Rusiya kibergücdən belə yararlanır...

Rusiya kibergücdən belə yararlanır...

Milli Kəşfiyyat Direktoru James Clapper bildirib ki, Rusiya "klassik təbliğat və dezinformasiyadan, saxta xəbərlərdən" yararlanıb və "bizdə tapdıqları hər boşluqdan faydalanıb"

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump Amerika ictimaiyyətinə Rusiyanın haker hücumları barədə söz-söhbətə çox da fokuslanmamağı məsləhət görsə də, Obama administrasiyası bu məsələni nöqtələmək istəmir.

Cümə axşamı (yanvarın 5-də) Konqresdə keçirilən dinləmələrdə ABŞ-ın xüsusi xidmət rəsmiləri kiberhücumların gerçəkdən baş verdiyinə dair dəlilləri gələn həftə ortaya qoyacaqlarını bildiriblər.

"Tapdıqları hər boşluqdan faydalanıblar”

Sözügedən hesabatın detallarını açıqlamaqdan imtina edən Milli Kəşfiyyat Direktoru James Clapper bildirib ki, Rusiya bu əməliyyat zamanı "klassik təbliğat və dezinformasiyadan, saxta xəbərlərdən" yararlanıb:


James Clapper 5 yanvar 2017

"Onlar bizdə tapdıqları hər boşluqdan faydalanıblar".

Clapper-in sözlərinə görə, Moskva kiberməkandakı gücündən yararlanaraq, Qərbin demokratik dövlətlərini sıradan çıxarmağa, Avropadakı düşmənlərinə təzyiq göstərməyə, öz nüfuz dairəsini genişləndirməyə çalışır.

"Kibercasusluq və kibercinayət rejimin strateji öhdəliyinə çevrilib”

Mərkəzi Kəşfiyyat İdarəsi və digər qurumlar da Rusiya hökumətinin ABŞ-da keçirilən prezident seçkilərini gözdən salmağa və Donald Trump-ın seçki kampaniyasını dəstəkləməyə çalışdığı nəticəsinə gəliblər. Bu məlumatı adlarının çəkilməsini istəməyən hökumət rəsmiləri verib.

Kansler Angela Merkel də bu yaxınlarda Rusiya hakerlərinin Almaniyada keçiriləcək seçkilərə müdaxilə etməyə çalışa biləcəklərini deyib. Fransanın kibertəhlükəsizlik qurumu da apreldə keçiriləcək prezident seçkiləri ərəfəsində rus hakerlərinin onların sistemlərini hədəfə aldıqlarını bildirib. Ötən il ABŞ rəsmiləri Ukraynanın elektrik enerjisi təchizatı sisteminə misligörülməyən hücuma görə də Kremli suçlamışdılar.

"Rusiya son 20 ildə kiberməkanda dövlətin dəstəklədiyi casus fəaliyyətində dominant olub. Kibercasusluq və kibercinayət rejim üçün strateji öhdəliyə çevrilib. Ondan təkcə təbliğat məqsədilə deyil, məlumatı yönləndirmək üçün də istifadə ediləcək", - "Strategic Cyber Ventures" kibertəhlükəsizlik şirkətinin əməkdaşı Tom Kellermann belə deyir.


Angela Merkel, Berlin

Hakerlik Rusiyanın öz xarici maraqlarını təmin etmək üçün yararlandığı üsullardan təkcə biridir. Moskva Avropaya təsir uğrunda ABŞ-la rəqabətdə həm də öz iqtisadi gücünə, ənənəvi təbliğat və casus kampaniyalarına arxalanır. Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi və Bolqarıstandakı Demokratiya Araşdırmalar Mərkəzinin hesabatlarında belə deyilir.

"Köhnə strategiya”

Moskvada yaşayan araşdırmaçı jurnalist Aldrei Soldatov-un fikrincə, "kompromat KQB-nin köhnə strategiyasıdır” ("kompromat” deyərkən, "ifşaedici materiallar” nəzərdə tutulur. "KQB” isə Dövlət Təhlükəsizlik Komitəsinin rusca adının baş hərflərindən götürülən qısaltmadır –red.). Soyuq savaş zamanı Qərb dövlətlərində ictimai fiqurları gözdən salmaq və şantaj etmək üçün bu üsuldan istifadə edilib.

Soldatov deyir ki, rəqəmsal çağın başlanması ilə Kreml bu taktikanı onlayn tətbiq etməyi öyrənib.

Rusiya internetdən faydalanaraq, öz düşmənlərinə daha sürətlə və daha iri miqyasda ziyan vura bilər.

"Haker fəaliyyətinə Rusiya rəhbərliyinin son bir neçə ildə atdığı... addımlar silsiləsinin bir hissəsi kimi baxmaq lazımdır. Ümumiyyətlə, ABŞ-Rusiya münasibətləri indi çox təhlükəli nöqtəyə gəlib. Hakerlik bunun bir hissəsidir", - Harvard Universitetinin Belfer adına Elm və Beynəlxalq Əlaqələr Mərkəzinin Kibertəhlükəsizlik Layihəsinin direktoru Michael Sulmeyer-in şərhidir.

Ancaq bu alətlər təbliğatla məhdudlaşmır. Rusiyaya bağlı hakerlərin təchizat və hərbi əməliyyatları hədəfə alan hücumlar üçün sınaq meydançası kimi Ukraynadan istifadə etdikləri güman olunur.

"Mən Rusiya kibermaşınını şişirməzdim”

"CrowdStrike" kibertəhlükəsizlik şirkəti Kremlə bağlı hakerlərin Ukrayna hərbçilərinin hazırladığı android kompüter əlavəsinə uğurlu hücum gerçəkləşdirdiyini bildirir. Bu əlavədən artilleriya silahlarının atəş vaxtını sürətləndirmək üçün istifadə edilir.

"Bu, bütün dünyada bir çox ordunun üz tutacağı taktikadır. Belə cihazları hədəf götürməklə, son dərəcə dəyərli məlumat əldə edə bilərsiniz", - "CrowdStrike"ın baş təhlükəsizlik əməkdaşı Dmitri Alperovitch-in sözləridir.


Hillary Clinton, 28 iyul 2016

"Mən Rusiya kibermaşınını şişirtməzdim. Biz də xeyli güclüyük. Bizim beynəlxalq münaibətlərdə öz davranış standartlarımız var. Görünən odur ki, ən güclü rəqiblərimizdən biri bundan sui-istifadə edir", - Harvard Universitetindən cənab Sulmeyer belə deyir.

Rusiya bu ittihamları rədd edir.

Wikileaks-in yaradıcısı Julian Assange ötən həftə "Fox News"a müsahibəsində Demokratlar Partiyası Milli Komitəsindən və Clinton-dan oğurlanmış elektron məktubları "dövlət qurumundan" almadığını bildirib. O, sözügedən materialları üçüncü tərəfdən aldığını istisna etməyib.