NATO-nun ən böyük ordusu və “xəlifə”

NATO-nun ən böyük ordusu və “xəlifə”

Britaniyada tanınmış jurnalist Robert Fisk "The İndependent" qəzetində yazır ki, "Türkiyə tək qalıb…"

"Birincisi, bunun irqi səbəblərini bilmək lazımdır, - yazır Fisk, - Əgər Yeni il gecəsi bu 39 kişi və qadın Parisdə və ya Brüsseldə və ya Berlində qətliam edilsəydi xəbər başqlıqları 3-4-gün kükrəyərdi. Əgər ölənlər Qərbi avropalılar olsaydı, xəbər başlıqları iki-üç gün təlatümə gələrdi. Amma əlbəttə, bu hadisə Türkiyədə olub və buradakı adamlar Xristian aləmində olduğu qədər ağdərili deyillər. Ona görə də xəbər başlıqları çox tez sakitləşib. "Bizim evimiz deyil" demişik, biz qərblilər".

Fisk yazır ki, elə buna görə də bu kütləvi qırğında ölənlərin əksər hissəsinin ərəblər olduğunu oxucuların çoxu bilmir. Halbuki balaca Livandan üç nəfər həlak olub, dörd nəfər yaralanıb. Bunların müsəlmanı da var, xristianı da…

Müəllif yazır ki, buna görə də Livanın yerli telekanallarında qalxan şivəndən çox adamlar xəbərsizdirlər.

Orada telekanllar bu hadisə barədə elə reportajlar, ölənlərin yaxınları ilə elə müsahibələr veriblər ki, axırda baş nazir jurnalistlərdən "dərd içində olanları dinc buraxmağı" xahiş edib.

Daha sonra Robert Fisk qətliamın hərbi səbəbindən yazır:

"Suriya müharibəsi ilə çilingağac oyunu oynayan Türkiyə deyildimi? Silahların və pulların öz sərhədindən keçib o taydakı İŞİD və Cəbhət ən-Nüsra və ya "mötədilllərə" çatmasına yol verən Türkiyə deyildimi? Öz kürdləri və Suriya kürdləri ilə müharibəyə gedən Türkiyə deyildimi? NATO-nun ən böyük üzvü olan Türkiyə ordusu bu yaxınlarda bu təşkilata bir azca sədaqətsizlik etməmişdimi?"

"Əgər demokratik yolla seçilmiş diktator qonşunun vətəndaş müharibəsində, Pakistanın Əfqanıstanda etdiyi kimi… vasitə olursa, o lider öz şəhərlərində qətliamlardan başqa nə gözləyə bilər?" - yazır Robert Fisk.

Məqalədə deyilir ki, İstanbul qətliamının siyasi səbəbi də var. Fisk yazır ki, "türklər əvvəlcə Avropa İttifaqına üzv olmaq istəyirdilər, amma indi elə də həvəsli görünmürlər".

Jurnalist yazır ki, miqrantları Avropaya buraxmamaq üçün Brüssellə sövdələşməyə girən Türkiyə indi Rusiya, İran, Çin və başqa qeyri-ərəb ölkələri ilə dostlaşır.

Məqalədə deyilir ki, "ürəyində Türkiyə imperiyasının xiffətini çəkən adam" indi niyə ərəblərə laqeyd olaraq "antiosman xarici siyasəti" yürüdür? Axı o, 2011-ci il inqilablarından sonra ərəbləri dəstəkləyirdi.

Fisk yazır ki, Donald Trump seçki kampaniyası zamanı müsəlmanlara qarşı bəyanatlar səsləndirəndə Erdoğan onun adının İstanbuldakı göydələnlərdən götürülməsini əmr etmişdi, amma indi Ağ Evdəki "təzə oğlanın" onu tənqidlərdən azad edəcəyinə ümid bəsləyir. "Mən bu qədər ümidli olmazdım" - yazır Fisk.

Müəllif yazır ki, bu problemin yalnız bir hissəsidir. "Rusiya təyyarəsini vurub sonra Rusiya prezidenti ilə yaxınlaşan, Suriya inqilabının əvvəlində Əsədi sevən, sonra isə ona nifrət edən, əvvəl Avropa ilə mazaqlaşıb, daha sonra ona diş qıcırdan "belə xəlifəyə" hansı ağlı başında olan yaxın durar?"

Robert Fisk yazır ki, kürdləri bombardman edərkən İŞİD-i bombardman etdiyini deyən, öz ölkəsinin daxili işlərinə qarışılmamasını istəyən Erdoğan Suriya və İraqa qoşun yeridir.

Robert Fisk hesab edir ki, belə siyasətin nəticəsi daha çox qətliamlar olacaq. "Kürdlər, İŞİD, marksistlər, nə bilim daha kimlər tərəfindən…Bəlkə daha çox çevriliş cəhdləri…"

Müəllif bu qənaətə gəlir kiI, ortalıqda çox mühüm siyasi-hərbi məsələ də var.

O yazır ki, iyuldan ötən oktyabradək Türkiyədə 7 min əsgər, 164 general həbs edilib və ya saxlanıb. Elə təkcə saxlanmaları bu adamları kinli edib.

"Xeyr, NATO-nun ən böyük ordusunda kütləvi həbslər hərbçilərin daha uğurlu çevrilişləri həyata keçirməsinin qarşısını ala bilməz. Belə çevrilişdə, xəlifənin özü zindana düşə bilər. Bəlkə daha pisi də ola bilər…" - yazır Robert Fisk.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.