Rokçu Camal Əlinin qohumları polisə çağırıldı

Rokçu Camal Əlinin qohumları polisə çağırıldı

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən rokçu Camal Əlinin anasının və bəzi qohumlarının polisə aparılmasından xəbərsiz olduqlarını bildiriblər.

Mətbuat xidmətindən deyiblər ki, hələlik, bu barədə onlarda məlumat yoxdur.

***

Berlində yaşayan azərbaycanlı rokçu Camal Əlinin anasını və bəzi qohumlarını polisə aparıblar. Bu barədə rokçu özü Facebook səhifəsində yazıb.

Məlumatı musiqiçinin ailəsi də Azadlıq Radiosu-na təsdiqləyib.

"Anamı Bakı şəhər Baş Polis İdarəsinə aparıblar. Hal-hazırda ordadır. O biri qohumları da gətirirlər ora”, – Camal Əli FB-də yazır.

«Əvvəlcə dünən gəlib aparıblar Sabunçu rayon Polis İdarəsinə. Deyiblər ki, oğlunuz mahnı yazıb, onu tuta bilmirik, sizi tuturuq. Şifahi xəbərdarlıq ediblər, deyiblər ki, silsin Youtube-dan. Bu gün yenə gəliblər və bu dəfə artıq Bakı şəhər Baş Polis İdarəsinə aparıblar. Mənim heç nəyi silmək fikrim yoxdur. İlham Əliyev istefa versin, mən də silim. Bir də paylaşıram! Haqq-ədalət yerini tapana qədər də fəaliyyətimə davam edəcəyəm» – Camal Əli statusunu bu sözlərlə tamamlayır.


Polis orqanlarından məsələyə münasibət almaq, hələlik, mümkün olmayıb.

Qeyd edək ki, hakimiyyət təmsilçiləri ölkədə heç kəsin söz və ifadə azadlığına görə təqibə məruz qalmadığını, bütün təməl insan hüquq və azadlıqlarının təmin olunduğunu bildirir.

C.Əli 2007-ci ildə H.O.S.T qrupunda repçi kimi çalışıb. 2008-ci ildə qrupu tərk edib. 2012-ci il martın 17-də Bakıda hakimiyyət əleyhinə olan mitinqdə iştirak edərkən, polis tərəfindən həbs olunub. Azadlığa buraxıldıqdan sonra Azərbaycanı tərk edib. Hal-hazırda Berlində yaşayır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.