Mərkəzi Bank “qara bazar”ı çiçəkləndirir – Ekspert

Mərkəzi Bank “qara bazar”ı çiçəkləndirir – Ekspert

«Mərkəzi Bankın 2017-ci ildəki ilk valyuta hərracı göstərdi ki, o, hər hərracda tələbdən dəfələrlə az valyuta çıxartmaqda israrlıdır».

Mərkəzi Bankın(MB) 2017-ci ildəki ilk hərracının nəticələrini şər edən iqtisadçı Natiq Cəfərli belə deyib.

Ekspertin fikrincə, bu addım «qara bazar»ı təşviq edəcək, rəsmi məzənnə əhəmiyyətini itirəcək.

SƏRBƏST VALYUTA ALIŞ-SATIŞI BƏRPA EDİLMƏLİDİR, YOXSA...

«MB-nin əsas vəzifəsi sərbəst valyuta alış-satışını bərpa etmək olmalıdır. Yoxsa, qiymətlər daha sürətlə artacaq, mağazalar, apteklər getdikcə boşalacaq, olan-qalan investorlar da ölkədən qaçıb gedəcək, rəsmi məzənnə ilə real məzənnə arasında fərq böyüyəcək», - iqtisadçı bildirib.

N.Cəfərli həmçinin, Mərkəzi Bankın ən qısa zamanda məzənnə marjasını dəyişməli olduğunu vurğulayıb.

4 FAİZLİK MARJA LƏĞV EDİLMƏLİDİR

«Mərkəzi Bank 4 faizlik, artıq mənasını itirmiş məzənnə marjasını ləğv etməlidir. Banklara sərbəstlik verməli, valyutadəyişmə məntəqələrinin yenidən açılmasına şərait yaratmalıdır. Başqa yol yoxdur, ölkəni məzənnə siyasətində Türkmənistana, Özbəkistana çevirmək olmaz, bu, daha təhlükəlidir», - deyə N.Cəfərli hesab edir.

Bu gün, yanvarın 5-də keçirilən ilk valyuta hərracında dolların məzənnəsi 1.7707-dan 1.7742 manata qədər artıb.

Əksər kommersiya bankları isə, ötən ilin sonlarında olduğu kimi, dollar satışından imtina edib. Yalnız bir neçə bank limitlə dollar satır. Kommersiya bankları bir dolları hazırda 1 manat 84 qəpiyə alırlar. Dolların satış qiyməti bundan cüzi yüksəkdir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.