Səngəçalda təkrar partlayış - YENİLƏNİB

Səngəçalda təkrar partlayış - YENİLƏNİB

Bakının Səngəçal qəsəbəsində qaz xəttində baş verən yanğının söndürüldüyü bildirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

***

Səngəçal qəsəbəsində 5 gün əvvəl partlayış baş vermiş qaz kəmərində yenidən partlayış olduğu bildirilir.

Hadisənin bu gün - yanvarın 2-si saat 7 radələrində kəmərin eyni yerində baş verdiyi bildirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər yayıb.

Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.

Yanğın lokallaşdırılıb, tam söndürülməsindən ötrü tədbirlər davam etdirilir.

Dekabrın 27-də saat 10 radələrində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış və yanğın baş vermişdi.

Partlayışda evlərə ziyan dəyib

Yanğın 6 saatdan sonra söndürülmüşdü. Hadisə nəticəsində insan itkisinin olmadığı bildirilirdi. Ancaq yaxınlıqdakı evlərin pəncərələri, dam örtükləri ziyan görmüşdü.

Hadisənin nədən baş verdiyi rəsmən açıqlanmasa da, SOCAR bir neçə versiyanı nəzərdən keçirildiyini bildirirdi.

«2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması nəzərdən keçirilir. Habelə, kəmərin keçdiyi ərazinin aqressiv və sürüşkən zonada yerləşməsi nəticəsində aşınmaya məruz qalması ehtimalları dəyərləndirilir. İlkin baxış qəzanın texnogen xarakter daşıdığını təsdiq edir», - şirkət qeyd edirdi.

***

Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş vermiş qəzanın aradan qaldırılması istiqamətində təmir işləri davam etdirilir.

Bu barədə SOCAR-dan məlumat verilib.

Məlumata görə, qəza baş vermiş kəmərin istismara buraxılması üçün aparılan yoxlama işləri zamanı yeni nöqsan aşkar edilib. Yoxlama-sınaq işləri müvəqqəti olaraq dayandırılıb.

"Hazırda yeni nöqsanın aradan qaldırılması istiqamətində işləri davam etdirilir. Bu işlərin həyata keçirilməsinin sənaye və əhali abunəçilərinin qaz təminatına heç bir təsiri olmayacaq”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün saat 07:00 radələrində 2016-cı il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttinin eyni yerində yenidən yanğınla nəticələnən partlayış baş verib.

Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.

Qaz xəttində baş vermiş yanğın söndürülüb.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.