“Maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb” – İlham Əliyev

“Maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb” – İlham Əliyev

"2016-cı ildə təhlükələr artıb, qanlı müharibələr davam edib, hətta yeni münaqişə ocaqları yaranıb”.

Vizual.Az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Dövlət başçısı deyib ki, iqtisadi inkişafla bağlı vəziyyət ağırlaşıb: "Bütün bunlara baxmayaraq, Azərbaycan 2016-cı ildə inamlı inkişafını davam etdirib, təhlükəsizlik təmin olunub. Xalqımız sülh və əminamanlıq şəraitində yaşayıb. Ölkəmizdə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir”.

Prezident İlham Əliyev bildirib ki, ötən il ölkə qarşısında duran bütün vəzifələr icra edilib: "Neftin qiymətinin düşməsi nəticəsində yaranan böhranlı vəziyyətdən çıxış yolu tapılıb. Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik və inkişaf yolu ilə gedir. Biz çalışmışıq, bundan sonra da çalışacağıq ki, ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik, sabitlik, inkişaf yoludur”.

İ.Əliyev bildirib ki, ötən il Azərbaycanda sosial məsələlərin həlli diqqət mərkəzində olub.

O qeyd edib ki, maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır. Prezidentin sözlərinə görə, bununla yanaşı, kommunal xidmətlərin diferensiallaşdırılması da sosial ədalət prinsipinə əsaslanıb, orta təbəqənin maraqları nəzərə alınıb: "Sosial siyasətin tərkib hissəsi kimi 485 məktəb təmir olunub, 29 məktəb tikilib, 41 tibb müəssisəsi inşa edilib və ya təmir olunub. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb”.

Dövlət başçısı onu da bildirib ki, "ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatdırılıb: "İndiyə qədər bu mərkəzlərə 13 milyon müraciət daxil olub və göstərilən xidmətlərin sayı artırılıb”.

Prezident qeyd edib ki, 2016-cı il tarixdə dərin iqtisadi islahatlar ili kimi qalacaq. Qəbul edilən qərarlar nəticəsində qeyri-neft sektorunun inkişafı bundan sonra da diqqət mərkəzində olacaq.

O bildirib ki, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində Ümumi Daxili Məhsulun həcmi azalsa da, qeyri-neft sənayesində 5 faiz, kənd təsərrüfatında isə 2,6 faiz artım əldə olunub: "Bax, bu iki rəqəm deməyə əsas verir ki, biz bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bildik. Artıq görülmüş işlər və bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. İqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektoru inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin olunacaq. Əminəm ki, bütün dediyim hədəflərə çatacağıq”.

Prezident qeyd edib ki, ötən il Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayə qoyulub: "2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idi və buna da nail olundu. Digər neft ölkələrindən fərqli olaraq, Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən səmərəli istifadə etdi. Azərbaycanda görülən işlər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilib. Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 30-cu yerdə qərarlaşdırıb. Böhranlı ildə belə ölkədə 100 mindən çox daimi iş yeri açılıb”.