Ləqəbi “Xorasani” imiş – İstanbul teraktının sensasiyalı təfərrüatı

Ləqəbi “Xorasani” imiş – İstanbul teraktının sensasiyalı təfərrüatı

Yeni il gecəsi İstanbulda "Reina” klubda 39 nəfərin həyatına son qoyan İŞİD üzvü ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Terrorçu İŞİD üzvləri arasında "Əbu Müslüm Xorasani” ləqəbi ilə tanınırmış.

Qatil sonuncu dəfə İstanbulun Zəncirliquyu bölgəsində təhlükəsizlik kameralarına düşüb. O, hadisəni törətdikdən sonra aradan çıxa bilib. Bir müddət hara gedəcəyini fikirləşib, daha sonra 8 taksi dəyişib.

Taksi sürücülərinin kimliyi araşdırılıb, onların ifadəsi alınıb.

Diqqət çəkən detallardan biri isə terrorçunun hücuma keçdiyi an olub. Belə ki həmin vaxt qapıda növbə çəkən 4 polisdən 3-ü nədənsə hadisə yerində olmayıb.

Hadisədən 15 gün öncə həyat yoldaşı ilə birgə İstanbula gələn terrorçu hücumdan 3 gün əvvəl həyat yoldaşını Konyaya göndərib.

Qeyd edək ki, hücumdan dərhal sonra sosial şəbəkələrdə terrorçunun kimliyi ilə bağlı müxtəlif variantlar irəli sürülüb. Bəziləri terrorçunun şaxta baba geyimində hücum etdiyini, bəziləri isə terrorçunun tək olmadığını iddia edib. Daha sonra cinayətkarın ilk görüntüsü yayıldıqdan sonra bu şəxsin Qazaxıstan əsilli Türkiyə vətəndaşı Ramazan İşan olduğu deyilib. Lakin bu iddialar öz təsdiqini tapmayıb.

Daha sonra qatilin 28 yaşlı Qırğızıstan vətəndaşı Lakhe Maşrapov olduğu barədə xəbərlər yayılıb. Lakin Qırğızıstanın "Turmuş” agentliyinə açıqlama verən Maşrapov İstanbul teraktında iştirak etmədiyini, hadisə ilə bağlı polisə məlumat verdiyini deyib.

Xatırladaq ki, "Reina” gecə klubuna hücum zamanı 27-i turist olmaqla 39 nəfər həlak olub, 69 nəfər yaralanıb.