Kərimov ölsə, ölkəni kim idarə edəcək? – Adlar

Kərimov ölsə, ölkəni kim idarə edəcək? – Adlar

Avqustun 29-da Özbəkistan prezidenti, 78 yaşlı Islam Karimov beyin qansızmasıyla xəstəxanaya yerləşdirilib.

Vizual.Az xəbər verir ki, bu gün gecə radələrində prezidentin ölüm xəbəri yayılsa da, sonradan təkzib olundu.

Bəs Karimovun öləcəyi, yaxud bundan sonra prezident vəzifələrini icra edə bilməyəcəyi təqdirdə nə baş verəcək? SSRİ-nin dağılmasından bəri ölkəni idarə etmiş yeganə lideri kim əvəzləyəcək?

Üçcə nəfər

Özbəkistanın konstitusiyasında prezident öz vəzifələrini icra edə bilmədikdə parlamentin yuxarı palatasının sədrinə 3 ay müddətinə onun səlahiyyətlərini icra etmək hüququ verilir. Hazırda həmin postda çox da tanınmayan Niqmatulla Yuldaşev əyləşib.

Uzun müddətli perspektivdə isə favoritlər siyahısı cəmi üç nəfərdən ibarətdir.

Bir çoxları hakimiyyətin yeni varisinin 58 yaşlı baş nazir Şövkət Mirziyayev olacağını düşünür. O, 2003-cü ildən bəri hökumətə başçılıq edir. Mirziyayev əslən ölkənin Cizzax əyalətindəndir. Cizzax Kərimovun vətəni Səmərqənd əyalətinin qonşuluğunda yerləşir. Mirziyayevin Cizzax və Səmərqənd klanları tərəfindən dəstəkləndiyi deyilir. Kərimovun xəstəxanaya yerləşdirilməsi barədə yeganə rəsmi açıqlamanın Nazirlər Kabinetindən gəlməsi də təsadüfi olmaya bilər…

Klanlar hakimiyyətin ötürülməsi prosesində mühüm rol oynayacaq. Dəmir əllə idarə edən və müxalif fikirlərə qarşı dözümsüz olan Kərimov Özbəkistanın müxtəlif klanları arasında manevr etməyin və onları bir-birinə qarşı qoymağın ustası idi.

Aqressiv qatil…

Bəzi tənqidçilər Mirziyayevi "məntiqsiz və aqressiv qatil” kimi xarakterizə edir. Cizzax əyalətinin qubernatoru olduğu dövrdə (1996 - 2001) onun fermerlərə fiziki təzyiq göstərdiyi bildirilir. Onun seçiciləri döyməsi barədə çoxsaylı şikayətlər və qoçu dəstəsi saxladığı barədə iddialar daxil olmuşdu.

Özbəkistanın əsas rəsmiləri arasında Mirziyayev "beyin” yox, "yumruq” kimi tanınır. Bəzi müşahidəçilərin fikrincə, o, prezidentliyi ələ keçirərsə, Kərimov hökumətindən də repressiv olacaq.

Son beş il ərzində Özbəkistanın konstitusiyasına dəyişikliklər edilib. Ən azı, kağız üzərində baş nazirin səlahiyyətləri artırılıb. Bu, Mirziyayevin xeyrinə işləyə bilər.

Jurabekov-Kərimov dostluğu

1990-cı illərin sonlarında Səmərqənd klanı bir qədər gözdən düşmüşdü. Səbəb klanın başçısı İsmayıl Jurabekovun hərəkətləri idi. Jurabekov 1980-ci illərdə Kərimovun Kommunist Partiyası sıralarında irəliləməsində böyük rol oynamışdı. 1990-cı illərdə təşəkkür kimi ona hökumət vəzifələri və bizneslərə yiyələnmək imkanı verilmişdi. Ancaq Jurabekov çox güclü idi. Özü də onun 1999-cu ilin fevralında Daşkənddə baş vermiş bomba partlayışlarında əli olduğu deyilir. (1999-cu il fevralın 16-da 1-1,5 saat ərzində Daşkəndə müxtəlif hökumət binalarının qarşısında avtomobillərə yerləşdirilmiş altı bomba partlamışdı. Bombalardan beşinin diqqəti yayındırmaq, birininsə Islam Karimovu öldürmək məqsədilə partladıldığı ehtimalı irəli sürülür-red). Daşkənd partlayışlarından az sonra Jurabekov tutduğu kənd təsərrüfatı naziri vəzifəsindən kənarlaşdırılaraq təqaüdə göndərilmişdi.

