İxtisarlar sosial gərginlik yarada bilər

İxtisarlar sosial gərginlik yarada bilər

Ekspertlər işsiz qalanların sayının artacağını bildirirlər, səbəblər çoxdur...

Ölkədə son il yarımda - baş verən iki devalvasiyadan sonra bir çox iş yerlərinin də qapandığı sirr deyil. Xeyli özəl şirkət bağlanıb, bankrot olub, bir çox dövlət müəssisələrində işçilərin sayı azaldılıb. Son olaraq, "Azərsu” Açıq Səhmdar Cəmiyyətində ixtisarların olacağı barədə xəbərlər yayılıb.

Qurumun tərkibində fəaliyyət göstərən idarələrin bir-birinə birləşdirilməsi işçilərin kütləvi ixtisar edilməsi məsələsini gündəmə gətirir. Bundan əvvəl isə iki mindən çox bank işçisinin işsiz qalması barədə xəbərlər gündəmə gəlmişdi. Yaranan bu işsizlər ordusu yeni sosial gərginliyin yaranmasına təkan verə bilər. Ekspertlər bununla bağlı narahatlıqlarını bölüşürlər. Həmçinin hökumətin atmalı olduğu addımlar da müzakirə mövzusudur.

Milli Məclisin deputatı Vahid Əhmədov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, ixtisarların davamı olacaq: "Səbəbi aydındır. Neftin qiyməti kəskin aşağı düşüb. Qeyri-neft sektorunda ciddi irəliləyiş, oradan gələn gəlir kifayət qədər qaneedici deyil. Bunun üçün dövlət büdcəsində müəyyən problemlər var. Müəyyən islahatlar, struktur islahatları mümkündür. Prezident də bir neçə dəfə qeyd edib ki, Azərbaycanda islahatlar, struktur islahatları aparılacaq. Bu, gözləniləndir. Hələ bu, davam edəcək. Mənə elə gəlir ki, bu il də ixtisarlar olacaq, 2017-ci ildə olacaq. O vaxta qədər ixtisarlar davam edəcək ki, qeyri-neft sektoru inkişaf edəcək. Qeyri-neft sektorunu lazımi dərəcədə inkişaf etdirdikdən sonra kifayət qədər insanların işləmək üçün normal şəraiti olacaq, kifayət qədər iş yerləri olacaq. Ciddi islahatlara ehtiyac var. Xüsusilə qeyri-neft sektorunda islahatlara zərurət yaranıb. Neft ixrac edən ölkələrin əksəriyyətində belə bir proses, ixtisar gedir”.

Ekspert Natiq Cəfərli isə musavat.com-a deyib ki, belə şəraitin yaranmasına əsasən dövlət və hökumət strukturları səbəbkardır: "Səbəb hökumətin illərdir apardığı səhv siyasətdir. Yəni lazım oldu-olmadı, böyük neft pulları dövründə ştatlar şişirdilirdi və dövlət sektorunda daha çox iş yerləri yaradılırdı. Rəsmi statistika da bunu sübut edur. Ölkədə təqribən 1,6 milyon muzdla çalışan işçi qüvvəsi var. Bunun 900 mindən çoxu məhz dövlət və hökumət müəssisələrində çalışır, büdcədən maaş alan təşkilatlarda və yaxud dövlətə aid olan təşkilatlarda çalışır. Bu da kifayət qədər böyük bir rəqəmdir. Dayanıqlı deyil, effektiv deyil. İdarəetmədə bu qədər kadrların, statların şişirdilməsi indiki böhranlı dövrdə və büdcənin azaldılması dövründə təbii ki, böyük problemlər yaradır. Görünən odur ki, hökumət bu yöndə müəyyən addımlar atmağı düşünür. Gələn ilin büdcə xərcləmələrinin azalmasında da, dövlət strukturlarının effektivliyinin artırılmasında da müəyyən addımlar atılması gözlənilir. Bu da ixtisarlarsız mümkün deyil. Məsələn ”Azərsu"da çalışanların tən yarısının bəlkə də həmin strukturun tərkibində hər hansı layihə ilə məşğul olmasına ehtiyac yox idi. Düşünürəm ki, ixtisarlar daha böyük həcmdə olacaq. Daha ciddi sahələri əhatə edəcək. Bu da təbii ki, sosial gərginliyin artmasına səbəb olacaq. Bu addımı atmamışdan əvvəl hökumət gərək cəmiyyəti, iqtisadiyyatı buna hazırlayaydı. Məsələn, həmin insanlar biznesdə özlərini sınaya bilərdi, buna şərait yaradıla bilərdi. Amma görünən odur ki, Azərbaycanda ciddi, biznesdə də ciddi problemlər olduğundan, bu insanların özlərinə iş qurması da çətinləşəcək. Bu faktor da sosial gərginliyin daha da artmasına səbəb olacaq".

