“Lotu Qulu” Bakıdakı atışmadan DANIŞDI

“Lotu Qulu” Bakıdakı atışmadan DANIŞDI

Yanvarın 9-na keçən gecə Bakının Nərimanov rayonunda baş vermiş atışmanın yeni təfərrüatları məlum olub.

Vizual.Az xəbər verir ki, atışmada iştirak edənlər kriminal avtoritetlər Rafiq Eyvazovun (Rafiq Masallinski) və Nadir Səlifovun (Lotu Qulu) adamları olub.

Nadir Səlifovun (Lotu Qulu) vəkili Təranə Əliyeva virtualaz.org-a açıqlama verərək hadisəni şərh edib:

"Bu məlumatı oxuyandan dərhal sonra müvəkkilimlə əlaqə saxladım. N.Səlifov qəti şəkildə bu məlumatı təkzib etdi”.

"Lotu Qulu” öz adamlarının Bakıdakı atışmada iştirakını qəti şəkildə təkzib edir.

"Ümumiyyətlə, mənim Bakıda adamlarım yoxdur. Bütün yaxınlarım Azərbaycanın hüdudlarından kənardadır. Bu yalan məlumatların haradan qaynaqlandığını bilirəm və jurnalistlərə məsləhət görürəm ki, bəzi dairələrin mənə qarşı təxribatlarına aldanmasınlar”, - müvəkkilinin adından çıxış edən vəkilin bəyanatında deyilir.

Qeyd edək ki, KİV-in məlumatına görə, bir neçə gün öncə "Lotu Qulu"nun adamları kriminal avtoritet Rafiq Masallinskini qəddarcasına döyüblər və onun bir qulağını kəsiblər. Zorakılığa məruz qalmış R.Masallinskinin fotoşəkli sosial şəbəkələrdə və Azərbaycan KİV-də yayımlanmışdı.

Xatırladaq ki, yanvarın 9-na keçən gecə Nərimanov rayonunda baş verən atışmanın kriminal avtoritetlər - Rafiq Eyvazov (Rafiq Masallinski) və Nadir Səlifovun (Lotu Quli) adamları arasında baş verdiyi barədə xəbərlər yayılıb.

Ağa Nemətulla küçəsindəki "Nənəmin Təndiri” kafesinin yaxınlığında 15-20 nəfər arasında atışma ilə nəticələnən kütləvi dava olub. Məlumata görə, kriminalistlər hadisənin baş verdiyi ərazidə Makarov tipli tapançadan atılmış gilizlər tapıblar.

Bununla yanaşı, məlum olub ki, atışma Lotu Quli və Rafik Masallinskinin klanı arasında baş verib. Daha dəqiq desək, bu hadisələrə Masallinski səbəb olub. O, öz qisasını alırmış.

Kriminal dairələrə yaxın olan digər mənbənin sözlərinə görə, dekabr ayında Türkiyədə "qanuni oğru” Rafiq Eyvazov amansızlıqla döyülüb. Məhz Lotu Qulinin adamları Masallinskiyə qarşı zor tətbiq ediblər. İlkin məlumatlara görə, Eyvazovla Səlifov arasındakı münaqişə pul üstündə baş verib. Söhbət 200 min dollardan gedir. Əvvəllər, hazırda Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən Səlifovun qruplaşmasının tərkibində olan Eyvazov onunla bərk mübahisə edib və sonra qrupdan çıxdığını bəyan edib.

Tezliklə Səlifovun adamları Eyvazovu İstanbul hava limanında qarsalayıblar və onu restorana aparıblar. Eyvazov tək olmayıb, onunla türk ortağı da olub. Restorandan çıxarkən Eyvazovu və tanışını tapança ilə təhdid edərək adam olmayan yerə aparıblar. Orada onların hər ikisini xüsusi amansızlıqla döyüblər və gizləniblər.

Hadisə baş verəndən sonra Masallinski bir neçə gün xəstəxanada yatıb. Məlumata görə, o, döyüldüyünə görə intiqam almağa söz verib. Belə bir məlumat da var ki, sözügedən qrupların Moskvada baş vermiş qarşıdurmasında bir azərbaycanlı öldürülüb.

Bununla yanaşı, Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hazırda hüquq-mühafizə orqanları atışmada iştirak edən şəxslərin saxlanılması ilə məşğuldur.

Məlumdur ki, baş vermiş hadisə zamanı yaralananlarla bağlı polisə xəstəxanalardan hər hansı məlumat daxil olmayıb.

Məlumatlı mənbənin bildirdiyinə görə, atışma zamanı zərərçəkənlər var. Lakin onlar ələ keçəcəklərini nəzərə alaraq tibb müəssisələrindən yardım istəməyiblər.

 


 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.