“Sənədləri Qorbaçova göstərib, dedim ki, bax...”

“Sənədləri Qorbaçova göstərib, dedim ki, bax...”

Ayaz Mütəllibov: "Qarabağ məsələsində Rusiyadan çox şey asılıdır”

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov son açıqlamalarında müstəqilliklə bağlı keçirilən tədbirdə diqqətdən kənarda qalmasından gileylənib. "Dövlət müstəqilliyi ilə bağlı təşkil edilən tədbirlərə məni dəvət etmirlər. 4 ildir ki, Bakıdayam, amma bir dəfə də olsun, belə mərasimlərə görə məni axtaran olmayıb”-deyə, eks-prezident bildirib.

"Yeni Müsavat”a müsahibəsində bu giley-güzardan da danışdıq, imkan düşmüşkən, digər mövzularla bağlı suallara da cavab aldıq.

- Ayaz müəllim, dövlət müstəqilliyi günündə təbriklər aldınızmı?

- Hə, zəng edən oldu. Bəzi saytlardan jurnalistlər zəng etmişdilər, mən də cavablandırdım.

- Bəs iqtidardan, müxalifətdən necə, təbrik aldınızmı?

- Yox, nə iqtidardan, nə də müxalifətdən təbrik almadım. Zəng etməyiblər.

- Keçmiş komanda yoldaşlarınızdan necə?

- Yox, mənim onlarla əlaqəm yoxdur.

- Yəni sizə deputatlar Araz Əlizadə və Tahir Kərimli də telefon açmayıb?

- Yox.

- Hacı Əbdül necə?

- Salam göndərib. Amma özü zəng etməyib.

- Heç oturub düşünürsünüzmü ki, niyə sizi unudublar?

- Bu şeylər məni maraqlandırmır. Hərənin öz münasibəti, öz fikri var. Mən bu illər boyu çox şeylər eşitmişəm. Mənimçün önəmli deyil.

- Amma mətbuata son açıqlamalarınızda müstəqilliklə bağlı tədbirlərə dəvət olunmamağınıza görə şikayətlənmisiniz...

- Mən dəfələrlə öz münasibətimi bildirmişəm. Demişəm ki, biz xalqın dili ilə, ölkənin maraqlarından danışırıq, fəaliyyətimiz göz önündədir. Hər zaman insanları yekdilliyə çağırırıq, ancaq öz aramızda inciklik salırıq. Yaxşı, əgər Müstəqillik Aktı ilə bağlı mənim iradəm olmasaydı - siyasi iradədən söhbət gedir - onda nə olacaqdı? Dövlət başçısız tam şəkildə bunun əhəmiyyəti olmayacaqdı. Deyirlər ki, Mütəllibov bunu istəmirdi. Mən necə istəmirdim ki, Müstəqillik Aktına qol çəkmişəm. (gülür)

- Amma 1991-ci ilin martında SSRİ-nin saxlanması ilə bağlı referendum oldu və xalqın əksəriyyətinin imperiyanın tərkibində qalmağımıza səs verdiyi açıqlandı. Təbii ki, bu, saxtakarlığın nəticəsi idi. 20 Yanvarı görmüş bir xalq belə mövqedə ola bilməzdi. Bəlkə sizinlə bağlı bu səbəbdən belə mövqe səslənir?

- Yox, yox, mən onu deyə bilmərəm ki, referenduma görədir. Referendum öz yerində. Referendum ermənilərin əleyhinə bir siyasi oyun idi. Mən referendumun nəticəsində Qorbaçova təzyiq göstərdim və Çaykənd, Kamo əməliyyatı baş verdi. Biz 24 kəndi quldurlardan azad etdik. Təəssüflər olsun ki, bu barədə heç kəs yazmır, danışmır. Elə bil ki, bu hadisə olmayıb.

- Yəni həmin kəndlərin erməni saqqallılarından təmizlənməsinə razılıq verilməsi Azərbaycandakı referenduma görə idi?

