Kommunist Partiyasında hacı olmaq istəyənlər var

Kommunist Partiyasında hacı olmaq istəyənlər var

Azərbaycan Kommunist Partiyasının (AKP) sıralarında Həcc ziyarətində olmaq istəyən şəxslər var.

Bu barədə Modern.az saytına partiya sədri Rauf Qurbanov məlumat verib.

O deyib ki, hazırda AKP-nin elektoratında dinə inanan, müqəddəs ziyarətlərdə olmaq istəyənlər xeyli çoxdur.

"Düzdür, büro iclasında bu barədə müzakirə aparılmır. Ancaq partiya sədri kimi müşahidə edirəm və görürəm ki, çox sayda üzvümüz inanclıdır. Onların ürəyindən ziyarətdə olmaq keçir. Amma təkcə daxili təmizlik, məsələlərə ədalətli münasibətlə ziyarət olmur. Gərək maddi vəsait də lazımdır. Bizim üzvlərin isə maddi durumu yaxşı deyil”,-deyə R. Qurbanov bildirib.

Partiya sədri onu da əlavə edib ki, müavini Aydın Şiriyevin Həccə getməyə imkanı olmasa da, o, Məşhəd ziyarətini gerçəkləşdirib.

"Burada qeyri-adi bir şey yoxdur. Müasir kommunistlərin artıq dinə münasibəti başqadır. Yəni, ədalətli, xeyirli, cəmiyyət üçün müsbət şeylər bizlərə yasaq deyil. Bu məsələdə dini ideologiyadan asılı olmayaraq yaxşı şeyləri götürürük”.

Qeyd edək ki, bir zamanlar elmi ateizm kommunizm ideologiyasının tərkib hissəsi idi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.