Venesuelada “Parlament inqilabı” – Maduro gedir?

Venesuelada “Parlament inqilabı” – Maduro gedir?

Venesuela parlamenti Prezident Nikolas Maduronun səlahiyyətlərini icra edə bilmədiyinə görə istefaya getməsi haqda qərar qəbul edib.

Vizual.Az xəbər verir ki, qərarın lehinə 106 deputat səs verib.

Hökumətyönlü deputatlar isə səsvermədən əvvəl zalı tərk ediblər.

Parlamentarilər ölkə konstitusiyasının 233-cü maddəsinə uyğun olaraq hərəkət ediblər. Maddəyə əsasən, prezident səlahiyyətlərini icra etmədiyi təqdirdə yeni seçkilərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, qəbul edilən qərar faktiki olaraq hüquqi gücə malik deyil. Venesuela qanunvericiliyində prezidentin parlament tərəfindən impiçment edilməsi nəzərdə tutulmayıb.

Bu arada Venesuela Ali Məhkəməsi parlamentin Prezident Nikolas Maduro barəsində istefa qərarını qeyri-konstitusion sayıb.

Ali Məhkəmə parlamentdə Nikolas Maduronun istefasına dair keçirilən səsvermənin qanunsuz olduğuna dair qərar çıxarıb.

"Ali Məhkəmə bir daha xatırladır ki, qanunverici orqanın ölkə Konstitusiyasının çərçivəsindən kənara çıxan qərarlar qəbul etməyə səlahiyyəti yoxdur”, - məlumatda vurğulanıb.

Ötən ilin oktyabrında beynəlxalq vasitəçilərin iştirakı ilə Venesuela hökuməti və müxalifətin çoxluq təşkil etdiyi parlament arasında danışıqlar başlayıb. Noyabrın 11-12-də keçirilən danışıqlarda bir sıra razılıq əldə olunsa da, müxalifət dekabrın 6-a nəzərdə tutulan görüşdən imtina edib.

Qeyd edək ki, Prezident Nikolas Maduronun səlahiyyət müddəti 2019-cu ildə başa çatır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.