- O vaxt məni maraqlandıran Qarabağdakı vəziyyət idi. Biz də bu qərarı qəbul etdik. Mən Ali Sovetin iclasında çıxış etdim və dedim ki, referendum demokratik respublikanın əlindəki bir alətdir, demokratiyanın əsas üsullarından biridir. Ona görə də referenduma gedək, xalq mövqeyini bildirsin. Dedim, niyə qadağan edirsiniz, özünüz demokratiyadan danışırsınız? İkincisi də bunun əngəli ola bilər, bu da Dağlıq Qarabağda. Bütün səhvlərimiz həmişə Qarabağda vəziyyətimizi gərginləşdirib. Ona görə də mən referendumun sənədlərini aparıb Qorbaçova göstərdim, dedim ki, bax, bizim xalqımızın sizdən tam şəkildə əsası var. Ancaq yenə də bizim xalqın mövqeyi budur, biz belə bir qərar qəbul etdik. Dedim, amma bunun qiyməti var. Soruşdu ki, nə istəyirsən? Dedim, Qarabağı quldurlardan azad etməyi, öz fərmanınıza əsasən. Çünki Qorbaçov 6 ay ondan qabaq Qarabağın silahlılardan təmizlənməsi barədə fərman vermişdi, amma kağız üzərində qalmışdı. Biz həmin əməliyyatları apardıq, uğurlu da oldu. Bunun nəticəsi tam şəkildə müsbət olacaqdı, "QKÇP” (Qorbaçovu devirmə cəhdi-red.) baş verməsəydi. "QKÇP”-nin baş verməsi bu niyyətimizi alt-üst elədi.

"Mən necə müstəqilliyi istəmirdim ki, Müstəqillik Aktına qol çəkmişəm; müstəqillik bizim köhnə arzumuz idi”

- Yəni artıq Moskva Qarabağın tam təmizlənməsi barədə prinsipial qərar vermişdi?

- Bəli, bəli.

- Rusiyalı ekspertlər də etiraf edir ki, Qarabağ hadisələri olmasaydı, SSRİ çökməzdi. Belədirmi?

- Belə fikirlər üstünlük təşkil edir. SSRİ-dən söhbət düşəndə hamı bunu deyir. Hesab olunur ki, SSRİ-nin çökməsi Qarabağdan başlayıb və Qarabağla da tamamlanıb.

- Referenduma qarşı çıxan 43 keçmiş deputata fədakarlıqlarının qarşılığında yüksək dövlət mükafatlarının, hətta "İstiqlal” ordeninin verilməsi barədə fikirlər var. Amma siz deyirsiniz ki, referendum qərarı verməklə doğru addım atdınız. Elə isə hansı tərəf haqlıdır?

- Hər ikisi. (gülür) Siyasətdir də. Siyasətdə fərqli variantlar da qəbul oluna bilər. Müstəqilliyə gələndə, biz onun əleyhinə çıxış etməmişik, əksinə, öz payımızı vermişik.

- Bəs həmin 43 nəfərin mövqeyini necə dəyərləndirirsiniz?

- Vallah, nə deyim? Burda mən bir qəhrəmanlıq görmürəm. O 43 nəfərin söhbətini şəxsən mən bilmirəm, sizdən eşidirəm. Ancaq Müstəqillik Aktını qəbul edəndə siyasi riskimiz var idi. O vaxt deyə bilməzdik ki, SSRİ dağılacaq. Biz oktyabrda bu qərarı qəbul etdik. Oktyabrda hələ SSRİ öz yerində idi. Yəni risk var idi, belə də ola bilərdi, başqa cür də. Ancaq xalqımız həmişə müstəqilliyi istəyib. Bu, bizim köhnə arzumuz idi.

- Vaxtaşırı belə müzakirələr də aparılır ki, o zamanlar müstəqilliyin əleyhinə çıxanlar bu gün vəzifə tutur, mandat gəzdirir. Belə yanaşmalar barədə nə deyə bilərsiniz?

- Mən bir söz deyə bilmərəm.

- Deputat Fəzail Ağamalı sizin müstəqilliklə bağlı tədbirlərə dəvət olunmamağınız barədə dediklərinizə cavabında deyib ki, Mütəllibov Azərbaycana ermənilər qədər ağır zərbələr vurub. Hətta sizi Heydər Əliyevə qarşı nankorluq etməkdə günahlandırıb...

- Boş-boş söhbətlərdir. Heç ona cavab verməyə dəyməz. Deyib deyib də...

- Bəs onun dediyi digər fikirlə razısınızmı ki, 90-cı ildən sonra Heydər Əliyev hakimiyyətə gəlsəydi, nə torpaqlar işğal olunardı, nə də digər faciələr baş verməzdi?

