Saxta məhsulların bazarı…

Saxta məhsulların bazarı…

Azərbaycan saxta məhsullara ildə 200 milyon manat xərcləyir.

Vizual.Az xəbər verir ki, bu barədə "Exo” qəzetində yazılıb.

Ekspert Nəriman Ağayev mövzunu qəzetə belə dəyərləndirib:

"Azərbaycan mağazalarında ildə saxta məhsullara 200 milyon manat xərclənir. Bir qayda olaraq, əsasən, kosmetika, ətir, yüngül sənaye, dərman və alkoqol məhsulları saxtalaşdırılır”.

Ekspert hesab edir ki, istehlakçılar bu saxta məhsulları məhz savadsızlıqları və nisbətən ucuz olmaları üzündən alırlar.

N.Ağayev deyib ki, saxta məhsullar içində spirtli içkilər üstünlük təşkil edir.

Eyni zamanda ekspert ətriyyat məhsullarının da üzərində dayanır. Konyak, Fransa istehsalı olan ətirlər adı ilə bəzən elə şeylər satılır ki, qiymətindən onun saxtalığını həmin an anlamaq olur.

Digər ekspert Eyyub Hüseynov da deyib ki, dünyanın məşhur brendlərinin adı ilə saxta məhsullar Bakının mərkəzində satılır:

"Daha çox geyimlər və ayaqqabılar saxtalaşdırılır. Belə ayaqqabıların 30 faizi saxtadır. Bu hala qarşı hazırda çox az olan yerli brendləri inkişaf etdirməklə mübarizə aparmaq mümkündür. Yalnız bu halda saxta məhsullara ehtiyac qalmaz”.

Saxta ətriyyat üzündən bütün ölkələrin əziyyət çəkdiyini deyən ekspert dünya parfümeriya bazarının 10 faizini belə saxta məhsulların tutduğunu bildirir.

E.Hüseynov qeyd edir ki, bütün dünya bazarını dolduran saxta ətriyyat məhsullarının 70 faizi Çində istehsal olunur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.