Ekspertin sözlərinə görə, dünya iqtisadiyyatının və texnologiyaların inkişaf trendi onu göstərir ki, dünyada yaxın illərin ən böyük problemi işsizliklə bağlı olacaq: "Cəmi 10 ildən sonra bu gün hələ də tələbat olan peşələrin yarıdan çoxu sıradan çıxacaq. Azərbaycanın bəlası isə həm eybəcər idarəetmə sistemidir, həm də texnologiyaların gələcəkdə təsirinin qaçılmaz olmasıdır. Rəsmi rəqəmlərə nəzər salsaq, bu il sentyabrın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 520,2 min nəfər olub, onlardan 887,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 632,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 22 faizi təhsil, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,8 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 10,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar. Ölkədə əmək qabiliyyəti olan əhalinin 35 faizə yaxını birbaşa neftdən və büdcədən, yerdə qalanların isə, təqribən, 55 faizi isə dolayısı ilə neftdən və büdcədən dolanır. Məsələn, tikintidə çalışan 7 faizə yaxın vətəndaşın dolanışığı dolayısı ilə neftdən, büdcədən asılıdır: Neft satılır, pulu büdcəyə gedir, büdcədən təmir-tikintiyə pul ayrılır, camaat orada iş tapır. Nəzərə alın ki, təmir-tikinti sahəsində, inşaat materiallarının istehsalı və daşınmasında rəsmi çalışanlardan dəfələrlə artıq qeyri-rəsmi çalışanlar var. Bir sözlə, neft gəliri azalır, tikinti də azalır, iş yerləri itir. Bu yanaşma digər sahələrdə də keçərlidir”.

Ekspertin sözlərinə görə, Azərbaycanın daxili sistemindən qaynaqlanan problemlər var: "Ölkədə dövlət və hökumət strukturlarının yarısı bağlanmalı və ya birləşdirilməlidir. İdarəetmədə çalışan insanların, ilkin mərhələdə 30 faizi, sonrakı mərhələdə daha 20 faizə yaxını ixtisara düşməlidir. Çünki mənasız, məzmunsuz, əlavə dəyər yaratmayan, insanların təşəbbüskarlığına mane olan işlərlə məşğuldurlar.

İdman sahəsi ölkədə tamamən korrupsiya və çirkli pullar üzərində qurulub, sağlam təməli yoxdur. Bu sistemdən sonra idman sahəsi bir neçə il tamam çökəcək. Hətta ölkənin daxili çempionat keçirməyə komandaları da qalmayacaq. Bütün idman növlərində çöküş yaşanacaq- bu sahədə birbaşa və dolayısı ilə çalışan yüzlərlə insan işsiz qalacaq. Jurnalistika və media- bu sahədə də əsas vəsait dövlətdən, ya da qeyri-leqal məmurlardan gəlir. Media olması üçün reklam bazarı, reklam bazarının olması üçün azad və rəqabətli bazar, azad və rəqabətli bazarın olması üçün isə normal idarəetmə və məhkəmə sistemi olmalıdır. Bu sistemdən sonra bir müddət jurnalistlər də işsiz qalacaqlar, bir çox TV kanallar bağlanacaq. Ticarət işçilərinə gəldikdə isə bu sahədə də 2 önəmli əngəl var: ümumi iqtisadi aktivliyin azalması və gələcək üçün isə online ticarətin geniş inkişaf perspektivləri. Ticarətdə çalışanları da ağır illər gözləyir, ciddi işsizlik potensialı olan sahədir".

Ekspertin sözlərinə görə, kənd təsərrüfatında da ciddi əngəllər var: "Biz əgər kənd təsərrüfatını rentabelli etmək istəyiriksə, ciddi texniki və yeni texnoloji yanaşmaya keçməliyik, keçsək isə o sahədə də ciddi işsizlik yaranacaq. Məsələn, İsraildə hər hektardan 78 sentner buğda alınır, ortalama, hər 10 hektara 1 nəfər çalışan düşür. İndi özünüz bu sahədə texnika və texnologiyaların tətbiqinin nə qədər işsizlik yaradacağına fikir verin və yeni yanaşma olmasa, bu sahə rentabelli olmayacaq. Turizmlə bağlı isə şişirdilmiş yanaşma var ölkədə, amma potensial da var”.