Milyardlar qoyduğumuz ölkə çalxalanır

Milyardlar qoyduğumuz ölkə çalxalanır

Natiq Cəfərli: "İnvestisiyalara problem yaranacağını zənn etmirəm”; Elxan Şahinoğlu: "Rusiyadan Montoneqro müxalifətinə açıq dəstək oldu, amma...”

Montoneqroda (Çernoqoriya Respublikası) bu ayın əvvəlində keçirilən parlament seçkilərindən sonra ölkə daxilində vəziyyət gərginləşib. Qanunverici orqanda 81 yerdən 31-nə yiyələnən müxalifət seçkilərin saxtalaşdırıldığını iddia edərək nəticələrlə razılaşmır və baş nazirin istefasını tələb edirlər.

Tələblər təkcə bununla bağlı deyil. Müxalifət Çernoqoriyanın NATO-ya qoşulmasının referenduma çıxarılmasını istəyir. Müxalifətin tələbləri sırasında Rusiyaya qarşı sanksiyalara görə üzr istənilməsi tələbi də var. Müstəqil ekspertlər hesab edirlər ki, Montoneqroda baş verənlərdə ya şimal qonşumuzun, ya da Rusiyaya yaxın dövlətlərin gizli əlləri var.

Qeyd edək ki, Montoneqroda baş verən proseslər Azərbaycanı da yaxından narahat etməlidir. Çünki ölkəmizin ən çox investisiya qoyduğu ölkələr sırasında Montoneqro da yer alır. Bu ölkədə baş verən hər hansı bir hakimiyyət dəyişikliyinin Azərbaycan investisiyalarına təhlükə yarada biləcəyi ehtimal olunur. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ölkəyə yüz milyonlarla yatırım qoyub. Bu amillərə görə Montoneqroda baş verənlər ölkəmiz tərəfindən yaxından izlənilir.

İqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanın Montoneqroda milyardlarla investisiyalarının olduğunu bildirdi: "Həmin investisiyaların hansı formada qoyulduğunu yeni gələn hökumət sorğulaya bilər. Ən azından proseduraların pozulması, problemlərin yaranması məsələsini qaldıra bilər. Düşünmürəm ki, yeni hökumət bu investisiyalardan imtina edəcək, yaxud bunlara qarşı çıxacaq. Hansı hökumətlərin olmasından asılı olmayaraq, hər bir hökumət öz ölkələrində investisiyaların artmasında maraqlı olur. Bu baxımdan, hesab edirəm ki, Montoneqro hökuməti gələcəkdə investisiyaların artmasında, bu istiqamətdə əlaqələrin genişlənməsində maraqlı olacaq. Ona görə Azərbaycanın yatırdığı investisiyalara problem yaranacağını zənn etmirəm. Amma belə hallar yarananda adətən yeni hökumət köhnə hökumətin gördüyü işləri təftiş etməyə başlayır. Həmin bu təftiş nəticəsində investisiyaların qanunauyğun olub-olmaması məsələsi qaldırıla bilər. Azərbaycanla bağlı problemlər o kontekstdə yaşana bilər. Orada kurort şəhərinin özəlləşdirilməsi ilə bağlı problemlər yaranmışdı. Yeni hökumət bunun qanuna uyğun olub-olmaması ilə bağlı məsələni qaldıra bilər. Amma unutmaq olmaz ki, yeni hökumətlərin hakimiyyətə gəlməsi investisiyalara zərbə vurmur, əksinə, yeni hökumətlər daha çox investisiyaların ölkəyə cəlb olunmasını, iş yerlərinin artırılmasını istəyir. Ona görə Azərbaycanla bağlı böyük problemlərin yaşanacağını düşünmürəm. Özəlləşmə ilə bağlı hər hansı problemlər olubsa, bu məsələlərin araşdırılması, sadəcə, gündəmə gələ bilər. Bütün ölkələrin investisiyalara ehtiyacı var. Çernoqoriya kimi hökumətin də digər dövlətlərdən gələn investisiyalara böyük ehtiyacı var. Ölkələrin böyük və kiçikliyindən asılı olmayaraq, buna daim ehtiyac duyulur.”

Politoloq Elxan Şahinoğlu hesab edir ki, seçkilərdə müxalifətin qazandığı nəticə Monteneqronun dövlət siyasətini dəyişə bilməz: "90-ci illərdə bir sıra ölkələr Yuqoslaviyadan ayrıldılar. Böyük müharibələr də oldu. Yeganə Montoneqro idi ki, Yuqoslaviyanın tərkibində qaldı. Hətta Yuqoslaviya dağıldıqdan sonra iki ölkə-Serbiya və Çernoqoriya(Montoneqro) bu birliyinin tərkib hissəsi kimi qaldılar. Amma illər keçəndən sonra Montoneqronun özü Yuqoslaviyadan ayrılmaq istədi. Serbiya bunu istəməsə də, əleyhinə addım ata bilmədi. Müəyyən müddət bu ölkələr arasında münasibətlər normal qaldı. Bir müddət sonra Montoneqroda hakimiyyətə gələn qüvvələr-indi də parlament seçkilərində onlar qələbə qazanıblar-bildirdilər ki, bizim yolumuz Avropadır.

Serbiyada da bu proseslər başladı. Vaxtilə NATO Belqradı bombalasa da, Serbiya da Avropa Birliyinin üzvü olmaq istəyir. Montoneqroda ruslara qarşı olan sanksiyaların aradan qaldırılmasını tələb edən qüvvələr əslində seçkilərdə qələbə qazanmadılar. Sadəcə, parlamentdə müəyyən yerlər qazandılar. Bu baxımdan, hesab etmirəm ki, bu qüvvələr ölkənin siyasətini dəyişsinlər. Müxalifətdən Rusiya ilə bağlı səslənən tələblər Montoneqronun səlahiyyətinə aid məsələ deyil. Sizləri əmin edirəm ki, bu müxalif qüvvələr seçkilərdə qalib gəlsəydilər, üzlərini Avropadan Rusiyaya qarşı çevirməzdilər.

Serbiyanı misal çəkək. Hakimiyyətə gələn qüvvələr dedilər ki, Rusiya ilə əlaqələri daha da möhkəmləndirək, ruslarla qardaşıq. Hətta Rusiyaya mütəmadi olaraq səfərlər də etdilər. Amma bir sözü də dedilər ki, bizim yolumuz Avropadır. Montoneqroda da hansı qüvvə hakimiyyətə gəlsə, Avropaya inteqrasiyadan üz döndərməyəcək. Montoneqro Rusiyaya qarşı sanksiya etməyib ki, üzr də istəsin. Sadəcə, Avropa Birliyinə üzv olmaq istəyən Montoneqro hökumətindən tələb oluna bilər ki, ittifaqın Rusiyaya qarşı sanksiya qərarına qoşulsun. Bunlar da sonrakı proseslərdir. Açığı, Montoneqro müxalifəti siyasi alverdən də istifadə edir. Daha çox tərəfdar toplamağa çalışır. Həmin qüvvələrin Rusiya ilə sıx münasibətlərinin olduğu istisna deyil. Seçkilərdən öncə Rusiyadan Montoneqro müxalifətinə bəzi dairələr tərəfindən açıq dəstək olurdu. Dövlətin daxili işlərinə qarışırdılar. Amma bunlar nəticəsiz qaldı, çünki müxalifət hakimiyyətə gələ bilmədi”./Musavat.com



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.