Mahmudovun daha bir “akula”sı Dubayda gizlənir

Mahmudovun daha bir “akula”sı Dubayda gizlənir

Milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudovun daha bir "akula”sı ifşa edilib.

Daxil olan məlumata görə, "akula Polad” ləqəbli Polad Qabulova cinayət işi başlanıb.

İstintaqdan yayınan bu şəxs sabiq nazirə sahibkarlar, varlı-imkanlı şəxslərin dosyelərini ötürürmüş. Onun "akula Akif” ləqəbli Akif İsmayılovla işbirliyi olub. Onlar Mahmudovun dönəmində özlərini tikinti maqnatı kimi təqdim ediblər.

Mətbuatda "akula Akif” haqda nisbətən çox informasiya olsa da, "akula Polad” kölgədə qala bilib.

Bir müddət əvvəl Polad Qabulov barəsində Yasamal rayon Polis İdarəsinin (RPİ) icraatında olmuş və MTN çetesinin təzyiqi ilə xitam verilmiş cinayət işinin icraatı təzələnib.

Bunu bildirən qaynağın sözlərinə görə, həmin cinayət işi 2014-cü ildə aılıb. Bakıda bir iş adamından dəyəri bir neçə milyon olan əmlakları zorla, sənədləri saxtalaşdırmaq yolu ilə almağa cəhd göstərib.

Lakin həmin dövrdə, 2014-cü ilin iyulunda cinayət işinin tam və hərtərəfli araşdırılmasına imkan verilməyib. Mahmudov "vurulandan” sonra isə həmin cinayət işi təzələnib.

Bakı Şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə istintaq edilən 1400902108 saylı cinayət işi üzrə bütün istintaq hərəkətləri aparılmaması əsası ilə Qabulov Polad Həsən oğlunun, Həsənov Mais Akif oğlunun, Rüstəmov İlham Tofiq oğlunun, birinin adı Xas olduğu göstərilməklə şəxsiyyətləri istintaqla müəyyən edilməyən 2 nəfərin və qeyrilərinin hərəkətlərində hədə-qorxu ilə tələb etmə, özbaşınalıq, dələduzluq, mənimsəmə, saxta sənəd hazırlamaqla ondan bilə-bilə istifadə etmə, məhkəmə qətnaməsini icra etməmə və digər cinayətlərin tərkib əlamətlərinin olub-olmamasının yoxlanılmasına qərar verib.

Həmin qərarda xüsusi olaraq vurğulanıb ki, adı çəkilən hər bir şəxsin əməlinə konkret hüquqi qiymət verilmədiyindən icraata xitam verilməsinə dair müstəntiq Elnur Abdullayevin 24 iyun 2014-cü il tarixli qərarı qanunsuz va əsassız olub. Buna görə də qərar ləğv edilib.

Hazırda həmin cinayət işinin istintaqı aparılır. Ehtimal olunur ki, Polad Qabulov Dubayda gizlənir. Bakıya gələcəyi təqdirdə onun həbs ediləcəyi də gözləniləndir. Qeyd edək ki, hər iki "akula” MTN çetesinin fəal üzvlərindən olublar.

Onlar sahibkarlar, varlı-imkanlı şəxsləri birbaşa vurub yıxmaqla məşğul olmayıblar. Bakıda özlərini iş adamı kimi tanıtmaqla sahibkarlar, varlı-imkanlı şəxslərin dosyelərini toplayıb və Eldar Mahmudova ötürüblər.

Və həmin şəxslər sonradan başlarına torba keçirilərək ən müxtəlif bəhanələrlə MTN-ə aparılıblar. Orada sahibkarlar döyülüb, təhqir edilib, şantaj olunub və mal-mülkləri, böyük pulları əllərindən alınıb.

Bilənən odur ki, xidmətlərinə görə "Akula Akif”ə iş adamlarından qoparılan pulun 30-35 faizi verilib. Polad Qabulovla Mahmudov çetesinin hansı şərtlər əsasında çalışdığı hələlik mübhəm olaraq qalır.(politika.az)

 
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.