“Deyirlər pensiyalar qaldırılsın, nəylə qaldıraq?” – Hadı Rəcəbli

“Deyirlər pensiyalar qaldırılsın, nəylə qaldıraq?” – Hadı Rəcəbli

"Biz məcburi köçkünlərin yaşadıqları evlərə gedirdik. Onlar işıq sperallarınından isifadə edirdilər. Sonra isə pəncərəni açıq qoyurdular”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında həmin komitənin sədri Hadı Rəcəbli ölkə başçısının məcburi köçkünlərlə bağlı verdiyi sərəncama münasibət bildirərkən deyib.

Hadı Rəcəbli bildirib ki, bu sərəncam israfçılığın qismən də olsa qarşısını ala bilər.

"Bu günlərdə vəzifə tutan adamlardan biri ilə söhbət etmişəm. Dedi ki, vəzifəyə əmri alan gün ərizə yazaraq, ona verilən yardımdan imtina edib. Düşünüb ki, işdə yüksək maaş alacaq. Onun buna mənəvi cəhətdən haqqı yoxdur. Belə adamlar bu gün çoxdur”.

Komitə sədri bildirib ki, bu sənəd bəzi neqativ halların qarşısını almağa xidmət edəcək, həm də ünvanlılığı təmin edəcək.

"Bundan əvvəl vəsait ümumilikdə işıq, qaz idarələrinə ayrılırdı. Bu məsələyə diqqət yetirmək çətin olurdu. Orada da problemlər olurdu. 20 manat yeməkpulu, 15 manat isə enerji resursları ilə bağlı vəsait idi. İndi 36 manat adambaşına nəzərdə tutulub. Bu rəqəmin özü də məqbuldur. Bu, eyni zamanda qənaətcilliyə həvəsləndirəcək”.

Hadı Rəcəbli "Pensiya islahatları haqqında” yeni qanun layihəsi ilə bağlı da fikirlərini bölüşüb:

"Deyirlər ki, "əmək haqlarını 32 faiz qaldırmaq lazımdır”, "pensiyaları 60 faiz qaldırmaq lazımdır” və s. Bəs necə olsun, nəylə qaldıraq?

Ancaq burada dövlət, büdcə mövqeyi var. Bu məsələdə o qədər həssas və diqqətli olmaq lazımdır ki, popilist çıxışlara yol verilməsin. Mən düşünürəm ki, bu yaşda bizlərə belə populist çıxışlar yaraşmaz”.

Komitə sədri deyib ki, yanvarın 31-də qanun layihəsinin İşçi Qrupla müzakirəsi aparılacaq.

"Fevralın 3-də isə komitə iclasında müzakirəyə çıxarılacaq. Həmin iclasda nazir Səlim Müslümov da iştirak edəcək. Hələlik qanunun mahiyyəti haqqında danışmaq istəmirəm. Deputatlar da layihə ilə yaxından tanış olsunlar. Hələ ki, mətbuata mahiyyət barədə danışmayın. Ayın 3-də komitə iclasında geniş müzakirəyə çıxarılacaq”.


 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.