Yeni bahalaşma dalğası olacaq

Yeni bahalaşma dalğası olacaq

Manatın dollar qarşısında dəyərdən düşməsi ilə yeni bahalaşma dalğasını gözləmək olar. Çünki Azərbaycan həm idxaldan ciddi asılıdır, həm də yerli istehsal sayılan əksər məhsulların da xammalı xaricdən gətirilir. Məsələn, çay və şəkər ölkədə istehsal olunur, amma xammal xaricdən gətirilir.

Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı üçün gübrə, texnika, dərmanlar, əsasən, idxal edilir. Bu da onların istehsal xərcinə təsir göstərir. Bir sözlə, yerli məhsulun yox səviyyədə olması idxalı şərtləndirir. Valyutanın bahalaşması ölkəyə gətirilən məhsulların qiymətini artırır. Və onların hətta dollar ifadəsində qiymətləri dəyişməsə belə, manat ifadəsində artır və nəticədə idxal inflyasiyası yaranır.

Yada salaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) son valyuta hərracında dollar rekord həddə bahalaşdı.

PREZİDENTİN İNFLYASİYA HƏDƏFİ

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına həsr olunan iclasında 2017-ci ildə makroiqtisadi sabitliyə təminatın və təkrəqəmli inflyasiyanın vacibliyini vurğulayıb.

Əsas işi qiymətlərin sabitliyini təmin etmək olan AMB isə bu ilə konkret inflyasiya hədəfini açıqlamayıb. Azərbaycanın baş bankı «2016-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı»nda da inflyasiya proqnozunu bildirməyib. Ancaq qeyd olunan səbəblərdən prezidentin birrəqəmli inflyasiya hədəfinin reallaşmasına ümid yoxdur.

İDXAL OLUNAN MƏHSULLAR BAHALAŞIB, İXRAC UCUZLAŞIB

Dövlət Statistika Komitəsinin (DSK-nin) məlumatına görə, 2016-cı ilin noyabrında idxal olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 2.4 faiz, MDB ölkələrindən idxal olunan məhsulların qiymətləri 2.7 faiz, digər ölkələrdən idxal olunan məhsulların qiymətləri 2.3 faiz qalxıb.

Noyabrdan bəri manatın dəyər itirdiyini nəzərə alsaq, idxal məhsullarının bahalaşmaqda davam edəcəyini demək olar.

İxrac məhsulları isə, əksinə, ucuzlaşıb. 2016-cı ilin noyabrında ixrac olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 5.9 faiz, digər ölkələrə ixrac olunan məhsulların qiymətləri 7.4 faiz düşüb. MDB ölkələrinə ixrac olunan məhsullar isə 3.7 faiz bahalaşıb. Azərbaycanın xarici ticarətində MDB ölkələrinin payı cəmi 12.5 faizdir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.