- Mən nə deyə bilərəm? Bu fikrin əsası var. Tanınmış, müdrik adam, böyük təcrübəsi olan şəxs idi. Hətta bir dəfə özü dedi ki, mən Qorbaçovun yerində olsaydım, SSRİ də dağılmazdı. Mən də buna inanıram, onun dediyinə şərikəm.

- Yəni siz də o fikirdəsinizmi ki, Heydər Əliyev daha tez hakimiyyətə gəlsəydi, Qarabağ işğal olunmazdı?

- (Pauza) Hə, ola bilərdi... Mən sizə deyim. Bizlik deyildi. Qarabağ məsələsini yenidənqurma siyasətinin əsasında ortaya atdılar. Ermənilər hücuma keçdilər, bizdən bic oldular. Onların dayaqları da möhkəm idi. Moskvanın özündə, həmçinin xaricdə erməni diasporu güclü idi. Biz bir növ səhlənkarlıq göstərdik. Sovet dövründə necə ola bilərdi ki, Qarabağın erməni əhalisi azərbaycanlılardan üstün olsun? Elə sovet dövründə biz bu amildən xilas ola bilmədik. Ona görə də vaxt gələndə ermənilər dedilər biz sayca üstünük, odur ki, Azərbaycanın tərkibindən çıxmaq, müstəqil olmaq istəyirik.

- Sonrakı dövrdə AXC hakimiyyəti Heydər Əliyevə müraciət etdi və onu Naxçıvandan Bakıya, hakimiyyətə dəvət etdi. Siz prezident olduğunuz zaman heç Heydər Əliyevlə əməkdaşlıq etmək, onu hakimiyyətə dəvət etmək, bir komandada çalışmaq variantı üzərində düşünürdünüzmü?

- Yox, o zaman belə söhbət olmayıb. Mən belə bir müraciət etməmişəm. Zaman elə idi ki, buna vaxt da çatmadı. Mart ayında hakimiyyəti tərk etməyə məcbur olduq. Ancaq sonrakı illərdə mən gözləyirdim ki, belə bir əməkdaşlıq olacaq. Ancaq başqa cür oldu. Belə bir təşəbbüs olub. Özü də bilib. Mənim xahişimi ona çatdırıblar. Hətta 1993-cü ilin mart ayında "Pravda” qəzeti Moskvada məndən müsahibə alanda hakimiyyətə kimin gələ biləcəyini soruşdu. Dedim ki, Heydər Əliyevdən başqa heç kimi görmürəm. Ancaq təəssüf ki, tarix "o olsaydı”, "bu olsaydı” yanaşmasını qəbul etmir. Bir məsələni də deyim. O zaman mən Naxçıvanda olanda akt zalında soruşdular ki, Heydər Əliyevin Ali Sovetə seçilməsinə necə baxırsınız? Dedim, müsbət baxıram, böyük hörmətə layiq olan şəxsdir.

- Prezident İlham Əliyev deyib ki, Dağlıq Qarabağa muxtar respublika statusunu verə bilərik. Azərbaycanın bu güzəştini necə dəyərləndirirsiniz, məqbul variantdırmı?

- Bununla kifayətləniriksə, müsbət baxıram. Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtar respublika statusu verə bilərik.

"Bunlar Hacı Əbdülün xatirələridir, mən buna şərh vermək niyyətində deyiləm”

- Bəs Ermənistanın buna da razılaşmaması halında - təbii ki, razılaşmayacaq - nə etmək lazımdır?

- Rusiyadan çox şey asılıdır. Bu, nə səndən, nə məndən asılı olan məsələ deyil. Əgər bu, danışılıbsa, deməli, prezident məsləhətləşib, bunu deyib. O halda məsələ həll oluna bilər.

- Son günlər 5 rayonun qaytarıla biləcəyindən də çox danışılır...

- 5 rayonun qaytarılması böyük əhəmiyyət kəsb edir. Bu, baş versə, proseslər bizim xeyrimizə inkişaf edər.

- Hacı Əbdül Qarakənd səmasında vurulan vertolyotla bağlı sensasion fikirlər səsləndirib. Sizin komanda üzvlərinin həlak olduğu həmin hadisə barədə səslənən iddialar barədə nə deyə bilərsiniz?

- Mən də onun bu barədə dediklərini eşitmişəm, amma heç nə deyə bilmərəm. Mən bu söhbəti ciddi qəbul etmirəm. Bunlar Hacı Əbdülün xatirələridir, mən buna şərh vermək niyyətində deyiləm.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.