Baş verənlərdən az sonra Jurabekov yenidən hökumətə qaytarılmış və 2004-cü ilə qədər Kərimovun müşaviri olmuşdu.

Daşkənd klanı

Kərimovun yerini tuta biləcək digər varis isə 56 yaşlı Maliyyə naziri Rüstəm Əzimovdur. O, daşkəndlidir və Daşkənd klanını təmsil edir. Əzimov 1998-ci ildən bəri hökumətdədir. Həmişə də maliyyə vəzifələrində çalışıb.

Əzimov Mirziyayevdən daha mədəni hesab olunur. Həmçinin, onun beynəlxalq aləmlə iş təcrübəsi daha çoxdur. Müstəqilliyin ilk illərində Özbəkistanın Xarici Fəaliyyətlər üzrə Mərkəzi Bankının rəhbəri olmuş Əzimov ölkənin Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə işləyən əsas rəsmisi olub.

Azadlıq Radiosu-nun məlumatına görə, hakimiyyətin üçüncü mümkün varisi isə Milli Təhlükəsizlik Komitəsinin (MTK) 72 yaşlı rəhbəri Rüstəm İnoyatovdur. İnoyatov Özbəkistanda ən güclü adamlardan biridir. O, 1995-ci ildən bəri MTK-nə rəhbərlik edib, eyni zamanda Daşkənd klanındandır.

Çoxları Kərimovun səhhətinin zəiflədiyi son illər ərzində İnoyatovun boz kardinal rolunu oynamasından şübhələnirlər. Kərimovun böyük qızı Gülnarənin çökdürülməsi kampaniyasının onun işi olduğunu düşünənlər də az deyil. Əvvəllər güclü biznes qadını olan Gülnarə Kərimova 2014-cü ildən bəri ictimaiyyət arasına çıxmır. Adının beynəlxalq telekommunikasiya şirkətləri ilə bağlı korrupsiya qalmaqalında hallanmasından sonra atasının onu ev dustaqlığına məhkum etdiyi deyilir.

Kral düzəldən…

Amma İnoyatov kral yox, "kral düzəldən” kimi tanınır. Bu şəxsin son 10 il ərzində bilinən yalnız bir fotoşəkli var. Bu, onun Çinin təhlükəsizlik rəsmiləri ilə görüşündə çəkilmiş şəkildir. O, ictimaiyyət arasında görünməyi sevmir. Ancaq onun dəstəyi olmadan kiminsə Özbəkistanın növbəti prezidenti olması, yaxud da ölkəni maneəsiz idarə edə bilməsi, demək olar ki, mümkün deyil.

İnoyatovun Mirziyayevlə yaxşı münasibətdə olduğu və ölkənin növbəti prezidenti kimi məhz onu dəstəkləyəcəyi barədə ehtimallar var. Onu da deyək ki, Jurabekovun siyasətdən uzaqlaşdırılmasından sonra İnoyatov öz gücünü xeyli artırıb. Görünür, MTK rəhbəri Səmərqənd klanının zəif tərəflərini yaxşı bilir.

Əlbəttə İnoyatovun özü ilə eyni klandan olan Əzimovu dəstəkləyəcəyini də düşünmək olar. Ancaq klanlar arasında tarazlıq çox qəliz mövzudur. Bu vaxta qədər tarazlıq prezidentin Səmərqənddən, əsas postları tutan şəxslərinsə Daşkənddən olması hesabına saxlanılıb. Tarazlığın saxlanması naminə Əzimov dəstəklənməyə də bilər.