Tramp hansı iranlıya inansın?

Tramp hansı iranlıya inansın?

ABŞ-da yaşayan 35 tanınmış iranlı yeni seçilmiş prezident Donald Trampa məktub ünvanlayıb.

Məktubda Trampdan dünya ölkələri ilə Tehran arasında imzalanmış nüvə sazişini qoruyub saxlamaq, İranla münasibətlərdə sanksiyalardan yox, diplomatiyadan istifadə etmək xahiş olunub.

Məktubda sazişdən imtina edilməsi ilə ABŞ və İran arasında yenidən müharibə təhlükəsi yarana biləcəyi qeyd olunub.

Nüvə sazişini saxlamaq üçün müraciət etmiş iranlılar arasında yazıçı-tarixçi Ervand Abrahamiyan, sosioloq Asəf Bayat, rəssam Şirin Neşat və bestseller yazıçısı Firuzə Dumas var.

Lakin bu məktubdan əvvəl başqa 30 iranlı da Trampa müraciət edibmiş. Həmin iranlılar Trampı Tehrana münasibətdə sərt siyasət yürütməyə və İranda hakimiyyətin devrilməsi məqsədilə yeni sanksiyaların tətbiqinə çağırıblar.

Məktubda saziş "fəlakət” adlandırılır və İran İŞİD-lə müqayisə edilir. Məktub müəllifləri İŞİD və Tehran rejiminin bir medalın iki tərəfi olduğunu iddia ediblər.

Trampı Tehrana münasibətdə sərt mövqe sərgiləməyə çağıran məktubu imzalayanların arasında keçniş siyasi məhbus, İran hakimiyyətinə qarşı 1999-cı il tələbə üsyanının lideri Əhməd Batebi və "Kiosk” qrupunun solisti Ərəş Sübhani var.

Xatırladaq ki, Tramp seçki kampaniyasında İranla bağlanan sazişi "ən pis sövdələşmə” adlandırıb və deyib ki, bu sənədi ləğv etmək onun prezident kimi görəcəyi "ilk iş” olacaq.