Mehman Əliyev saxlanıldı – YENİLƏNİR

Mehman Əliyev saxlanıldı – YENİLƏNİR

Az əvvəl aldığımız məlumata görə Mehman Əliyev Yasamal rayon polis idarəsinə gətirilib.

Gecəni idarənin müvəqqəti saxlanma təcridxanasında qalacağı bildirilib.

Məhkəmə barədə heç bir məlumat verilməyib.

***

"Turan İnformasiya agentliyinin direktoru Mehman Əliyevin saxlanılması zamanı qanun pozuntusuna yol verilib”.

Bunu AzadlıqRadiosu-na vəkil Fuad Ağayev bildirib. O qeyd edib ki, bu gün, avqustun 24-ü saat 15:00-da Apellyasiya Məhkəməsində Nəsimi Rayon Məhkəməsinin agentliyin ofisində axtarış aparılması haqqında qərarından verdikləri şikayətə baxılıb.

Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. İclasdan sonra vəkilin deməsinə görə, müstəntiq və prokuror M. Əliyevə "40 dəqiqəlik dindirmə" məqsədi ilə Vergilər Nazirliyinin Vergi Cinayətləri Departamentinə getməyi təklif ediblər.

Vəkil Ağayev M. Əliyevə əvvəlcədən məlumatlandırılmadığına və bildiriş almadığına görə istintaq departamentinə getməkdən imtina edə biləcəyini bildirib. Amma Əliyev çəkinəcək heç nəyi olmadığına görə gedəcəyini deyib. Vəkil onunla birlikdə gedib.​

Vəkilin bildirməsinə görə, Vergi Cinayətləri Departamentində onu və M.Əliyevi bir otaqda saxlayıblar.

Saat 17:50 radələrində isə müstəntiq Vüsal İbadov ondan order istəyib. Vəkil Ağayev deməsinə görə, Əliyev şahid qismində dindirildiyindən orderə ehtiyac olmadığını bildirib.

"Müstəntiq bildirdi ki, Əliyevin statusu dəyişib. Mən artıq iş gününün sonu olduğunu və indi order təqdim edə bilməyəcəyimi bildirdim”.

Bundan sonra vəkili deməsinə görə, onu departamentin binasından çıxarıblar.

Vəkil onu da qeyd edib ki, müstəntiq Əliyevin statusunun dəyişdiyini bildirməmişdən əvvəl hakimiyyətyönlü KİV artıq, agentliyin direktorunun saxlanıldığı haqqında məlumat yayırdı.

"Bu, öz-özlüyündə Mehman Əliyevin saxlanılması barədə sifarişin hansı səviyyədə verildiyini göstərir. İstintaqın hərəkətləri qanunsuzdur. Vəkilin iştirakına baxmayaraq, onu hüquqi müdafiədən məhrum ediblər”, - deyə vəkil bildirib.

F.Ağayev deyib ki, M.Əliyev ən tez sabah, avqustun 25-də, o, order təqdim etdikdən sonra məhkəməyə çıxarılacaq.

Vəkilin bu açıqlamasına, hələlik, Vergilər Nazirliyindən və digər rəsmilərdən münasibət almaq mümkün olmayıb.

* * *

"Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Cinayət Məcəlləsinin 231.1 (vergi ödənişindən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə şübhəli şəxs kimi saxlanıb.

Bu haqda onun özü bildirib.

M. Əliyev Vergilər Nazirliyinin İstintaq İdarəsindən Yasamal Rayon Polis İdarəsinə aparıldığını və orada olduğunu bildirib.

Ona verdiyi məlumata görə, dövlət vəkili təklif ediblər. Amma M.Əliyev imtina edib və vəkilinin Fuad Ağayev olduğunu bildirib.

M. Əliyev 48 saat ərzində qətimkan tədbiri seçilməsindən ötrü məhkəmə qarşısına çıxarılacağını bildirib.

Vəkil Fuad Ağayev isə deyib ki, Mehman Əliyev indiyə qədər istintaqa şahid qismində cəlb olunub. Vəkil onu şahidin nümayəndəsi kimi etibarnamə ilə müşayiət edib.

"Ancaq bu gün (avqustun 24-i) Vergilər Nazirliyinin departamentdə məndən order tələb etdilər. Saat 18-i keçdiyi üçün order götürə bilmədim”.

Vəkil Mehman Əliyevin prosessual statusunun dəyişdiyini, şübhəli şəxs kimi saxlanıldığını bildirib.

"48 saat ərzində "Turan" İnformasiya Agentliyinin direktoruna ittiham irəli sürüləcək. Məhkəməyə çıxarılacaq”, – deyən vəkil avqustun 25-də M.Əliyevlə görüşəcəyini bildirib.

Ancaq Yasamal Rayon Polis İdarəsindən Mehman Əliyevin orada saxlanması haqda deyilənləri təsdiq etməyiblər.

* * *

Bu gün, avqustun 24-də günorta saatlarında "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Vergilər Nazirliyinin İstintaq İdarəsinə çağırılıb.

Bu idarədə agentliyə qarşı vergi qanunvericiliyinin pozulması haqqında ittihamlarla bağlı araşdırma aparılır.

Saat yarım sonra sosial şəbəkədə onun saxlanması haqqında məlumatlar yer alıb. Bir sıra hökumətyönlü KİV-lər onun həbs edildiyi haqqında məlumatlar yayıblar.

Saat 17:45-də Mehman Əliyev özü şəhər telefonu ilə agentlikdəki həmkarlarına zəng edib və hələ də, Vergilər Nazirliyində olduğunu, amma heç nə baş vermədiyini bildirib.

"Onlar oturub nə isə gözləyirlər", – deyən Mehman Əliyev əlavə edib ki, vəkil Fuad Ağayev də onun yanındadır.

Öz növbəsində, bu işi aparan müstəntiqlər şərh verməkdən imtina ediblər, "tezliklə hər şeyin məlum olacağını" bildiriblər.

Dünən, avqustun 23-ü Mehman Əliyev və agentliyin mühasibi Ramil Əliyev Vergilər Nazirliyində 8 saat dindiriliblər.

XATIRLATMA

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti «Turan» İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq ibtidai istintaqın başlandığı bildirilir.

Nazirlik, eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Agentlikdən deyiblər ki, vergi yoxlaması Bakı şəhəri Lokal Gəlirlər Departamentinin onlara 37 min manatdan çox borc hesablanması haqqında verdiyi qərara əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib.

«Turan» İnformasiya Agentliyi bütün iddiaları təkzib edib. Agentlik hesab edir ki, bütün bu addımlar onların fəaliyyətinə mane olmaq, işlərini iflic vəziyyətə salmaq məqsədi daşıya bilər.

Avqustun 16-da isə Vergilər Nazirliyinin əməkdaşları «Turan» agentliyinin ofisinə gəliblər.Onlar 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini özləri ilə aparıblar.

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev baş verənləri «axtarış» adlandırıb. O deyib ki, seyflər, disklər baxışdan keçirilib. Bəzi əməkdaşların dolablarının da yoxlanıldığı bildirilir.

Avqustun17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Hüquqşünaslar bu tələbi qanunsuz sayır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.