Necə olur ki, Daşkəsəndə 2, Şəkidə 3 nəfər işsiz müavinəti alır?

Necə olur ki, Daşkəsəndə 2, Şəkidə 3 nəfər işsiz müavinəti alır?

Necə olur ki, keçən il, təqribən 184 min əhalisi olan Şəki rayonunda cəmi üç nəfər işsizliyə görə müavinət alıb?

Bu Dövlət Statistika Komitəsinin məlumatıdır.

Statistikaya görə, Hacıqabul rayonunda bircə nəfərə də işsizliyə görə pul verilməyib, Daşkəsəndə 2 nəfər, Tovuzda 8 nəfər işsizliyə görə müavinət alıb.

Bəs, işini itirənlərə dövlət müavinətlərinin verilməsindən imtina edilir, yoxsa, işsizlər özləri bu pul üçün müraciətə həvəsli olmurlar?

Müsavat Partiyasının Şəki şöbəsinin sədri Bakıxan Qəribova deyəndə ki, "Şəkidə cəmi 3 nəfər işsizliyə görə müavinət alır” gülür. Deyir, Şəkidə işsiz çoxdur:

"Bütün çayxanalar doludur. Şəki bir az baməzə yerdir. Bir birlərinə deyirlər ki, atışaq bir çay içək- yəni, 50 qəpikləri də yoxdur çay içməyə. Yəni, Şəkidə vəziyyət bu cürdür. Şəkidə məşğulluq idarəsinə müraciət edəndə hamını göndərirlər kommunal xidmət idarəsinə, məlum olur ki, bu iş nə sənin yaşına uyğundur, nə də ixtisasına".

Bakıxan Qəribov deyir ki, özü də 25 ildir işsizdir, dörd il əvvəl Şəki şəhər Məşğulluq İdarəsinə müraciət edib, ona da deyiblər ki, təmizlikçi işlə. O da razılaşmayıb.

Şəki Məşğulluq İdarəsi gün ərzində telefonlarımıza cavab vermədi, idarənin mövqeyini öyrənmək mümkün olmadı.

Məşğulluq İdarələrinin aid olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də mətbuat xidmətindən zənglərimizə cavab verən olmadı.

Daşkəsən Məşğulluq İdarəsindən isə sualımızı eşidən kimi dəstəyi asdılar.

Abşeron rayon Məşğulluq Mərkəzindən 2016-cı ilin avqustunda "AzadlıqRadiosu”na deyiblər ki, iş üçün müraciət edənlər çox vaxt təklif olunan işlərlə razılaşmırlar. Heç kim fəhləlik, bənnalıq eləmək istəmir.

Dövlət Məşğulluq İdarəsinin internet saytında yazılıb ki, işaxtaran qeydiyyata alındıqdan sonra ona 10 gün ərzində iki dəfə iş təklif edirlər, imtina etsə, adama müavinət verilmir. Orta aylıq müavinət yanvarın 1-ə olan məlumata görə, 257 manatdır. Dövlət həmin müavinəti yalnız o zaman verir ki, vətəndaşa münasib iş təklif edə bilmir. Münasib sözünün təsviri barədə məlumat yoxdur. Elə əsas şikayətlər də həmin "münasib" məsələsinə görə olur. Bizimlə söhbət edən işsiz vətəndaşların tam əksəriyyəti onlara təklif olunan işləri özlərinə münasib görmədiklərini deyirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin təhlilçisi Rəşad Həsənov deyir ki, işsizliyə görə yardım ödənməsi sistemdə prosedur mürəkkəbdir, ona görə adamlar müavinət ala bilmirlər:

"İnsanlar adətən müavinət üçün müəyyən olunan həmin kriteriyalara cavab vermirlər. Məsələn, yaşayış tərzi, onun mülkiyyəti və s. Prosedur mürəkkəbdir".

Rəşad Həsənov təklif edir ki, işsizliyə görə müavinət problemi həll etməyəcək, iqtisadiyyatda monopoliyanı aradan qaldırmaq, yeni iş yerləri yaratmaq lazımdır.

Prezident İlham Əliyev isə oktyabrın 20-dəki çıxışında deyib ki, 2004-cü ildən bəri 2 milyondan çox iş yeri açılıb. Amma Azərbaycanda işsizlikdən şikayətlər xüsusilə son iki ildə daha çox artıb. İki il öncə manatın devalvasiyasından sonra bəzi şirkətlərin işləməsi üçün çətinlik yaranıb, tikinti layihələrinin əksəriyyəti dayanıb.

Rəsmi statistikaya görə, Azərbaycanda cəmi 33 min nəfər işsiz kimi qeydə alınıb. Amma hökumətin tənqidçiləri işlərin sayının əslində rəsmi statistikadan dəfələrlə çox olduğunu deyirlər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.