Şövqi Məmmədov biləsuvarlıları necə soyur?

Şövqi Məmmədov biləsuvarlıları necə soyur?

Bakı-Biləsuvar marşrutu ilə hərəkət edən sərnişinlər çaşqınlıq içindədir.

Rayon sakini Surxay Şahbazovun Axar.az-a verdiyi məlumata görə, paytaxta gəlmək istəyən sərnişinlər bunun üçün 2,91 manat ödəyir. Lakin həmin yolu geri qayıdarkən Bakı məntəqəsində 5 manat tələb edilir:

"Bu günlərədə, Bakıya səfər üçün Biləsuvar avtovoğzalından 2,91 manata bilet alaraq yola çıxdım. Bakıdan Biləsuvara qayıdarkən isə qəribə mənzərə ilə üzləşdim.

Rayona yola çıxan mikroavtobuslar köhnə Karvansaray adlı ərazidə, özü də qanunsuz fəaliyyət göstərir. Həmin sərnişindaşıma obyektini Şövqi Məmmədov işlədir. Orada qiymətlərlə maraqlananda Biləsuvara gediş haqqının 5 manat olduğunu dedilər. Etiraz edəndə isə "sizin avtovoğzalınızda (Biləsuvarda) olanlar özlərindən bazar açıblar, buradan gediş haqqı 5 manatdır”, - dedilər. Bilet almaq istədikdə isə mənə Bakı Beynəlxalq Avtovoğzalına gedən yolu göstərdilər.

Əlacsız qalıb, Bakı Beynəlxalq Avtovoğzalına yollandım. Çətinliklə də olsa, bilet satışı kassalarını tapdım. Öncə rayonlara gediş haqqı və digər göstəriciləri özündə əks etdirən lövhədə Biləsuvarın adını axtarıb tapmağa cəhd göstərdim, sonda məlum oldu ki, ümumiyyətlə, buradan Biləsuvara marşrut yoxdur.

Avtovağzal rəhbərliyindən Məhəmməd adlı şəxs bu məsələnin onlardan asılı olmadığını, reysin açılması ilə bağlı müraciət olduqdan sonra müqavilə bağlandığını dedi”.

Şikayətçi daha sonra Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət edib. Qurumun Cəlilabab Regional Şöbəsinin rəisi Namiq Kərimov gediş haqqının 2,91 manat olduğunu bildirib:

"Avtomobil Nəqliyyatı Haqqında Azrəbaycan Respublikasının Qanununa əsasən, şəhərlərarası sərnişindaşımada başlanğıc və son dayanacaq avtovağzallar olmalıdır. Başqa sözlə desək, Biləsuvar-Bakı istiqamətində də, işləmək istəyən hər hansı daşıyıcı əvvəlcə avtovoğzallarla xidməti müqavilə bağlamalı, sonra nəqliyyat nazirliyinin aidiyyəti qurumuna müraciət etməlidir.

Biləsuvar-Bakı müntəzəm şəhərlərarası sərnişindaşıma üçün 3 fiziki şəxslə müqavilə bağlanılıb. Ümumilikdə, 11 mikroavtobusla sərnişindaşımaya icazə verilib.

Sərnişin daşınması üzrə qiymətlər Tarif Şurasının 26 aprel 2013-ci il tarixli qərarı ilə tənzimlənir ki, burada şəhərlərarası sərnişindaşımanın qiyməti 1 km üçün 1.6 qəpikdir. Bu hesabla da Biləsuvardan Bakıya biletin qiyməti 2.91 qəpik (sığorta daxil olmaqla) edir”.