İlham Əliyev: “Formula-1 hər ölkəyə nəsib olmur”

İlham Əliyev: “Formula-1 hər ölkəyə nəsib olmur”

«Bəzi hallarda hansısa səbəblər üzündən, əgər bir ölkə çempionat, dünya çempionatı keçirə bilmirlərsə, Bakıya müraciət edirlər. Biz çox operativ şəkildə, heç bir əlavə hazırlıq görmədən o çempionatı Azərbaycanda keçirə bilərik».

Prezident İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunmuş mərasimdə belə deyib.

Çıxış dövlət başçısının rəsmi saytında yayılıb.

Prezident daha sonra əlavə edib: «Əgər hər hansı bir yerdə problem varsa, onlar bilirlər ki, bizə müraciət edə bilərlər. Biz əlbəttə ki, istənilən yarışı qısa müddət ərzində ən yüksək səviyyədə keçirə bilərik. Bu, reallıqdır və bu reallığı biz özümüz yaratmışıq, heç kim bizə kömək etməyib».

Ölkə başçısı Azərbaycanın dünya miqyasında güclü idman dövləti kimi tanındığını vurğulayıb.

RİO OLİMPİADASINDA BİRİNCİLİK

«Biz ildən-ilə idman nəticələrimizi, uğurlarımızı artırırıq. Biz Avropa ölkələri arasında 7-ci, dünya miqyasında medalların sayına görə 14-cü yerdəyik. MDB və postsovet məkanında 2-ci və müsəlman aləmində 1-ci yerdəyik», - deyə ölkə başçısı qeyd edib.

AZƏRBAYCANA QARŞI ÇİRKİN KAMPANİYALAR

O, Avropa Oyunları zamanı Azərbaycana qarşı çirkin kampaniyaların aparıldığını deyib: «Bu Oyunlarda çox gərgin mübarizədə bütün Avropa ölkələri arasında ikinci yeri tutmaq, doğrudan da, böyük qələbədir, böyük qəhrəmanlıqdır. Bu Oyunlar ərəfəsində, Oyunlar zamanı və sonra Azərbaycana qarşı mərkəzləşmiş qaydada aparılan çirkin kampaniyada çalışırdılar ki, bizim imkanlarımızı aşağılasınlar. İdmançılarımızın qələbəsini təhrif etsinlər. Rio Yay Olimpiya Oyunlarında əldə edilmiş qələbə bax, bu çirkin şayiələrə növbəti bir tutarlı zərbədir».

«TURISTLƏRİN SAYI 30-40 DƏFƏ ARTIB»

Prezident əlavə edib ki, 2016-cı ildə «Formula-1» yarışının keçirilməsi Azərbaycanın qüdrətini bir daha göstərmiş olub.

«Çünki «Formula-1» yarışının keçirilməsi hər bir ölkəyə nəsib olmur, hər bir ölkə bu məsuliyyəti öz üzərinə götürə bilmir və çətinlik çəkir. Ancaq biz bu yarışı da uğurla keçirmişik. «Formula-1» yarışının Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyəti vardır. 500 milyon tamaşaçı auditoriyası olan bu yarışa bütün qitələrdə baxıblar və şəhərimizin gözəlliyini, insanlarımızın qonaqpərvərliyini bütün dünya görüb. Bu yarışdan sonra ölkəmizə gələn turistlərin sayı dəfələrlə artıb. Elə ölkələr var ki, bu il o ölkələrdən Azərbaycana gələn turistlərin sayı 30-40 dəfə artıb və bu proses davam edir», - ölkə başçısı qeyd edib.

İlham Əliyev gələn il Bakıda keçirilməsi gözlənən İslam Həmrəyliyi Oyunlarından da danışıb.

Bu il Azərbaycanda «Formula-1» yarışları keçirilib. Daha bir neçə il bu yarışlar Azərbaycanda keçirilməlidir. Əks halda Azərbaycan cərimə ediləcək. Gələn ilin dövlət büdcəsində «Formula-1» yarışları və İslam Həmrəyliyi Oyunlarına görə 300 milyon manatdan çox pul ayrıldığı deyilir. Bu, təqribən noyabrın 28-də enerjidaşıyıcıların qiymətinin artırılmasından əldə ediləcək vəsaitə bərabərdir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.