Rusiya sülh yarada bilərmi?

Rusiya sülh yarada bilərmi?

«The New York Times» qəzeti baş məqaləsində Suriyada ötən həftə başladılmış atəşkəsi əndişəsiz qəbul etməyin çətinliyindən yazır. Axı son altı ildə bu ölkədəki vətəndaş müharibəsində 400 mindən çox insan həlak olub, bütöv şəhərlər yerlə yeksan edilib. İndi dünya ancaq bir şeyə ümid bəsləyir ki, ötən cümə elan edilmiş atəşkəs əvvəlkilərdən daha çox çəksin, dönüş nöqtəsi yaratsın.

DOMİNANT ROL

«İki il ərzində Bashar Assad rejimini dəstəkləyən Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ştatların atəşkəs yaratmaq, vətəndaş müharibəsini bitirmək danışıqlarına könülsüz yanaşıb. İndi isə Vaşinqtonda hakimiyyət keçidi baş verdiyi dönmədə Putin ABŞ-ı məharətlə sıxışdırıb və Suriyada əsas beynəlxalq oyunçu mövqeyinə keçib», – məqalədə oxuyuruq.

Qəzet vurğulayır ki, Rusiya bu rola tədricən yiyələndi, axı ABŞ prezidenti Barack Obama da ölkəsini vətəndaş müharibəsində birbaşa hərbi iştirakdan saxlayırdı. Obama bəzi üsyançı qrupları dəstəkləsə də, Yaxın Şərqdə daha bir münaqişəyə girişməməyə çalışırdı. Bir çox ekspertlər bunun Amerikanın nüfuzuna təsirsiz ötüşmədiyini düşünürlər.

«Görək Putin müharibəni bitirə, ordusunu geri çəkə biləcəkmi. Bu zaman onun Suriyanın gələcəyindən ötrü məsuliyyət götürməyə meylli olub-olmayacağı sualı da yaranır. Dağılmasında Rusiyanın rol oynadığı şəhərlərin bərpası da buraya daxildir», – qəzet yazır.


Suriyada qaçqınlar.

MÜHARİBƏ BİTƏRSƏ...

Ötən həftəki atəşkəs Rusiya, İran və Türkiyə rəsmilərinin Moskva görüşündə əldə olunub. Amerikalılar bu prosesdən kənarda qalıblar. Dövlət Departamenti bunu dansa da, belə olub. «The New York Times» Moskva görüşünü Rusiyayla Türkiyənin əməkdaşlığı baxımından vacib sayır. Ankarada Rusiya səfirinin qətlindən sonra bu, önəmli prosesdir.

«Putin-dən fərqli olaraq, Türkiyə prezidenti Recep Tayyip Erdoğan Assad-ın devrilməsi tərəfdarıdır. Amma Rusiya Türkiyənin Suriyadakı kürd qüvvələri «ovlamasına» şərait yaradarsa, Türkiyə üsyançılara dəstəyini azalda bilər», – məqalədə vurğulanır.

«Nəzəri baxımdan, vətəndaş müharibəsi bitərsə, suriyalılar həyatlarını yenidən qurmağa başlarlar. Birləşmiş Ştatlar daxil digər ölkələr isə «İslam Dövləti» silahlı qruplaşmasıyla savaşa fokuslanarlar. Amma bu, hələ hər şeyin yaxşı gedəcəyi demək deyil. Ötən sülh planlarını pozmuş məsələlər həll olunmamış qalır. Ən böyük məsələ odur ki, Rusiya Assad-ın hakimiyyətdə qalmasında israr edəcəkmi. Assad ölkənin 1/3-ini nəzarətdə saxlayır, əhalinin sünni çoxluğu isə ona nifrət edir. İndi də Rusiyanın əlində bu problem var».



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.