Sabiq nazir manatın taleyindən danışdı

Sabiq nazir manatın taleyindən danışdı

Artıq iki ildən çoxdur ki, manat ətrafında baş verən olaylar cəmiyyətdə hər kəsi rahatsız edir. Bu müddət ərzində milli valyutanın məzənnəsini sabit saxlamaq məqsədilə Mərkəzi Bank öz valyuta ehtiyatlarının 2/3-ndən çoxunu itirsə də əslində heç nəyə nail ola bilmədi və yalnız bundan sonra manatın üzən məzənnəyə keçməsinə qərar verdi.

Vizual.Az xəbər verir ki, bunu keçmiş maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədir Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, manatın məzənnəsi bu gün Mərkəzi Bank tərəfindən idarə olunur:

"Bu gün manat real olaraq üzürmü? Xeyir, o rəsmən üzən məzənnəyə keçirilsə də, faktiki olaraq Mərkəzi Bank tərəfindən tam idarə olunur. Bəs manatın məzənnəsini bu qayda ilə nə qədər tənzimləmək mümkündür? Hesab edirik ki, buna son verməyin vaxtı artıq çatıb. Bu gün manatın məzənnəsinin real olaraq üzməsini – yənin onun tam sərbəst buraxılmasını ölkənin mövcud iqtisadi və maliyyə durumu tələb edir. Neftin qiymətlərində baş verən kəskin dəyişikliklərin bir müddətdən sonra qaydaya düşəcəyinə bəslənən ümüdlər aradan qalxdıqdan sonra vəziyyət tamamilə dəyişdi. Əgər bu qiymətlərdə müsbət dəyişikliklərin nə vaxt baş verəcəyi bəlli olsaydı, onda doğrudan da gözləmə mövqeyi seçmək mümkün idi. Lakin təəssüf ki, daha çox siyasi motivlərə söykənən bu qiymətlərdə müsbət dəyişikliklərin nə vaxt baş verəcəyinə indi heç kim təminat verə bilməz. Belə bir vəziyyətdə manatın məzənnəsini süni yolla, qeyri-müəyyən bir müddətə qədər saxlamaq, sonradan çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər. İndiki durumda manatın tam sərbəst buraxılması ən düzgün seçim ola bilər. Bundan qorxmaq lazım deyil. Nə qədər çətinliklər yaransa da onların hamısı müvəqqəti xarakter daşıyacaq və tədricən aradan qalxa biləcəkdir. Əvəzində isə həm cəmiyyət və həm də aidiyyatı rəsmi strukturlar manatın məzənnə problemindən birdəfəlik xilas olacaqdır. Onsuz da bu gün biz nə qədər çalışsaq belə manatın məzənnəsini onun real dəyərindən aşağıda saxlaya bilməyəcəyik. Bu ağır bir yükdür və indiki reallıqlar şəraitində ondan imtina etmək lazımdır. Bunun alternativi yoxdur. Bu addım atılarsa, o şok effekti yaratmağa imkan tapmayacaq.

Yaranmış vəziyyətdə yeganə düzgün seçim, iqtisadi islahatların sürətlə həyata keçirilməsini təmin etmək yolu ilə həm idxalı əvəzləyən məhsulların istehsalını arqtırmaq və həm də real sektordan ixracın həcmini artırmaqdan ibarət ola bilər. Bu kurs isə artıq götürülüb. Hökumət real sektorun sürətli inkişafını təmin edə biləcək bütün zəruri addımları atır və bu addımların pozitiv nəticələrinin tezliklə baş verəcəyi gözləniləndi. Ona görə də qorxmadan, çəkinmədən və gecikmədən manatı tam sərbəst buraxmaq lazımdır.

Manatın tam sərbəst buraxılmasının bank sektoru üçün yaradacağı əsas problem onların xarici valyutada verdikləri kreditlərin qaytarılması ilə bağlı ola bilər. Bu sahədə isə mənzərə manatın iki devalvasiyasından sonra onsuz da ürəkaçan deyil. Yəni manatın sərbəst buraxılması bu sahədə elə bir ciddi dəyişiklik yaratmayacaq. Xarici valyutada verilmiş kreditlərin yükünü isə zamanılə vətəndaşlara zorla bu kreditləri verən bankların üzərinə qoymaq lazımdır. Onsuz da bank sektorundakı islahatlarla bundan sonra daha 20-yə qədər bankın bağlanması tam gözləniləndir. Bizə iqtisadiyyatımıza real dəstək verə biləcək banklar lazımdır. Lombard xislətli banklardan isə xilas olmaq gərəkdir”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.