"Pulsuz iqtisadiyyat “qansız bədən”dir"

Mərkəzi Bank bu il də dövriyyəyə az manat buraxacağını bildirir

Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasəti bəyanatında bu il dövriyyəyə az manat buraxacağını yazıb. Baş bank inflyasiyanın səmərəli yönəldilməsindən ötrü, ilk növbədə, sərt pul siyasəti gerçəkləşməyi vacib bilir. Sənəddə yazılıb ki, inflyasiya riskləri şəraitində iqtisadi artımın pul siyasəti vasitəsilə stimullaşdırılması effektli deyil:

"Bunu nəzərə alaraq, AMB 2017-ci ildə pul təklifini əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq və sərt pul siyasətini həyata keçirəcək”.

Ötən il həmin siyasət nəticə verməyib

Qısası, AMB, 2016-cı ildə olduğu kimi, bu il də dövriyyəyə az manat buraxacaq. Təbii ki, belə siyasət iqtisadiyyatı manatsızlaşdıracaq. Baş bank bu yolla inflyasiyanın önünü kəsməyi hədəfləyir. Di gəl, ötən ilhəmin siyasət səmərə verməyib – gözlənilən ikirəqəmli inflyasiya bunu göstərir.

"Sərt pul siyasəti dövriyyədəki manatı daha da azaldacaq”

İqtisadçı ekspert Natiq Cəfərli sərt pul siyasətinin dövriyyədəki manatı daha da azaldacağını və iqtisadi fəallığı çökdürəcəyini düşünür:

"Manatın iqtisadiyyata buraxılmasının əsas 2 yolu var. Birincisi, AMBfaiz dərəcəsini aşağı salır, banklara ucuz faizlə manat verir, banklar da o manatı kreditlər şəklində biznesə və əhaliyə ötürür. İkinci yol - maaş və təqaüdlərin artırılmasıdır. Bəla burasındadır ki, hər iki yol inflyasiyanı və manatın dəyərsizləşməsini sürətləndirəcək, çünki əhali nə manata, nə AMB-yə, nə hökumətə, nə ölkənin gələcəyinə güvənir və əlində olanı da xərcləmək istəmir”.

"Kredit götürən manatı dollara çevirəcək”

Ekspertin fikrincə, indi kredit götürmək sadələşsə belə, krediti alan manatı dərhal dollara çevirib, sonra nə edəcəyini düşünəcək:

"Banklar da kreditləşmənin artmasından qorxur, çünki onsuz da problemli kreditlər xirtdəyəcən artıb, banklar artıq bunu idarə edə bilmir. Paralel olaraq iş yerləri, əhalinin gəliri də azalır ki, bu da kreditlərin geri dönüşünü çətinləşdirir”.

Bank məsələləri eksperti Əkrəm Həsənov pulsuz iqtisadiyyatı "qansız bədən”ə bənzədir. Onun fikrincə, AMB də indi banklara manat krediti versə, bu kredit real iqtisadiyyata deyil, valyuta bazarına axacaq və nəticədə həm manat dəyərsizləşəcək, həm də inflyasiya artacaq: "Baş bank 25 il ərzində kreditlərin təyinatı üzrə istifadəsinə nəzarət mexanizmi qura bilməyib. Maliyyə Bazarlarına Nəzarət Palatası da qura bilməyib hələ”.

"İnanmıram ki, AMB reallıqda istədiyini edə bilsin”

Digər tərəfdən, ekspert bildirir ki, ölkə qanunvericiliyi, məhkəmələr, bütövlükdə qurumlar sahibkarlıq və real iqtisadiyyatla məşğul olmağa şərait yaratmır:

"Heç kəs Azərbaycanda uzunmüddətli işləmək istəmir, nəsə qoparıb qaçmaq istəyir. Belə şəraitdə AMB pul buraxsa da, faydası olmayacaq. Sadəcə, valyuta ehtiyatları azalacaq, devalvasiya və inflyasiya şiddətlənəcək. Başqa sözlə, çox çətin durumdayıq: yuxarı saqqal, aşağı bığdır. Amma inanmıram ki, AMB reallıqda istədiyini edə bilsin. Vəziyyət pisləşdikcə, onu kredit verərək, pul kütləsini artırmağa məcbur edəcəklər”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.