hansı inkişaf perspektivi verməyən bir plandır. Çünki silahlanma proqramının ictimaiyyətə aydın olmaması, bu istiqamətdə xərclənən vəsaitlərin böyük ehtimalla korrupsiya hədəfi olması, ən əsası, silahlanma proqramının mövcud hakimiyyətin ömrünün uzadılmasına xidmət etməsi ölkənin milli təhlükəsizlik maraqları baxımından ciddi təhdidlər yaradır”, – deyə C.Sümərinli bildirir.

Manatla götürdükdə büdcədə hərbi xərclərin azalmadığı bəlli olur.

2016 - cı ildə büdcədə hərbi xərclər 2 milyard 228 milyon, bu il isə 2 milyard 642 milyon manat proqnozlaşdırılır.

Ancaq, 2015-ci ildə Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollara nisbətən 2 dəfə dəyər itirib. Ötən il isə 1 dollar 1 manat 55 qəpikdən bir manat 77 qəpiyə yüksəlib.

İqtisadçılar ehtimal edir ki, bu il bir dollar 2 manat həddini keçə bilər.