“İraq hava yolları”nın əməkdaşı niyə öldürüldü?

“İraq hava yolları”nın əməkdaşı niyə öldürüldü?

"İraq hava yolları" şirkətinin Bakı nümayəndəliyinin satış üzrə meneceri öz iş yoldaşı tərəfindən iş yerində güllələnib.

Bu gün Bakının Xətai rayonunda baş vermiş qətl hadisəsinin ilkin motivləri məlum olub.

Daha öncə "İraq hava yolları" şirkətinin Bakı nümayəndəliyinin satış üzrə meneceri, 1993-cü il təvəllüdlü Əli Ağalının qətlə yetirilməsi barədə məlumat vermişdik. Hadisə "Demirchi Tower" biznes mərkəzində baş verib. Qətli həmin şirkətdə sürücü kimi çalışan 1989-cu il təvəlldülü Elşən Bəşirov törədib.

Xətai rayon polis idarəsindən Sputnik-ə verilən məlumata görə, Ağalı və Bəşirov arasında bir müddət əvvəl ciddi münaqişə baş verib. Münaqişə zamanı Ağalı öz tanışları ilə Bəşirovu döyüb. Bəşirov isə ondan qisas almaq qərarına gəlib. "Vinçester" tipli ov tüfəngi ilə silahlanan Bəşirov öz avtomobilində iş yerinə gələrək "İraq hava yolları"nın ofisinə daxil olub. Burada o Ağalını elə iş masasının arxasında güllələyib. Patoloqoanatomlar cəsəddə 5 güllə yarası sayıblar.

Hadisədən dərhal sonra Bəşirov öz avtomobilində hadisə yerindən qaçıb. Lakin Xətai rayon cinayət axtarışı şöbəsinin əməkdaşları onu şəhərin mərkəzində ələ keçiriblər. Bəşirov barəsində AR Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Fakt üzrə işi Xətai rayon prokurorluğu aparır.(Sputnik.az)

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.