İranın “ümid işartısı”

İranın “ümid işartısı”

Deputat seçiləndən bəri Sadeghi birdən-birə mühafizəkar rejimin sərt tənqidçisinə çevrilib.

Mahmud Sadeghi son vaxtlaradək İran cəmiyyətinə o qədər də tanış ad deyildi, ta ki fevralda millət vəkili seçilənəcən. 290 yerlik Məclisdə islahatçı prezident Hassan Rohani-nin qazandığı 133 deputat kürsüsündən birini də Mahmud Sadeghi tutmuşdu.

Buna qədərsə siyasi karyerasında ən böyük uğuru Təhsil Nazirliyində iki il müşavir işləmək olmuşdu. Deputat seçiləndən bəri Sadeghi birdən-birə mühafizəkar rejimin sərt tənqidçisinə çevrilib.

Evinə polis gəlir və...

Repressiya və senzuranı açıq və kəskin şəkildə pisləyən Sadeghi bir az da irəli gedib. İndi o, İranın ən qüdrətli siyasi xadimlərindən olan, məhkəmə sisteminin başında duran Sadegh Larijani ilə bağlı maliyyə sövdələşmələrini sorğu-sual edir. Toxunulmaz mövzunun üzərinə getməsi nəticəsiz qalmır. Bir neçə gün sonra onu həbs etmək üçün evinə polis gəlir. Ancaq bu, onun medianın diqqət mərkəzinə, bütün cəmiyyətinsə, az qala, qəhrəmanına çevrilməsinə gətirib çıxarır.


İran parlamenti

Sadeghi deputat toxunulmazlığını əsas gətirərək, polisə təslim olmur. Onu həbs etmək cəhdi barədə xəbər qısa müddətdə sosial şəbəkələrdə yayılır. İnsanlar onun müdafiəsindən ötrü evinin qarşısına toplaşır. Beləcə, polis həbsdən vaz keçməyə məcbur qalır. Düzdür, prokuror ifadə vermək üçün prokurorluğa gəlməsə, Sadeghi-nin həbs olunacağını bildirir.

Sadeghi isə Twitter hesabından bəyan edir ki, bu təyziqlər onun və başqa millət vəkillərinin korrupsiya ilə mübarizəsinin qarşısını ala bilməyəcək.

"Ümid işartısı"

Sadeghi-yə qarşı rəsmi ittiham onun üçüncü bir şəsxə böhtan atmasından ibarətdir. Parlamentin vitse-spikeri Ali Motahari bunun arxasında, əslində, Larijani-yi sərt tənqidin dayandığını bildirir. Bunun ardınca, sosial şəbəkələrdə Sadeghi və Motahari-nin hərəkətləri cəsarət nümunəsi kimi təqdim olunmağa başlayır. Onları xalqın "ümid işartısı" adlandıranlar da var.


İranlı hüquq müdafiəçisi Narges Mohammadi

Sadeghi daha əvvəl İranda jurnalist və hüquq müdafiəçilərinin həbsini və Twitter-in filtrasiyasını da vaxtaşırı tənqidə tutmuşdu. O, 16 il müddətinə azadlıqdan məhrum edilmiş hüquq müdafiəçisi Narges Mohammadi-nin azadlığa buraxılması üçün Larijani-yə müraciət ünvanlamış 15 millət vəkilindən biri olmuşdu.