Mübariz Ağayevin "Nar bayramı" yalanı

Mübariz Ağayevin

Göyçayda ilk dəfə "Nar bayramı"nı kim təşkil edib?

Məlum olduğu kimi 2006-cı ilin noyabr ayından Göyçayda "Nar bayramı" keçirilir. Bu bayramın Göyçayda keçirilməsi təsadüfi deyil. Çünki hər bölgə üçün xarakterik məhsul olduğu kimi nar Göyçayın simvoludur.

"Nar bayramı"nın keçirilməsi ənənə halını almaqla Respublika ictimaiyyətinin və xarici qonaqların böyük marağına səbəb olub.

Lakin bu bayramın keçirilməsinin tarixçəsi barədə bəzi saytlarda müxtəlif fikirlər söylənilir. Əksər mətbuat səhifələrində "Nar bayramı"nın keçirilməsinin təşəbbüskarı 2006-cı ilin iyul ayının 7-dən Göyçay rayon İcra Hakimiyyətinin başçısı işləmiş Mübariz Ağayevin olduğu bildirilir. Bu isə birmənalı qarşılanmır.

Biz çalışdıq ki, bu məsələyə aydınlıq gətirək. Onun üçün Göyçay rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra Hakimiyyətindən adının çəkilməsini istəməyən mənbədən bir çox mətləbləri öyrənə bildik.

Məlum oldu ki, Göyçayda 2006-cı ildə "Nar bayramı"nın təşəbbüskarı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi olub. Belə ki, nazir Əbülfəs Qarayevin imzası ilə 12 iyun 2006-cı il tarixdə 948/03-req saylı məktubla Göyçay rayon İcra Hakimiyyətinin o vaxt ki icra başçısı Nazim İsmayılova (hazırda Sabirabad rayon İcra Hakimiyyətinin başçısıdır) məktubla müraciət edərək bildirib ki, "Mövsümü olaraq hər region üçün xarakterik olan məhsul bayramlarının keçirilməsi praktikası dünyanın müxtəlif ölkələrində geniş yayılmışdır. Mədəniyyət və Turizm Nazirliyi 2006-cı ilin oktyabr ayında belə tədbirlərdən biri olan "Nar bayramı"nın Göyçay rayonunda keçirilməsini təklif edir. Respublikamızda və onun hüdudlarından kənarda məhşur olan Göycay narına həsr olunmuş bu festivalın proqramına nar ilə bağlı müxtəlif müsabiqələrin və region üçün xarakterik olan folklor-etnoqrafik sujetli kütləvi oyunların, habelə musiqi kollektivlərinin çıxışlarının daxil edilməsi planlaşdırılır.

Hesab edirik ki, yerli iş adamlarını cəlb etməklə Göyçayda belə bir festivalın keçirilməsi, həm Göyçay, həm də ətraf rayonların əhalisinin, çoxsaylı qonaqların böyük marağına səbəb olacaqdır. Mədəniyyət və Turizm Nazirliyinin də yardımçı olacağı "Nar” festivalının 2006-cı ilin oktyabr ayında Göyçay rayonunda keçirilməsinə münasibət bildirməyinizi xahiş edirik”.

Göyçay rayon İcra Hakimiyyəti Mədəniyyət və Turizm Nazirliyinin təklifini alqışlayaraq 2006-cı ilin iyun ayından "Nar bayramı"nın keçirilməsinə hazırlıq işlərinə başlanılıb, həmin ilin noyabr ayında ilk "Nar bayramı" keçirilib. Mübariz Ağayevin icra başçılığı həmin dövrə təsadüf edib. Hesab edirik ki, hamıya, o cümlədən mətbuat orqanlarına "Nar bayramı"nın keçirilməsinin tarixçəsi aydın oldu. Heç kimə, o cümlədən işdən çıxarılmış Mübariz Ağayevə şərəf gətirmirki, dövlət tədbrini özününküləşdirsin./Azfakt.com



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.